Medianews.az
İki qəza, bir cəza
185 baxış

İki qəza, bir cəza

 

 

İki qəza, bir cəza

 Bəri başdan xəbərdarlıq edirəm: bu yazının məqsədi adları çəkilən şəxslərə qarşı mərdiməzarlıq etmək deyil. Sadəcə, ayrı-seçkilik və ədalətsizlik faktlarından bəhs edəcəyik. Bu mövzunu daha bir imkanlı adamın - sülhməramlı səfir Abbas Zeynalovun övladının öz bahalı maşınıyla ağır qəza törədərək yeniyetmə qızı öldürməsi və hələlik cəzasız qalması aktuallaşdırıb.

Qəzalar, qurbanlar, xəsarətlər və onların cəzalandırlması xüsusunda heç bir dəftər-kitaba sığmayacaq ayrı-seçkilik, ədalətsizlik var. 

Qalmaqallı qəzalardan bir neçəsini xatırlayaq. İki il əvvəl eks-prezident Ayaz Mütəllibovun 18 yaşlı qız nəvəsi “Leksus” markalı maşını ilə 3 nəfəri vurub öldürmüşdü - tutmadılar. 

Ondan bir il sonra Müsavat başqanının müavini Tofiq Yaqublunun qızı Nigar Yaqublu qəzaya uğradı, yanındakı qohumu, müəllimi və iş yoldaşı Aydın Acalov həlak oldu, Nigar özü yaralandı - Nigarı tutdular. 

O hadisədən altı ay sonra deputat Aydın Mirzəzadənin sürücüsü Qobustan qəsəbəsində qəza törətdi, bir qadını öldürdü - tutmadılar. 

İki ay öncə futbolçu Araz Abdullayev Nobel prospektində iki süpürgəçi qadını əzdi, birini öldürdü, digərini ağır yaraladı - tutmadılar. 

Bir həftə öncə tanınmış hüquqşünas Qurban Məmmədovu 9 ay əvvəl maşınını geriyə verərkən xəsarət yetirdiyi, sonradan müalicə etdirdiyi adama görə tutdular. 

Hələ bu son deyil. Ümumiyyətlə, faciəvi qəzalara görə tutulmayanların siyahısını vermək mümkün deyil. Hər il qəzalarda ölən 1000-dən çox adamın hərəsinə, hətta beşinə görə 1 nəfər həbs olunsa, bu, olduqca böyük bir rəqəm edər.

Fakt budur ki, bu əmələ görə həbs olunanlar iki əlin barmaqları qədər də deyil. Hamının pul-parasını alıb buraxırlar. Hətta sürücülük vəsiqəsindən də məhrum etmirlər. 

İş müxalifətçilərə gələndə isə heç kəsə güzəşt yoxdur - haqq-nahaq onları həbs edirlər. Hətta günahları olduqca az olsa da, cəzaları ən yüksək olur. 

Ona görə də ortaya paradoksal mənzərə çıxır: maşınıyla iki adam öldürənü tutmurlar, bir nəfəri yaralayanı və müalicə etdirəni tuturlar. Bir neçə adamı vurub hadisə yerindən qaçan yüksək ranqlı məmuru isə ümumiyyətlə “tapmırlar”.

Bunların hamısı siyasi ayrı-seçkilik, ədalətsizlik hallarıdır. Əgər Mütəllibovun nəvəsi həmin hadisəni daha bir müddət əvvəl, babasıyla hakimiyyətin arası düzəlməzdən əvvəl törətsəydi, mütləq tutulacaqdı.

Nigar Yaqublu Tofiq Yaqublunun qızı olmasaydı, ən azı Zəlimxan Yaqubun qızı olsaydı, həbs olunmayacaqdı, qurtulacaqdı. 

Araz Abdullayev “Neftçi” klubunun oyunçusu yox, adi gənc və müxalifətçi oğlu olsaydı, mütləq həbs olunacaqdı - hətta maşınla vurduğu şəxslər yüngül xəsarət alımış olsalar da.

Aydın Mirzəzadənin YAP üzvü olan sürücüsü İsa Qəmbərin sürücüsü olsaydı və Müsavat üzvü olmasaydı da tutulacaqdı. 

Qurban Məmmədov neçə aydan bəri müxaliflərin birliyinə çalışmasaydı, hər fürsətdə bu hakimiyyətin istefaya göndərilməli olduğunu deməsəydi, əksinə, hakimiyyətin platformasında dursaydı, ötən ilin sentyabrında vurduğu adam ölsəydi də, həbs olunmayacaqdı.

Hər şey bu qədər bəsit, bu qədər sadə, anlaşıqlı. Burada başlıca motiv zərərçəkən insanların təhlükəsizliyini, həyatını qotumaq deyil. Elə olsaydı, hökumət adamlarının maşınla öldürdükləri insanları qanı yüngül pul-parayla, bəzən də açıq saymazlıq və zorakılıqla basdırılmazdı. 

Elə olmasaydı, Qurban Məmmədovun zərərçəkənə ödədiyi dörd min manatdan artıq pul ara yerdə batıb-getməzdi, bir işə yarayardı. 

Bu baxımdan bu tipli dövlətlərdə çox ehtiyatlı olmaq, çalışıb qəzaya düşməmək lazımdır. Adam bilməlidir ki, o qəzaya düşsə, ölsə, canı gedəcək, qanı batacaq, başqasına xəsarət yetirərək sağ qalsa, pulu batacaq, yenə də canı gedəcək. Dörd divar arasına. 

Könül istər ki, ədalət olsun. Heç kim heç kimin qanını batırmasın, başqasının canını alanlar, həyatına, malına-mülkünə zədə yetirənlər, siyasi mənsubiyyətindən, sosial mövqeyindən asılı olmayaraq bədəl ödəsinlər, uyğun cəzalarını alsınlar - nə az, nə çox. 

Yoxsa qanunların yalnız müxaliflərə və kasıblara gələndə işlək, hətta daha sərt olduğu ölkədə yaşamaq işgəncədir.

Bizə qoşulun