Bizim toplum olaraq əsas problemimiz çevik təşkilatlana bilməməyimizdən qaynaqlanır yazsaq, yəqin ki, yanlışa yozulmaz. Şablon desək, məhz təşkilatlanıb hamılıqla çəkici eyni zindana vurmamağımızdandır ki, 200 ildir 50 milyonluq bir xalq parçalanmış durumdadır, o tayda da, guya müstəqil olan bu tayda da hüquqsuz vəziyyətdədir, yenə eyni səbəbə 20 ildir Quzey Azərbaycan öz ərazi bütövlüyünü təmin edə bilməyib.
Məhz təşkilatlanmanın, ciddi bir koordinasiyaedici vahid təşkilatın yoxluğundandır ki, bütün dünyaya səpələnmiş milyonlarla soydaşımız on illərlə yaşadıqları ölkənin ictimai-siyasi həyatında önəmli rola yiyələnə bilmirlər. Biri elə Rusiya. Qeyri-rəsmi məlumata görə, iki milyona yaxın vətəndaşımız yaşayır orda. Rusiya vətəndaşlığı almış yüz minlərlə soydaşımızı da bura əlavə etsək, qat-qat böyük rəqəm alınar təbii ki.
O da bəllidir ki, Rusiyada azərbaycanlılar ermənilərdən çoxdur. Di gəl, Rusiyanın nəinki hakimiyyət qollarında – ali icraedici, qanunverici və məhkəmə sistemində, heç məmur aparatında, elm sahəsində, yazılı və elektron KİV-lərində təmsil olunan ermənilərin sayı bizimkilərdən dəfələrlə çoxdur. Özü də sovet dövründə də belə olub.
Bəs səbəb? Səbəb həmənkidir – ağıllı şəkildə, qlobal imperativləri nəzərə alıb da təşkilatlanma bacarığımızın zəifliyi, “məndən ötdü” düşüncəsinin şüurlarımıza hər yerdə hakim kəsilməsi. Nəticə ortadadır: bu boyda diasporumuz, bu boyda paralarımız, ermənidən çox milyarderlərimiz ola-ola, Rusiya kimi strateji, Qarabağ məsələsində mühüm söz sahibi olan vasitəçi ölkənin daxili-xarici siyasətinə təsir rıçağına malik deyilik, Dövlət Dumasında bircə deputatla da təmsil olunmamışıq, şimal qonşumuzun parlamentində düzə-əməlli lobbimiz belə yoxdur.
Orxan Zeynalov olayı bəhs elədiyimiz açı gerçəyi, böyük qüsurumuzu çılpaqlığı ilə ortaya qoydu – halbuki hər şey qırağa, Rusiyadakı nüfuzlu azərbaycanlı oliqarx və milyarderlər məsələdə anındaca önəmli rol oynaya, Azərbaycan xalqının aşağılanmasına, dünyada haqımızda vəhşi obrazının yaradılmasına yönəlik məkrli təbliğata, siyasətə ciddi təpki göstərə bilərdilər. Yaxud dumada ermənilər kimi deputatımız, lobbiçilərimiz olsaydı, insanlarımız orada belə sahibsiz vəziyyətə düşərdilərmi? Çətin. Çünki məsələ həm də Azərbaycan mövqeyindən ictimailəşərdi.
Əfsus ki, səfir Polad Bülbüloğlu istisna olmaqla, tanınmışlardan kimsənin səsi çıxmadı, ürəyi yanmadı, tükü tərpənmədi. Hətta elələri oldu azərbaycanlı ola-ola şəxsi maraqlarına xatir yaxasını kənara çəkdi. Guya baş verənlərin onlara ümumiyyətlə, dəxli yoxdur. Hələ harasıdır, əməkdaşımız Aygün Muradxanlının Moskvadan hazırlandığı silsilə reportajlardan məlum oldu ki, işi qəlizləşdirənlərin içində “özümüzünkülərin” barmağı da var.
Qərəz, bir daha klassik qənaət hasil olur ki, məsələ sayda yox, keyfiyyətdədir. Bu xüsusda gedib Rusiyada pul üçün azərbaycanlı iş adamlarını, azərbaycanlı imkanlı şəxsləri oğurlayan, öldürən, güllələyən azərbaycanlıların bizə genetik bağlılıqdan savayı nə aidiyyəti ola bilər? Söz düşmüşkən, elə bu günlərdə Moskvada Azərbaycan vətəndaşı olan sahibkarın oğurlanmasında şübhəli bilinən 3 azərbaycanlı saxlanılıb. Sahibkarı güc tətbiq edərək tapança ilə hədələyən cinayətkarlar onu meşə parkına aparıblar və orada sağ qalması üçün 3 milyon rubl (100 min dollar) tələb edibmişlər.
Əgər Orxan Zeynalov olayı fonunda da belə əcaib, millətin başını aşağı edən hadisələr yaşanmaqda davam edirsə, demək, səbəb yuxarıdakıdır da – millət kimi formalaşmamağımız, millət kimi təşkilatlanmamağımız, “məndən ötdü” düşüncəsi. Məndən, səndən ötdümü əcəba?..
***
Ancaq elə çıxmasın ki, evin – Azərbaycanın içi çölündən yaxşıdır. Kök bişəkk, burada – Azərbaycandadır. Ondan kənardakı problemlərimiz isə sadəcə, kökün uzantılarıdır. Öz ölkəsində 20 ildir haqsızlıqlara boyun əyən, seçki saxtakarlıqlarını müdrikcəsinə seyr edib də ədalətli bir hökumətin qurulmasına nail olmayan, buna yetərli müqavimət göstərməyən xalqın səsi dünyada bərk çıxmaz, nümayəndələri güvənli durumda olmaz.