Belə görünür, saxtalaşdırılmış son seçkilərin nəticələri hələ uzun müddət demokratik dünyanın gündəmindən düşməyəcək. ABŞ-ın “The Washington Post” qəzetinin veb saytının “2013-cü ilin ən böyük rüsvayçılıqları” sırasında 9 oktyabr seçkilərini ikinci yerə qoyması bunun xəbərçisi sayıla bilər.
Azərbaycan ətrafında seçkidən sonra maraqlı, eyni zamanda sürətlə dəyişməyə meylli olan situasiya formalaşmaqdadır. Yeni situasiyanın ən mühüm özəlliklərindən biri isə Qərb və Rusiyanın seçkilərin nəticələrinə, iqtidara münasibətdə tutduqları diametral zidd mövqe və kursdur.
Diqqət edək, Rusiya prezidenti Vladimir Putin MDB-nin Minsk sammitində İlham Əliyevi seçkilərdə “inamlı qələbə” münasibətilə təkrar təbrik edir, ona indiyədək qurumun reqlamentinə xas olmamış tərzdə jest edilir – Əliyevə gül-çiçək təqdim olunur, ardınca Putin Bakıdakı quruculuq işlərini MDB ölkələrinə nümunə göstərir, sammitdən cəmi iki gün qabaq isə Avroparlament seçkilərin qeyri-legitim olduğunu bəyan edən qətnamə çıxarır, bir gün sonra da nüfuzlu “The Washington Post” 9 oktyabr seçkilərini ilin böyük rəzalətləri sırasına salır; üstəlik, ABŞ prezident Obama İlham Əliyevi təbrik eləməyə tələsmir və s.
İndi kim, hansı güc mərkəzi səmimidir, sizcə. Əlbəttə ki, Qərb. İzah edək. Əvvəla, Putinin məhz Qərbin güclənən qınaqları fonunda Əliyevə etdiyi difirambalar, vurduğu “bəy tərifi” (əslində sabaha siyasi avansdır bu) konkret məqsədə – Azərbaycanı Gömrük İttifaqına, ardınca Avrasiya İttifaqına qoşmaq üçün şirnikləndirməyə yönəlib.
Kreml başçısı şübhəsiz, bununla anlatmaq istəyir ki, YAP rejiminin “dəyərini”, onun demokratiyaya “sadiqliyinin” qədrini yenə ən yaxşı elə MDB ölkələri, Rusiya bilə bilər və Azərbaycanın da yeri bu üzdən Avropa İttifaqının, Qərbin, NATO-nun yanı yox, MDB-dir, Gömrük İttifaqıdır, SSRİ-nin yeni formatı olacaq Avrasiya Birliyidir.
Ayrı sözlə desək, reallıqdan çox gözəl məlumatlı olan Putin sadəcə, Rusiyanın maraqlarına oynayır, nəinki guya iqtidarımıza canıyananlıq edir. Buna digər sanballı sübut kimi Rusiyada azərbaycanlılara qarşı məqsədli şəkildə aparılan diskriminasiya göstərilə bilər. Kremlin klassik qamçı və kökə siyasətidir ki, var.
İkinci o səbəbdən Qərb qat-qat səmimidir ki, demokratiya paytaxtları, mötəbər beynəlxalq təşkilatlar Rusiyadan fərqli olaraq hakimiyyəti ilk öncə Azərbaycan xalqının tərəqqisi naminə tənqid edir, Azərbaycan xalqı naminə təməl insan haqlarına riayət eləməməkdə suçlayır, tövsiyələr verir.
Bunun başqa bariz nümunəsi Avroparlamentin eyni gündə seçkilərlə yanaşı, Qarabağla bağlı da obyektiv qətnamə qəbul eləməsi, Ermənistanı artıq ikinci dəfə işğalçı kimi damğalamasıdır. Amma siz heç görmüsünüzmü ki, Rusiya Ermənistanı işğalçı adlandırsın və ya erməni işğalçı qüvvələrinin heç olmasa, Dağlıq Qarabağ ətrafındakı 1-2 rayondan qeyd-şərtsiz çıxmasını tələb eləsin? Olmayıb.
Üstəgəl, konfliktin ədalətli həllinə ən böyük maneəni də daim Rusiya yaradıb. 1999-cu il oktyabrın 27-də ATƏT-in İstanbul sammiti ərəfəsində, – toplantıda Qarabağa dair mühüm sənəd imzalanacaqdı, – Ermənistan parlamentinin gülləboran edilməsini yada salın…
Qısası belədir: kim düşünürsə ki, Azərbaycan guya Gömrük İttifaqına qoşulmaqla problemin ədalətli həllinə nail olacaq, o, regional siyasətin əlifbasını da bilmir. Ya da Rusiyanı yaxşı tanımır. Moskvanın ölkəmizə yönəlik reveranslarından bu mənada ehtiyatlanmaq lazımdır, nəinki sevinmək. “Əzrail-bala” məsələsi. Rusiya nəyi bacarmasa da, “balanı” almağın yolunu bilir.
Bir də əgər Kreml Qarabağ ixtilafını SSRİ tərkibində birgə olanda yoluna qoymaq istəməyibsə, MDB tərkibində də buna illərdir həvəs göstərmirsə, təzədən münaqişənin həllini bütünlüklə ona həvalə eləmək qayıdıb ikinci dəfə eyni yerdə palçığa batmaq demək olmazmı?
Azərbaycan xalqı gerçək inkişaf və tərəqqinin, real ərazi bütünlüyünün təminatının harda olduğunu nəhayət ki, fərq edib belə avantüralara qarşı durmağı, siyasi hakimiyyəti ən doğru seçimə vadar etməyi bacarmalıdır. Yoxsa qara 9 oktyabr zarafatının ən böyük zərbəsi milli maraqlarımıza dəyəcək. Proses başlayıb.