Dünən yenə NİDA-çıların məhkəməsinə getmişdim. Bu prosesə mənim marağım təkcə orda 8 gənc dostumun günahsız mühakimə edilməsi üzündən deyil. İttihamın tamam yalançı ifadələr, saxtakarlıq, müstəntiq fantaziyası və siyasi sifariş üzərində qurulması da maraq doğurmur. Belə baxanda hazırda Azərbaycanda hansı məhkəmə prosesi belə keçirilmir ki? 20 ildir hamısı belədir. 20 ildir hakimlər bazar alverçisi, makler rolu oynayırlar və bizim məhkəmələrdə ədalətin “ə” hərfi də görünməyibdir. Bəs, klassikimizin məşhur sözü olmasın, bizdə “Məşədi İbada” maraq yaradan nədir?
Bircə səbəb var: bu məhkəmə prosesi Azərbaycanın ən parlaq, ən ziyalı, dərin düşüncəli gəncliyi, gələcəyi üzərində qurulan prosesdir. O zalda qəfəsin içərisinə salınan, hətta qatı cinayətkar imiş kimi (əslində rejimin gözündə onlar ən qatı cinayətkardır, çünki haqsızlığa etiraz ediblər) tualetə də qandalda aparılan həmin 8 gəncin intellekti bütün ədliyyə sisteminin intellektindən çox olar.
Onlar proses zamanı bəzən vəkilləri qabaqlayıb hakimi və prokuroru susduran replikalar verirlər. Çünki ali təhsilli hüquqşünaslardır.
Onlar Azərbaycan gəncliyinin xarakter etibarıyla bütün spektrini əhatə edirlər. Rəşadət Axundov ağsaqqal, müdrikdir. Rəşad Həsənov intellektual, yeriyən beyin mərkəzi kimi bir adamdır. Zaur Qurbanlı faşistləri ittiham edən Nürnberq hərbi prokuroruna oxşayır. Üzeyir Məmmədli bir az dəli-dolu, emosional meydan qəhrəmanıdır. Bəxtiyar Quliyev və Məmməd Əzizov güclü ironiyası, yumoru olan gənclərdir. İlkin Rüstəmzadəni də yəqin tanıyırsınız – sosial şəbəkələrin lideri. Şahin Novruzlu ən gənc məhbusdur orda – tutulanda 17 yaşı vardı. Təsəvvür edin, rejim orta məktəbi yenicə bitirmiş yeniyetmədən də qorxur.
Eyni zamanda, bu gənclər Azərbaycanı regional olaraq da təmsil edirlər. Rəşad Lənkəranda, Rəşadət Beyləqanda, Zaur və Məmməd Şəkidə, Üzeyir Bərdədə, Bəxtiyar Bakıda doğulub. Əslində onları yaxşı tanıyıram, bilirəm regionçu deyillər, bunu da yalnız ona görə yazdım ki, mənzərə aydın olsun. Mənzərə isə belədir: bu iqtidarı ölkənin heç bir regionunda sevmirlər.
Hələ siz onları salonda görəsiniz… Bizə – bayırdakılara ürək-dirək verirlər. Üstəlik, bunu tam səmimi edirlər və görürsən ki, onların nədənsə qorxusu yoxdur. Bütün proses boyunca hakimə, prokurora və onların arxasındakı rejimə gülürlər.
Uzun sözün qısası, rejimin bu gənclərə basqısı, repressiyası qartımış bir sistemin yeni pöhrələrə, demokratiya cücərtilərinə nifrətinin göstəricisidir. Onların cəmiyyətdən təcridinin səbəbi yalnız budur – bu cücərtilər artmasın, yayılmasın, ölkəyə yeni hava gəlməsin.
Sonda prosesdən bəzi qeydlərimi çatdırım.
Vəkillərdən biri: “Mənim vəsatətim var”. Hakim: “Mən onu təmin etməliyəm?”
İlkin Rüstəmzadə və Bəxtiyar Quliyevə xuliqanlıq maddəsi də yamanıb. Guya bulvarda heykələ qarşı zor tətbiq ediblər. Vəkillər tələb etdilər ki, zərərçəkən – heykəl məhkəməyə gəlib ifadə versin.
Ümumiyyətlə, məhkəmədəki bu “heykələ zorakılıq” epizodu satirik yazıçıların menyüsü üçün əsl göydəndüşmə bir hissədir. Fantastik dərəcədə idiot bir ittihamdır və prokurorluqdan heç bir qanacaq ummasam da bunu hətta onlar üçün də biabırçılıq sayıram. Hansı ağılla bu ittihamı cinayət işinə salıblar – məlum deyil. Hakimin Quliyevə “Bəxtiyar, şousuz danış” xitabı da absurd idi, çünki “Heykələ qarşı ”Harlem Şeyk” rəqsi edib və bunu çəkib internetə qoymaqda” suçlanan adam necə şousuz ifadə verə bilər?
Bəxtiyar Quliyev ifadə verməkdən imtina edəndə hakimin onu zorla ifadə verməyə məcbur etməsi vəkillərin haqlı etirazına səbəb oldu. Sonra hakim yenə zorla Quliyevin istintaqa ifadəsini oxudu. Hakim prokurordan soruşdu ki, müttəhimə sualı varmı. Prokurorun cavabı tragikomediya idi: “Əgər cavab verəcəksə sual verim”.