Sabah Vilnüsdə Azərbaycanın da taleyinə təsirsiz ötüşməyəcək zirvə toplantısı işinə başlayacaq. Avropa Birliyinin (AB) növbəti genişlənmə sammitində postsovet ölkələrindən ən azı ikisinin – Gürcüstan və Moldovanın quruma assosiativ üzvlük sazişini imzalayacağı gözlənilir.
Ukrayna sənədə qoşulmağı təxirə salsa da, ondan imtina da eləməyib. Yəni əsas sual açıq qalır. Azərbaycan isə yəqin ki, qərarını rəsmi Kiyevlə uzlaşdıracaq. Prezident İlham Əliyevin sammit ərəfəsində Ukrayna etdiyi səfər böyük ehtimalla ən əvvəl bu məsələ ilə bağlı “saat əqrəblərini tutuşdurmağa” və sinxron hərəkət etməyə hesablanmışdı.
Vilnüs zirvəsi bir neçə aspektdən mühüm geosiyasi əhəmiyyət daşıyır. Əvvəla, Ukrayna ilə Azərbaycan Rusiyanın patronajlıq etdiyi MDB-də iqtisadi-siyasi çəkiləri böyük olan açar dövlətlərdir və onların üzünü Qərbə, demokratik dünyanın əsas siyasi-iqtisadi strukturu olan AB-yə (ardınca hərbi struktur NATO-ya) tutması nəinki MDB-nin, bütövlükdə Gömrük İttifaqı və Avropa Birliyinin perspektivini, SSRİ-ni hansısa qiyafədə bərpa eləmək ümidlərini basdıracaq.
Paralel surətdə təbii ki, Amerikanın projesi sayılan və dörd keçmiş sovet respublikasını – Gürcüstan, Ukrayna, Azərbaycan, Moldovanı birləşdirən GUAM blokunun önəmi birə-beş artırmış olacaq. Artıq blokun iki üzvü – Gürcüstan və Moldova tarixi sənədi imzalayıb Rusiyanın siyasi-hərbi təsir zonasından tam üzülüşməyin bir addımlığındadırlar. Bunun üzərinə Ukraynanın da Avrointeqrasiya qərarını gəlsək, şimal qonşumuzun halının necə olacağını təsəvvür eləmək olar.
Bu üzdən heç bir strateji əhəmiyyət daşımayan cırtdan Ermənistanın Gömrük İttifaqına qoşulması Kremldən ötrü böyük hadisə olmadı, ola bilməzdi. Avrasiya Birliyi ideyasının yaşayıb-yaşamayacağı İrəvanda, Minskdə deyil, Kiyevdə və Bakıda həll olunur. Odur ki, Ukrayna rəsmilərinin sənədin imzalanacağı təqdirdə AB-dən Kremlin iqtisadi və başqa sanksiyaları, habelə daxili təxribatlarına qarşı maliyyə-siyasi zəmanət istəməsi məntiqlidir. Kiyev artıq öz şərtlərini açıqlayıb. Onların sayı əsasən ikidir və heç də reallaşması mümkün olmayan deyil.
Analoji zəmanət əlbəttə ki, Qərbin enerji maraqlarının təmin edilməsində mühüm rola malik Azərbaycana vəd edilməlidir. Həm də daha sanballı. Çünki Rusiya kimi yırtıcı bir dövlət Azərbaycana qarşı Qarabağ hesabına olduqca təhlükəli təzyiq rıçaqına da malikdir.
Söz düşmüşkən, Ermənistanın Gömrük İttifaqına girmək qərarının ardınca Azərbaycan AB-nin assosiativ sazişinə qoşulması Qarabağ məsələsi ətrafında xeyrimizə yeni və əlverişli situasiya yarada bilər. Yaddan çıxarmayaq ki, bu qəbildən olan münaqişələrin həllində son və qəti söz həmişə Qərbə, ABŞ-a, onların dominantlıq etdiyi beynəlxalq təşkilatlara məxsus olub.
Kosovo konfliktinin yekununu, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaq məsələsində Rusiyanın faktiki, tək qalmasını xatırlayın. İran kimi oturuşmuş və güclü bir dövləti sırf iqtisadi-maliyyə sanksiyaları ilə sındırıb üzüyola edən Qərbin yanında olmaq, onunla ortaq (ümumbəşəri) dəyərləri və maraqları bölüşmək hər şey qırağa, Qarabağı, itirilmiş digər torpaqlarımızın Azərbaycan tərkibinə qaytarılmasını sürətləndirərdi.
Lakin Azərbaycanın minimum itkilərlə AB-yə qoşulması heç şübhə yox ki, həm də ölkə daxilində milli və vətəndaş barışın reallaşmasından, iqtidar-müxalifət, iqtidar-media, iqtidar-QHT münasibətlərinin vaxt itirmədən normal məcraya salınmasından, o sırada hər cür siyasi təqiblərə son qoyulmasından asılıdır.
Bu xüsusda prezident İlham Əliyevin redaktorlarla son görüşü zamanı müxalifətə, cəmiyyətə ünvanladığı pozitiv mesajlar, belə demək mümkünsə, konturlarını cızdığı açılım anonsu nikbinlik yaradır. Ümid edək ki, bunlar quru vəd olaraq qalmayacaq…
Azərbaycan Qarabağın da taleyinə izsiz ötüşməyəcək tarixi seçimin astanasındadır. Bu seçimin doğru-dürüstlüyü birinci növbədə siyasi hakimiyyətin daxilə hesablanmış ölçülü-biçili və islahatçı gedişlərindən asılı olacaq.