

İyunun 21-də Müsavat Partiyasının qərargahında Milli Şuranın təsisdən sonrakı ilk sessiyası öz işinə başlayıb.
Yığıncağı Müsavat Partiyasının başqanı İsa Qəmbər açdı və toplantı iştirakçılarını Azərbaycanın dövlət himnini səsləndirməyə dəvət etdi.
Müsavat başqanı daha sonra bildirdi ki, Milli Şuranın yaradılması həm Azərbaycanda, həm də beynəlxalq birlikdə çox ciddi maraqla qarşılanıb. Birinci məsələ ölkədəki ictimai-siyasi durumun müzakirəsi, Milli Şuranın vəzifələri, MŞ işinin təşkili, cari məsələlər.
İlk məsələ ilə bağlı çıxış edən AXCP sədri Əli Kərimli bu fikirləri səsləndirdi: “MŞ-nın yaranması tarixi bir hadisədir. Nə formalaşmasının qarşısını almaq mümkün olmadı, əks-təbliğat xalq tərəfindən dəstəklənmədi. Onillərlə Azərbaycan davası aparan insanlara xarici qüvvələrlə işbirliyi vura bilmədilər. Milli Şuraya xalqın verdiyi etimad avansdır. Ancaq biz ümidləri doğrultmasaq, xalqı arxamızca apara bilmərik. Saxtalaşdırılmış referendumun qərarı İlham Əliyevə aid ola bilməz. Üçüncü dəfə prezident seçkilərinə getmək siyasi mədəniyyət məsələsi sayılır. Asiyanın, Afrikanın ölkələri də bu durumu özlərinə layiq bilmirlər. Bu Azərbaycan xalqına qarşı hörmətsizlikdir. İddia etmək istəyirlər ki, Azərbaycan xalqı Əliyev ailəsindən başqa heç kimi yetişdirə bilməyib. Ona görə də Milli Şura bu məsələ ilə bağlı xüsusi sənəd qəbul etməlidir. Beynəlxalq birlik artıq Azərbaycan hakimiyyəti ilə başqa dildə danışır. Novruz Məmmədovun İlham Əliyevin namizədliyini beynəlxalq birliyin dəstəklədiyi deyəndən bir neçə gün sonra Avropa Birliyi Azərbaycana qarşı ciddi bir qətnamə qəbul etdi. Biz bundan sonra da Azərbaycan prezidentinin namizədliyinin AB-nin qətnaməsinin dəstəklənməsi, beynəlxalq təşkilatlardan bunu tələb etməliyik. ATƏT bizi məyus edib. Biz bu məsələyə də öz münasibətimizi bildirməliyik".
AXCP sədri bildridi ki, ayrıca işçi qrup yaradılmalı, 2 il müddətində dəstəkləyəcəyi namizədin öhdəliklərini dəqiqləşdirməlidir: "Münasibətlərini tənzimləməlidir. Keçid dövründə Azərbaycanın hansı formada idarə olunmasını ilə bağlı öhdəlikləri təsdiq etməlidir. Milli Şuranın komissiyaları yaradılmalı, qurumun məqsədi xalqa daha anlaşılan dildə, siyasəti daha aydın dildə izah edilməlidir. Biz siyasi bəyannaməmizə uyğun olaraq platformamızı hazırlamalı, keçid dövr üçün etimad hökuməti yaradılmalı, bu etimad hökumətinin bütün sahələr üzrə platforması hazırlanmalıdır. Nümayəndə heyəti yaradılmalı və Milli Şura, onun prinsipıəri dünyaya tanıdılmalıdır. Siyasi məhbuslara sahib çıxmalıyıq. Biz bütün siyasi məhbusları eyni dərəcədə müdafiə etməlidir.
Milli Şuranı Rusiyaya bağlamaq cəhdləri boşa çıxandan sonra belə bir iddia ortaya atılıb ki, Milli Şuranın müəyyən mərhələsindən sonra güc tətbiqinə keçəcək, zorakı metodlara keçiləcək. Ancaq bizim siyasi bəyannaməmizdə də vurğulanır ki, biz yalnız dinc, konstitusyon mübarizə metodlarına üstünlük veririk. Biz hakimiyyətin bu iddiasının əsassızlığını da xalqın bizə verdiyi dəstəklə sübut edəcəyik. Elə etməliyik ki, siyasi situasiyanı biz yaradaq hakimiyyət bizə cavab vermək məcburiyyətində qalsın".
Çıxış edən İP KŞ üzvü Vidadi Mirkamal bildirib ki, qanun heç vaxt geriyə şamil oluna bilməz: “İlham Əliyev prezidentlik institutu ilə bağlı referendum keçirəndə artıq ikinci dəfə prezident seçilmişdi. Qanun heç zaman geriyə şamil oluna bilməz. Ona görə də bu dəyişikliklər heç bir halda İlham Əliyevə şamil oluna bilməz. Biz bu məsələni həm beynəlxalq birlik qarşısından qaldırmalıyıq.
Milli Şuranın vəzifələri ilə bağlı siyasi bəyannaməmiz olsa da hələlik bu vəzifələrin icrası ilə bağlı qeyri-müəyyənliklər var. Biz ilk olaraq Milli Şuranın faydalı, geniş miqyaslı işini təyin etmək üçün yerlərdə bölmələr yaradılmalıdır. Mən bu məsələdə artıq bir neçə ildir uğurlu fəaliyyət göstərən İctimai Palatanın bazasından istifadəni faydalı sayıram və təklif edirəm ki, İP-in 46 bölgədə yaranan yerli qurumları bugündən avtomatik olaraq Milli Şuranın yerli bölmələri kimi tanınsın”.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı çıxışı zamanı bunalrı dedi: “Milli Şuranın bütün mesajlarını xalqa çox ciddi şəkildə başa salmağa ehtiyac var. Biz xalqa bildirməliyik ki, əgər öz taleyinə sahib çıxmaq istəyirsə, evdə oturub futbol komandası kimi Milli Şuraya azarkeşlik etməklə bu dəyişiklik mümkün ola bilməz. Biz siyasətçi olaraq öz məsuliyyətimizi dərk edib ciddi bir birlik modeli yaratmağı bacarmışıqsa, xalq da öz gələcəyi naminə ayağa qalxmalı və uzun illər onun haqqını yeyən, övladlarının gələcəyini oğurlayan hakimiyyətə yox deməlidir. Hakimiyyət artıq bu zaman qədər əsas dayağı olan beynəlxalq birliyin dəstəyindən məhrum olur. Milli Şuranın beynəlxalq güc mərkəzləri ilə danışıqlar aparacaq qrupu bu prosesi davam etdirməlidir”.
KXCP Bəybala Əbil konkret təkliflər irəli sürdü: “Biz bildiririk ki, seçkinin nəticələri saxlataşdırılır. Ancaq bu məsələyə bir qədər fərqli yanaşmalıyıq. Azərbaycanda məgər seçki keçirilirmi ki, saxtalaşdırlsın? 5 min komissiyanın heç birində seçki protokolu yazılmır. Protokollar icra hakimiyyətinə hazırlanır. Biz bu il 20 illik fasilədən sonra Azərbaycanda seçki kemirməyi bacarmalıyıq. Biz bu prosesdə iştirak edən təcrübəli insanlarımızın potensialımızdan istifadə etməliyik. Beynəlxalq təşkilatlarda təmsil olunan ölkələrə müraciət edilməlidir ki, onlar Azərbaycanda hətta susmaqla saxta seçki prosesinə dəstək verən insanlarını ən azı qınasınlar və onların beynəlxalq institutlara təmsilçilik kimi göndərməsinlər. Ən azı Türkiyə hökuməti Azərbaycan cəmiyyətinin bu etirazlarından xəbərdar olmalıdır”.
Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan Milli Şuranın çox qısa zamanda qərargah yaratmasının vacib olduğunu vurğuladı: “Milli Şura çox qısa bir zamanda seçki qərargahı yaradılmalı, xalqla işə başlamalıdır. Bu proses ən gec gələn həftə başlamlıdır. Hər birimiz təbliğatçıya çevrilməliyik”.
Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər isə bunları dedi: “Milli Şuranın ən birinci vəzifəsi xalqla dialoqu bacarmaqdır. Biz çalışmalıyıq ki, bu beynəlxalq deyil, ümumxalq projesinə çevrilsin. Bir əsas məsələ də var – Milli Şura yubanmadan vahid namizədini müəyyən etməlidir. Ən geci gələn sessiyada bu məsələ gündəliyə çıxarılmalı və bütün gücümüz bu hədəfə çatmağa yönəldilməlidir”.
Azad Gənclik təşkilatının İH üzvü Məcid Mərcanlı Milli Şuranın yaranması prosesində gənclərin kənarda tutulmasına iradını bildirdi: “Mən həm də Milli Şuranın toplantısında NİDA-nı təmsil edirəm. Mediaya açıq olmasını doğru saymırıq. Bir iradımız isə indiyəqədərki prosesdə gənclər təşkilatları ilə məsləhətləşmələr aparılmamalıdır. Daha bir təklifimiz vahid namizədlə bağlıdır. vahid namizəd ölkə daxilində olmalı, bizimlə meydanlarda çiyin-çiyinə vurumalıdır”.
musavat.com
















