
Anonim yetim
“Bir neçə nəfər də kənddən gəlmiş adamlar küçənin ortasında oturub öz aralarında danışırdılar. Mirzə bunların birisinə əl elədi:
- A kişi, bura gəl, bura gəl.
Kişi durub gəldi.
- Nə buyurursan, Mirzə?
- Bir dil ki qəm düçarı ola, ağlar, ağlamaz?
- Mən nə bilim, ay Mirzə.
- Ənduhi-qüssə yarı ola, ağlar, ağlamaz?
- Başına dönüm, ay Mirzə, mənim belə şeylərdən başım çıxmaz. Avam adamam.
- Doğrudur, avamsan, bunlar gözəl sözlərdir, get oğlunu oxut. Belə-belə şeirlərdən ləzzət aparsın".
(Əbdürrəhim bəy Haqverdiyev, “Mirzə Səfər” hekayəsindən).
Məmləkətdə hər bir iş köhnə qaydasıyla getməkdədir. Bəzən bu köhnə bazara təzə nırx qoymaq istəyənlər tapılır, amma tezliklə həvəsdən düşürlər. Məsələn, mən özüm bu sarsaq “nırx” sözünün mənasını heç bilmirəm, di gəl, öyrənməyə həvəsim yoxdur. Öyrənsəm nə olacaq, öyrənməsəm nə olacaq? Bir dil ki qəm düçarı ola...
Müxalifət yığışıb qərara alıb ki, ölkədə dəyişiklik eləməyin vaxtıdır. İqtidar da yığışıb dəxi qərara alıb xeyr, dəyişiklik eləməyin vaxtı deyil. Əslində hər il müxalifət yığışır belə qərar verir, iqtidar da tərsinə qərar verir. Çalışırlar həmişə tərsinə olsun. O üzdən bizim heç bir işimiz avand deyil. Dünən müxalifət olan bu gün iqtidardan pay alır, dünən iqtidardan pay alan bu gün zindana düşür. Beləcə, maddələr mübadiləsi davam edir. Mən əslində optimist adamam. Hər dəqiqə dəyişiklikləri görürəm. Yarım saat qabaq pəncərəmizdən bir bulud görünürdü. İndi o bulud yoxdur. Yaramazlar, mənim buludumu neylədiniz?
Harda qalmışdıq? Ay sağ olasınız - heç nəyin dəyişmədiyi yerdə. Keçən həftə yenə əsgərlərimiz bir-birini güllə ilə vurub öldürdülər. Onlar hərdən erməni də vururlar - lazım gəlsə. Bir kişi Bakı şəhərində avtobusun açıq qapısından düşüb həlak oldu. Müsbət haldır, çünki bəzən avtobuslar sürücüsüz gedirlər. Açıq qapı - boş şeydir. Yəqin kiminsə ayağı qapının arasında qalıbmış. Vətəndaşlarımız mənzil başına rahat çatsın deyə qışqırmayıb. “Mənzil başına” - ifadəyə bax, mən ölüm... Bunu fikirləşib tapan yüz faiz dəm olub.
Bu əlləm-qəlləm yazını isə bir oxucu məktubu ilə bitirmək istəyirəm. Oxuyun, görün insanları necə əzişdiriblər, məhv ediblər: “Təşəkkür edirəm ki, mənim dərdimi dinləməyə razı oldunuz. 28 yaşım var, ali təhsilliyəm. İxtisasca filoloq olsam da hoteldə tərcüməçi işləyirəm. Maaşım 300 manatdır. Həftədə 2 dəfə də hazırlıq kursunda müəllim işləyirəm. Buradan isə ayda 70 manat alıram. 2010-cu ildə ailə qurmuşam. 1 balamız var. Evimiz yoxdur. Kirədə qalıram. Maaşımın 150 manatını kirəyə verirəm, qalanını da yeməyə, pampers və iynə-dərmana. Guya ipoteka verirlər gənc ailələrə. Mərkəzi Bankdan mənə dedilər ki, gərək maaşın vergilər çıxılandan sonra 800 manat olsun və mütləq gərək işin dövlət qulluqçusu olsun. Mən onlara başa sala bilmədim ki, əgər mən 800 manat maaş alsam elə evimi özüm tikərəm. Sosial Müdafiə Fonduna müraciət etdim, dedilər ki, sən işləyirsən və sənin həmçinin televizorun və kompüterin var. İnanırsınız, hirsimdən mən 10 dəqiqə güldüm orda. Sonra mənə dedilər ki, sən dəlisən, elə eləmə səni dəlixanaya atdıraq.
Sizdən xahiş edirəm, gənc ailələrin ev problemini yazılarınızın birində işıqlandırın. Çünki mənim kimi insanlar çoxdur, neçəsinin ailəsi dağılıb. Elə mənim də ailəm neçə dəfə az qala dağılmışdı. Çoxlarına bəlkə də gülünc gələ bilər ki, necə olur ailə evsizlikdən dağılır. Mən sizi inandırıram, belə deyənlər 1 xəstə uşaqla və xəstə həyat yoldaşı ilə kirayələrdə sürünməyiblər".
Məktubun axırı isə məni lap dəhşətə gətirdi, çünki bu qədər problemi olan insan belə zorakı hakimiyyətdən qorxurdu: “Xahiş edirəm mənim adımı çəkməyəsiniz, çünki mən olan-qalan maaşımdan da məhrum olmaq istəmirəm”.