Zahid Səfəroğlu
Kölgə deklarasiyası
İşdən çıxarılan, daha doğrusu, vurulan, – Azərbaycan gerçəkliyində vəzifədən öz xoşu ilə getmək söhbəti artıq çoxdan yoxdur, – yüksək çinli məmurların sonrakı taleyini toplum da yəqin ki, həssaslıqla izləyir. Aydın məsələdir ki, vurulmanın davamında eks-məmurun zəruri həddədək müflisləşdirilib hakimiyyət üçün zərərsiz hala gətirilməsi kimi çox “strateji” bir mərhələ gəlir ki, bunun da xalqa zərrəcə isti-soyuqluğu yoxdur. Niyə görə?
Ona görə ki, prosesdə çirkli pulların, qanunsuz daşınmaz və daşınan əmlakların sadəcə, yiyəsi, ünvanı dəyişəcək və dəlmə-deşik büdcəmiz bundan növbəti dəfə qara qəpik də qazanmayacaq. Bura Gürcüstan deyil təbii ki, o üzdən möcüzə-filan ola bilməz.
Hazırda daha bir anormal və klassik vurulma prosesi keçmiş müdafiə naziri Səfər Əbiyev ətrafında cərəyan eləməkdədir. Artıq təzə vəzifə quşu başına qonmayacaq Əbiyevə məxsus bəzi tikililərin söküntüsünə başlanıb və de-sahibləşmə şübhəsiz ki, getdikcə daha geniş miqyas alacaq.
Məlumatlara görə, belə bir cəza-mesajın arxasında sabiq nazirin özünə məxsus mal varlığını zamanında gizlətməsi, başqa sözlə, gizli deklarasiyada “hər şeyi” doğru-dürüst göstərməməsi dayanır. Bununla əlbəttə ki, “qızım, sənə deyirəm, gəlinim də eşitsin” prinsipi ilə vəzifədəki digər odioz və “ərköyün” məmurlara da yerləri göstərilir.
Gizli deklarasiya (bəyannamə), gizli “ortaq kassa”, kölgə iqtisadiyyatı, paralel büdcə… Bu anlayışlarla yaxşı tanış olanlara bəllidir ki, avtoritar Azərbaycanda məlum zümrə həm də dövlət içində bir dövlət qurmaqla ölkəni idarə edir. Sadalan anlayışlar da məhz gizli dövlətə xas atributlardır.
Baxın, ölkədə 8 ildən çoxdur (2005) gəlir bəyannaməsinin təqdim edilməsini vacib sayan qanun qüvvədədir. Di gəl, işləmir. Hər il ən aşağılardan tutmuş ən yuxarıyadək məmur aparatı, rəsmilər həmin qanuna o dərəcədə arxayınlıqla tüpürür ki, sanasan həmin qanunun bircə elə onlara dəxli yoxdur.
Ona görə ki, məmur ordusunu gəlir bəyannaməsi verməyə məcbur etməli olan ünvan bunda maraqlı deyil, çünki özü də illik deklarasiya təqdim etməyə borcludur. Halbuki, ABŞ kimi superdövlətdə prezidentdən tutmuş sıravi vətəndaşlaradək hamı gəlir hesabatı verməyi özünün vətəndaş borcu sayır və bundan imtinanı ağla belə gətirmir. Amerikalılarda bu xüsusda hətta sərt bir deyim var ki, “Ölümdən və vergi hesabatından qaçmaq olmaz”.
Bizdə isə ölümdən olmasa da, vergi bəyannaməsindən hələ ki, qəşəngcə qaçır, üstündən su da içirlər. Nədəni deyildi: ölkə gizli deklarasiyalarla, kölgə hesabatları ilə idarə olunur. Azərbaycanda xalqa rəsmi gəlir bəyannaməsi təqdim etməmək olar, amma hünəri var hansısa məmur, bərkgedən oliqarx-nazir özündən yuxarıdakına mal varlığı haqda vaxtaşırı “bəyannamə” verməsin və bu yola ümumi “qazan”dan nəsə oğurlamağa cəhd eləsin. Evini yıxarlar…
Xalqa isə hesabat verməmək olar. Son prezident seçkilərində gəlir bəyannaməsini təqdim edən, bunu mətbuatda açıqlayan yeganə namizəd kim idi – Milli Şuranın vahid namizədi Cəmil Həsənli. Bu, həm də o demək idi ki, Cəmil müəllim ölkə sükanı arxasında olsaydı da eyni qaydada özünün, ailəsinin gəlir-çıxarı haqda ictimaiyyətə dolğun hesabatlar verəcək, idarəçiliyi şəffaf olacaq, ən başlıcası, qanunlara, konstitusiyaya, xalqa qarşı hörmətlə davranacaqdı.
İndi sual çıxır, görəsən, demokratik ölkələrdə xalqdan öz gəlirlərini, mal-mülkünü gizli saxlayan şəxs prezidentliyə demirik, heç olmasa deputatlığa namizəd ola bilər(di)mi?
Azərbaycanla demokratik ölkələr arasında əsas fərq bax, qoyulan son suala cavabın içindədir.