Medianews.az
Üç dost tələbə qızı qaçırdı - TƏFƏRRÜAT
200 baxış

Üç dost tələbə qızı qaçırdı - TƏFƏRRÜAT

 
Adam oğurluğunda ittiham olunan Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi, Füzuli rayon sakini, 23 yaşlı Natiq Babayev, onun dostu Murad Məmmədov və tanışı Təmail Hüseynovun cinayət işi üzrə məhkəmə başa çatıb. 
 
Teleqraf.com xəbər verir ki, ittihama görə, N. Babayev 2011-ci ilin martında onunla bir yerdə Azərbaycan Dövlət Aqrar Universitetində oxuyan G.Ə. ilə tanış olduqdan sonra aralarında sevgi-məhəbbət münasibətləri yaranıb. G.Ə.-nın valideyinləri onların münasibətlərinə razı olmayıb və buna son qoymağı tələb ediblər. 
 
Natiq G.Ə.-ya evlənmək məqsədilə qoşulub qaçmasını təklif edib. Lakin G.Ə. təklifi rədd edib. 
 
Natiq G. Ə.-ya SMS yazışmalarında dəfələrlə onunla könüllü qoşulub qaçmasını təklif edib, hər dəfə rədd cavabı alıb, qız qəti şəkildə qoşulub qaçmayacağını bildirib. 
 
Buna baxmayaraq, N. Babayev öz niyyətindən dönməyib və G. Ə.-nı evlənmək məqsədilə qaçırtmaq qərarına gəlib. Qızın könüllü getmək istəməməsini nəzərə alan Natiq öz cinayət niyyətini həyata keçirmək məqsədilə dostu M.Məmmədovun G. Ə.-nın qaçırılmasında iştirak etməsinə razılığını alıb. 
 
G.Ə.nın qaçırılması üçün avtomaşın lazım olduğundan 2011-ci il iyunun 29-da Natiq Muradla birlikdə Gəncədən Bakıya gəliblər. Natiq əvvəlcədən tanıdığı Təmail Hüseynovu taparaq, sonuncunun da razılığını almaqla cinayətkar qrupa cəlb edib. 
 
Əldə edilən razılığa əsasən onlar iyunun 30-da Bakı şəhərində görüşərək birlikdə Gəncəyə gedərək orada M. Məmmədovun kirayə yaşadığı evdə gecəlyiblər. 
 
İyulun 1-də, saat 07 radələrində əvvəlcədən hazırladıqları planı həyata keçirmək məqsədilə Natiq, Murad və Təmail sonuncunun idarə etdiyi avtomaşınla G. Ə.-nın kirayədə qaldığı evin yaxınlığına gəliblər. 
 
G. Ə.-nın evdən çıxaraq universitetə imtahana getmək üçün avtobus dayanacağı istiqamətində hərəkət edərkən Natiq onun qarşısını kəsərək qolunu buraraq müqavimətini qırıb. 
 
Yolda G. Ə. onlardan dəfələrlə geri qaytarılmasını və yaxud maşından düşməyə imkan vermələrini tələb edib. Qız hüquq mühafizə orqanlarına şikayət edəcəyini bildirsə də, təqsirləndirilən şəxslər ona fikir verməyiblər.  Onlar G. Ə.-nı Gəncə şəhərindən Füzuli rayonunun 4-cü Zobucuq qəsəbəsində yaşayan Natiq Babayevin əmisi Adıgözəl Babayevin evinə gətiriblər. 
 
Bundan sonra A.Babayev öz qohumlarına G. Ə.-nın qaçırılması barədə məlumat verib. Bir müddət sonra G. Ə.-nın harada olduğu barədə məlumat almış qohumu F. S. gəlib. Daha sonra isə xalası Z. A. və babası Ə. A. gələrək qızı A.Babayevin evindən aparıblar.
Məhkəmədə ifadə verən N. Babayev törətdiyi əmələ evlənmək məqsədi ilə istiqamətləndiyini bildirib. 
 
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə N.Babayev 8 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən şəxslər şərti cəza alıblar. 
 
Birinci instansiya məhkəməsinin qeyd olunan hökmündən N. Babayevin vəkili Xəqani Əkbərov apelyasiya şikayəti verib. Müdafiəçisi apelyasiya şikayəndə Natiq barəsində Cinayət Məcəlləsinin 70.1-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini və onun şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılmasını istəyib. 
 
Müdafiəçinin şikayətinə Gəncə Apelyasiya Məhkəməsinin cinayət işləri üzrə kollegiyasında baxılıb. Prosesdə təqsirləndirilən şəxsin müdafiəçisinin apelyasiya şikayəti qismən təmin edilib və Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Məhkəmə N. Babayevin cəzasından 4 il çıxıb və onun barəsində qəti olaraq 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlayıb.

 

Bizə qoşulun