
Azərbaycanda liftlər potensial təhlükə mənbəyi olaraq qalır
Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsinin sakini Lətafət Musayeva 9-cu mərtəbədə yaşayır. İki uşaqla hər gün yaşadığı xarab lifti olan binanın 9-cu mərtəbəsindən aşağı gündə azı 6 dəfə enib-qalxır. Tez-tez xarab olan lifti düzəltmək üçün pul yığıldığını deyən L. Musayevanın sözlərinə görə, onlarla heç kim maraqlanmır: “Pul yığılır, düzəltmə prosesi bir neçə gün çəkir, lakin elə düzəldilməyini görürük ki, yenə xarab olur. Gəlib bunu bağlasaydılar, bilərdik ki, yoxdur.”
Bu vəziyyət yəqin ki, lifti olan köhnə binaların sakinlərinə yaxşı tanışdır. Sakinlər müvafiq orqanlar tərəfindən lazımi nəzarət olunmamasından narazıdırlar. Ötən 3 il ərzində ölkə Prezidentinin Ehtiyat Fondundan lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 7 milyon manat ayrılıb. Lakin ölkədə istismar müddəti bitən liftlər potensial təhlükə mənbəyi olaraq qalır.
Bu yaxınlarda liftdə təmir zamanı 1972-ci il təvəllüdlü Elçin Vələd oğlu Əliyev liftin şaxtasına düşərək dünyasını dəyişib. Onunla birgə olan 1986-cı il təvəllüdlü Aslan Ziyad oğlu İslamov isə ağır yaralanıb. Bir neçə ay əvvəl Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayan 13 yaşlı Orxan Rüstəmov, Xətai rayonu ərazisində 16 mərtəbəli binada yaşayan 51 yaşlı polkovnik-leytenant Məhərrəm İzzətov lift şaxtasına düşərək həyatını itirmişdi.
Ekspertlər hesab edirlər ki, lift xarab olursa, o, ən yaxşı halda yarım metr sürüşüb dayanmalıdır. Bizdə isə liftlər şaxtaya düşür. Əslində, lift şaxtaya düşməməlidir. Normal liftlər yüklənəndə sadəcə olaraq işləməməlidir.
Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin “Lift-Təmir” İstehsalat Birliyinin texniki şöbəsinin rəisi Mehdi Hüseynov mətbuata müsahibəsində birliyin 5219 liftə texniki xidmət göstərdiyini bildirib. M.Hüseynov sovet dövründə tikilən kooperativ binalara və yeni tikililərdəki liftlərə nəzarət etmədiklərini deyib.
Onun sözlərinə görə, hazırda Bakıdakı liftlərə “Lift-Təmir” İB ilə yanaşı, Mənzil İstismar idarələri və Fövqəladə Hallar Nazirliyinin xüsusi agentliyi nəzarət edir. 5219 liftin təxminən 50-60 faizinin 25 illik istismar müddətini başa vurduğunu deyən şöbə rəisi bildirdi ki, həmin liftlərin hamısı işlək vəziyyətdədir: “Çünki onların texniki istismar qaydalarına riayət olunur. Yeni proqram əsasında liftlər hissə-hissə dəyişdirilir. Liftlərin texniki təhlükəsizliyi üzrə istismarına nəzarəti təkcə biz gerçəkləşdirmirik. Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin tərkibindəki müfəttişlik ildə bir dəfə respublika ərazisindəki bütün liftləri baxışdan keçirir. Bu zaman istismara yararsız liftlər dayandırılır. Ehtiyac olduğu təqdirdə, dəyişdirilir və yaxud hər hansı avadanlıqları təmir olunur”.
M.Hüseynovun sözlərinə görə, 2013-cü ilin yanvarına qədər Bakıda ümumilikdə sovet dövründən qalma 400-ə yaxın lift dəyişdirilib: “Bu il ərzində isə 139 lift dəyişdirilib, 135-i dəyişdirilmək üzrədir. Bu ilin avqustun sonlarına qədər 274 lift quraşdırmağı planlaşdırmışıq”.
Kommunal təsərrüfat üzrə ekspert Qadir İbrahimlinin ANS PRESS-ə verdiyi məlumata görə, liftlər müəyyən müddətdən bir dəyişdirilməli, əvəzlənməli olsa da Sovetlər İttifaqı dağılandan sonra bu bir qədər arxa plana keçib. Bunun özünün də obyektiv səbəbləri olduğunu deyən ekspertin sözlərinə görə, bir müddət Azərbaycan müharibə şəraitində olduğuna görə, dövlətin bu tipli layihələrə pul ayırmağa imkanı yox idi: “ 2006-cı ildən sonra dövlət büdcəsindən liftlərin yeniləşməsi üçün vəsaitlər ayrılır. Problem də ondadır ki, bu liftlərin çoxu öz istismar müddətini başa vurub, ona görə də onlar yenisi ilə əvəz olunmalıdır. Həmin mənzillər də özəlləşdirildiyindən liftlər də özəl mülkiyyətə keçib və bu lifti kim dəyişməlidir məsələsi uzun müddət açıq qalıb. Lakin hələ ki, texniki xidmətləri liftlərə nəzarəti Bakı Şəhər Icra Hakimiyyəti həyata keçirir.”
2006-cı ildən vəsaitlər ayrılsa da, ekspert bildirdi ki, həmin vəsaitlərin şəffat işlənməsi ilə bağlı dəqiq məlumat yoxdur. Bu liftlər dəyişdirilirmi, necə dəyişdirilir, hansı kriteriyalarla dəyişdirilir, bu məsələ açıq qalır.
Ekspert hesab edir ki, əsas problem ondan ibarətdir ki, qəzalar liftlərin istismar müddəti çoxdan bitdiyinə görə baş verir.
Bəs liftdəki ölüm hadisələrinə görə kim məsuliyyət daşıyır?
Qadir İbrahimli hesab edir ki, liftdəki ölüm hadisələrinə görə Bakı Şəhər İcra Hakimiyyəti məsuliyyət daşıyır. Çünki mənzillər özəlləşdirilsə də, orada tezniki xidmət məsələsi meriyanın üzərindədir.
Problemi həll etmək üçün faktiki olaraq əməli işə keçmək lazım olduğunu bildirən ekspertin sözlərinə görə, bunun üçün maddi dəstək də var: “Sadəcə olaraq əməli fəaliyyətə keçmək lazımdır. Müəyyən edilməlidir ki, Bakı şəhərində nə qədər liftin təmirinə ehtiyac var, nə qədərinin yenilənməsinə ehtiyac var. Bu işlə bağlı konkret addımlar atmalıdır. Dövlət öz üzərinə düşəni edib, pul ayırıb, icraçı qurum bəllidir, qalır bu işi həyata keçirmək”.
Ekspert hesab edir ki, bu tip xidmətlər bütün dünyada meriyanın səlahiyyətlərinə daxildir. Ona görə də liftlərə nəzarət bu qurumda qalsa yaxşıdır. Lakin onlardan işlərinə məsuliyyət tələb olunmalıdır ki, bu işlər niyə vaxtında və yerində görülmür.
Mənzil-kommunal təsərrüfat birliyinin nəzdində “Lift-təmir” İstehsalat Birliyinin əməkdaşı Hafiz Ağazadənin ANS PRESS-ə bildirdiyinə görə, onların tabeçiliklərində olan liftlərə vaxtı-vaxtında texniki baxış keçirilir: “Gündəlik baxılır. Nəzarət olmalıdır. Birliyin tərkibində olan “Baklift 1”, “Baklift 2”, “Baklift 3” var ki, nəzarəti bu qurumlar həyata keçirilər. Onlar öz ərazilərində olan liftlərə nəzarət edirlər.”
Araşdırmamız göstərir ki, əhali sovet dövründən qalma doqquzmərtəbəli binalardakı liftlərlə müqayisədə yeni tikilmiş göydələnlərdəki liftlərə daha çox etibar edir. Lakin köhnə binalarda yaşayan sakinlər görünür hələ bir müddət də liftə minəndə kəlmeyi-şəhadətlərini oxumalı olacaqlar.