
Dondurma niyə boğazımızı ağrıdır?
15 il əvvəl- süd, şəkər, vanil ... 15 il sonra-bitki mənşəli yağ, süd, buz (yüzdə 25), su, şəkər, qlükoza siropu, bitki mənşəli yağ tozu, yağsız quru süd, emulqator (yağ turşularının mono və digliseritləri), stabilizatorlar, rəngləndiricilər və aroma ... Sizcə hansı qidadan bəhs edirik? Təbii ki, dondurmadan.İnanmırsınız? O zaman, ən yaxınlıqdakı marketə gedin və dondurmaların üzərini oxuyun. Biz də belə etdik.Amma təkcə bunları yox, başqa məqamları da öyrəndik.
Publika.Az-ın “Qırmızı xətt” layihəsində bu dəfə dondurmalar haqqında bilmədiyimiz məqamları aydınlaşdıracağıq.Öncə başlayaq gözlə görünən təsirlərindən.
Qadın kişi fərq etməz yayda hamı incə görünmək və istədiyi paltarı geyinmək istəyir. Bu qədər “zəngin” tərkibə malik qida, görəsən çəkimizə necə təsir edir?
100 qr dondurma 211 kkal, 9.7 qram yağ deməkdir. Elə zənn etməyin ki, yalnız DONDURMA yeyirsiniz?
Diqqət edin, 9.7 qram yağ, yəni yediyiniz hər 10 qaşıqdan birində yağ yeyirsiniz. Hələ biz yağın tərkibindən danışmırıq. Üstəlik, bu ucuz dondurmalarda 17-18 qrama yəni 6 qaşıqda birə qədər yüksəlir. Qısacası, dondurma günahsız görünməsə də, tam bir təhlükədir. Düzdür, digər şəkərli qidalara nisbətən zərəri daha azdır. Amma tərkibindəki yağ, şəkər bir tərəfə, üstəlik, bəzi qeyri-təbii məhsullar da əlavə olunaraq onu potensial təhlükəyə çevirir.
Əsl təhlükə
Amma deyəsən, məsələni araşdırdıqca qarşılaşdığımız faktlar onu çəkimizi artırmasını əhəmiyyətsiz edir. Rəngbərəng dondurmaları yeyərkən, həmin rənglərin əslində xəstəlik mənbəyi olduğunu düşünmüşünüz?Red 2G Rəngləndirici (E128): Sintetik kömür qətranıdır. Qanda hemoqlobinlə qarışma ehtimalı var. Uşaqlar tərəfindən istifadə edilməsi tövsiyə edilməsə də dondurma, puding, meyvəli və ya ətirli yoğurtlarda istifadə edilə bilər. Bir çox ölkədə istifadəsi qadağandır.
Indigotin, Indigokarmin Rəngləndirici (E132): Sintetik kömür qatranı törəməsidir. Dondurma,şirniyyat və biskvitin tərkibinə qatılır. Bulanma, qusma, yüksək təzyiq, dəri töküntüsü, tənəffüs problemləri və digər allergik reaksiyalara səbəb ola bilər. Norveçdə istifadəsi qadağan.
Brilliant Black BN, Black PN Rəngləndirici (E151): ətirli südlü içkilər, dondurma, marmelatlar, tortlar və içkilərdə istifadə edilir. Danimarka, Belçika, Fransa, Almaniya, İsveçrə, İsveç, Avstriya, Avstraliya, Amerika və Norveçdə istifadəsi qadağandır.
Dondurmaların əsas ləzzət qaynağı hesab edilən qlükoza siropu- xərçəng, artıq çəki, hormonların pozulması, şəkər xəstəliyi, yüksək təzyiq, ürək, böyrək çatmazlığı kimi bir çox narahatlığa səbəb olur. İstehsalçılar məhsul etiketlerindeki "içindəkilər" bölümünə ən çoxdan aza doğru istifadə etdikləri vəsaitləri yazır. Dondurma tərkiblərinin su ilə başlayıb şəkər, qlükoza siropu ilə davam etdiyini bilirsinizmi? Bazarda içində bu süni şəkəri saxlamayan hazır dondurma təəssüf ki, yoxdur. Uşaqların gündə bir, ya da bir neçə dəfə dondurma yediyini düşünsək, nəticəni təxmin etmək çətin deyil.
Dietoloqlar isə bildirir ki, qlükoza siropu adamın yemə tarazlığını tamamilə pozur. Hər dəfə bədənin daha çox şirin və karbohidratlı qidaları istəyir. Bu zaman isə insanda immunitet sistemi zəifləyir, bədənin mineral tarazlığı pozulur, diqqət dağınıqlığı artır, böyrəklər zərər görür, xrom-mis əskikliyi ortaya çıxır, qan damarları daralır, dəri quruyur, ürək yağlanır və s.
Niyə boğazımız ağrıyır?
Dondurmanın daha bir sirri yeyəndən qısa zaman sonra boğazda qıcıqlanma hissi yaratmasıdır. Deyəcəksiniz ki, burda nə var ki, soyuqdur ona görə. Elə isə cavab verirəm, niyə xarici ölkələrdə dondurma yeyəndə belə olmur? Ordakı dondurmalar isti olmur ki?
Səbəb odur ki, biz əsasən dondurma yox, buz yeyirik. Dondurma yeyərkən ağzınızda xırda buz hissəcikləri hiss etmisiniz. Üstəlik, ucuz bahalı fərq etməz. Normalda bədən istiliyi 36-37,8 dərəcə arasındadır. Bu istilik boğazda yuxarı tənəffüs yollarının normal sakini qəbul edilən bəzi mikroblar üçün əlverişlidir. Buz,dondurma, soyuq içilən su, limonad, kola, limonad kimi yemək və içkilər ağız içi istiliyini 6-7 C qədər salır. Ani istilik fərqi boğazın normal nizamını pozaraq normal vəziyyətdə xəstəlik törətməyən, hətta bədən üçün faydalı olan bəzi mikrobları bədən üçün zərərli hala gətirərək yuxarı tənəffüs yolu infeksiyalarına səbəb olur.Bundan başqa dondurmanın saxlanma şəraitinə, qablaşdırma qaydalarına əməl olunmadan saxlanması da onun tərkibinə birbaşa təsir edir. Hətta zərəri olmayan qidaları də zərərli edir.
Bəs rəsmilər nə düşünür?
Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə rəhbəri İmran Abdullayev Azərbaycanda iki cür- südlü, qaymaqlı və meyvəli dondurmalar istehsal olunduğunu bildirdi:
“İki il əvvəl istehlakçıların müraciətini nəzərə alaraq dondurmaların -16-20 dərəcədə, 10 ay saxlanmasını qəbul etmişik. Digər Avropa, MDB ölkələrində saxlanma müddəti bir il müəyyən edilib. Amma bir şərtlə ki, dondurma istehsal müəssisəsindən çıxdığı anda dondurulur, sonra dərin dondurucuya qoyulur. Temperatur normadan aşağı olduqda yumşalma gedir, sonra yenidən dondurularkən həm forması itirir, həm də tərkibi dəyişir”.
Dondurmanın tərkibinə gəldikdə isə şöbə müdiri şəkər, su, yağ, quru süd, stabilizatordan ibarət olduğunu bildirdi. O, quru südün hər hansı problem yaratmadığını dedi.
“Təbii süddən istifadə olunması da mümkündür, amma bu zaman yağın dəqiq müəyyən olunmasında problem yaşanır. Ona görə də, quru süddən istifadə daha münasibdir”.
Dondurmaların tərkibinə vurulan rənglərə gəldikdə isə, İ.Abdullayev rəngləndiricilərin əsasən, təbii olduğunu, süni rənglərin isə Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun olaraq istifadə edildiyini bildirdi. Onun sözlərinə görə, ölkədə yalnız bir müəssisə meyvə tərkibli dondurma istehsal edir. İdxal edilən dondurmalara isə nəzarət edilir, təhlükəsizliyi yoxlanılır.
O həmçinin dondurmaların tərkibində buzun olmasına da münasibət bildirdi: “Dondurmada buz varsa, suyun çox olduğunu və qarışdırmanın düzgün aparılmadığını göstərir. Bu insanlar angina, soyuqdəymə, daxili orqanlarda iltihabi proseslər yarada bilər. Dondurma alırıqsa, dondurma yeməliyik, buz yox. Hazırda GEM tərəfindən dondurmaların monitorinqi aparılır”.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi də artıq 2 dondurma müəssisəsində yoxlama aparıb. Laborator analizlərin nəticələri yaxın zamanda açıqlanacaq. Təkcə yerli yox, idxal olunan dondurmalarla bağlı da mütəmadi olaraq yoxlamalar aparılır.
Qurumun mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyir ki, dondurma yayda ən çox tələb olunan məhsul olduğundan komitənin Dövlət Nəzarəti Xidməti daimi monitorinqlər aparır. Təkcə yerli yox, idxal olunan dondurmalar mütəmadi olaraq yoxlanılır.
“Aparılan yoxlamalarda əsasən dondurmaların tərkibinə vurulan məhsullarının mənşəyinin məlum olmaması, saxlanma rejiminə riayət edilməməsi, xaricdən idxal olunan məhsullarda azərbaycan dilində markalanmamanın olmaması, yağlılığın düzgün göstərilməməsi aşkarlanır. Hətta bəzi marketlərdə dondurmaların saxlandığı soyuducuların axşam söndürülüb, səhər yenidən yandırılması aşkar olunur”.
Yazını hazırlayarkən dondurma satılan marketlərə də baş çəkdik. Qeyd edək ki, satışda əzilmiş, bir neçə dəfə əriyib sonra yenidən dondurulan, ağzı açılmış paketlərdə saxlanılan, xaricdən idxal olunsa da, etiketində Azərbaycan dilində bir söz belə olmayan dondurmaların sayı yetərincə idi. Rəsmilər hazırda dondurmalarla bağlı monitorinq aparıdıqlarını dedilər. Nəticələr yaxın zamanda elan olunacaq. İndi bizə qalır bir neçə gün gözləmək. Görək, dövlət qurumları bu faktları aşkarlayacaqmı? Amma rəsmilər nəticələri açıqlayana qədər siz dondurma alarkən etiketini oxumağı unutmayın.


