Bu ilin ötən dövrü ərzində Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 1721 investisiya layihəsinin maliyyələşdirilməsinə 155,8 milyon manat güzəştli kredit verilib.
Bu barədə Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev məlumat verib.
Onun sözlərinə görə, bu kreditlərin reallaşdırılması 6400-dən çox yeni iş yerinin yaradılmasına imkan yaradır.
“İndiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən 1366 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə bugünkü tədbirdə verilən güzəştli kreditlər də daxil olmaqla 81,8 milyon manat kredit verilib”.
Qeyd edək ki, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini Zaqatala rayonunun Aşağı Tala kəndində keçirib.
Tədbirin sonunda müvəkkil kredit təşkilatları vasitəsilə Zaqatala və ətraf rayonlarda fəaliyyət göstərən 50 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 840 min manat güzəştli kredit verilib.
Verilmiş kreditlər əsasən, heyvandarlıq, taxılçılıq, arıçılıq, bağçılıq, xalçaçılıq, tikinti materiallarının istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlər hesabına 150-yə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.