Möcüzə baş vermədi. Zatən, iqtidar namizədi “qırmızı xətt” (3-cü srok) baryerini aşandan sonra aydın idi ki, komandası da “qırmızı xətti” keçib 3-cü sroka gedəcək; yəni möcüzə-filan olmayacaq – yeni hökumət köhnənin əsasında təşəkkül tapacaq.
Veteran kabinet birinci şəxsin sərəncamı ilə öz işinə davam edəsi oldu. 1-2 kadr yerdəyişməsini, 1-2 nazirlikdə 1-2 səthi struktur dəyişikliyini ciddiyə almasaq, status-kvo, hamı, hər şey yerində qaldı. Hətta formallıq xətrinə komandaya kənardan bircəcik yeni “yad” kadr, cavan isim də calaq edilmədi.
Deməli, daxili və xarici siyasət oriyentirləri köklü dəyişikliyə uğramayacaq. O cümlədən sosial siyasət, iqtisadi azadlıqlarla bağlı kursun yumşalacağına bəslənən kövrək ümidlər çıxıb getdi işinin dalınca.
Beləliklə, iki gün öncə qarşıdakı 5 ildə də Azərbaycanda ali idarəçiliyin ənənəvi rüşvət-korrupsiya piramidasına əsaslanacağının açıq anonsu verildi cəmiyyətə. Yeni-köhnə komanda üzvlərinin personasına, bioqrafiyasına, iş stajına nəzər salanda ayrı bir qənaətə yer qalmamalıdır.
Kabinet üzvlərinin əksəriyyəti eks-prezident Heydər Əliyevin “yadigarlar”ı, pensiya yaşında olanlar, inzibati-amirlik üsulu ilə işləməyə vərdiş edib saç ağardanlar və bu göstəricilərlə artıq 4-cü sroka gedənlərdir. Elədirsə, hansısa islahatdan söz açmaq, ölkədə tüğyan edən total rüşvət və korrupsiyanın, məmur özbaşınalığının miqyasını azalacağını düşünmək absurd olardı.
Bu qvardiya öz füsunkar və bənzərsiz qabiliyyətini, nəyə qadir olduğunu 20 il ərzində mükəmməl şəkildə, bütün incəliklərədək ortaya qoyub. Toplumda onunla ilgili heç bir sual qalmayıb. Görünən kəndə nə bələdçi?
Veteranlar qvardiyası “islahatçılar” üzərində növbəti triumfunu əldə eləmiş sayıla bilər. Ancaq nəzərə alsaq ki, qarşıdakı illərdə Azərbaycanda neft istehsalı və ixracı sürətlə azalmağa başlayacaq, bu üzdən gəlir hissəsinin 70 faizi neftin hesabına formalaşan büdcənin problemləri qat-qat qabarıq özünü göstərəcək, klassik hökumət isə ölkəni və xalqı bu problemlərdən çıxarmağa qadir deyil, o zaman xalqın sosial-iqtisadi durumunu təsəvvürə gətirmək olar.
Kəsəsi, kəmərlərinizi bir az da sıxmağa hazırlaşın…
O ki qaldı kadr dəyişikliyinə, pardon, yerdəyişməsinə, təhsil naziri Mikayıl Cabbarovun timsalında növbəti dəfə bir həqiqət öz təsdiqini tapmış oldu ki, Azərbaycanda mövcud idarəçilik mexanizmi durduqca məmurların, nazirlərin, baş nazirlərin yaşlı və ya sütül, bacarıqlı və ya bacarıqsız olmasının qara qəpiklik dəyəri olmayacaq.
Bu mənada yeni-köhnə hökumətin orta yaşı 67.5 deyil, qonşu Gürcüstandakı kimi 32-35 olsaydı da, hətta kabinet sırf Qərb təhsillilərdən qurulsaydı da, mahiyyət zərrəcə dəyişməzdi. Sistemin liberallaşması gözlənilmirsə, əksinə, sərtləşməyə kurs götürülübsə (çap mediası ətrafında cərəyan edən son proseslər bunun xəbərçisidir), kimin hakim sistemin harasında olmasının əhəmiyyəti qalmır. Sistemin adı isə prezidentin adı dəyişsə də 20 ildir dəyişməz qalır – YAP tokratiya.
Tərsinə, qorx ki, yeni gələn kadrlar köhnəyə “rəhmət” oxutdursunlar. Misal üçün, təzə müdafiə naziri Zakir Həsənov xalqın yaddaşında Daxili Qoşunların (DQ) komandanı qismində ən çox 2003 və 2005-ci illərdə Bakıda dinc nümayişçilərə divan tutulması, uşaqlı-qadınlı etirazçıların üstünə sümükqıran itləri göndərməsi ilə qalıb.
Cənab Həsənovun korrupsiyanın, dedovşinanın, qeyri-döyüş şəraitində əsgər itkilərinin baş alıb getdiyi silahlı qüvvələrimizdə necə qayda yaradacağını görmək maraqlı olacaq. Orduda yaxşı mənada inqilabi dəyişikliklər edə biləcəkmi sabiq DQ komandanı? Cızığından çıxmış, əsgərlərlə qul kimi rəftar edən, onları öz bağ evində, biznes obyektində havayı işlədən erməni xislətli komandirlərin, generalların cilovunu yığa biləcəkmi? Şəxsən mən inanmıram. Niyə?
Ona görə. Balıq-quyruq məsələsi…