
Bir neçə gün əvvəl Azərbaycan xalq artisti İlhamə Quliyeva Azərbaycan Dövlət Televiziyasında (AzTV) üzləşdiyi xoşagəlməz situasiya haqqında açıqlama vermişdi. Xalq artisti televiziyada özünə qarşı gördüyü münasibətlə bağlı ciddi ittihamlar səsləndirərək Musiqi Departamentinin rəhbəri Nadir Axundovun orada monopoliya yaratdığını bildirmişdi.
İ. Quliyeva N. Axundovun onun adını televiziyanın solisti siyahısından çıxardığını demişdi: “Mən bilirəm ki, ixtisara düşməyimdə Nadir Axundovun böyük rolu var. Mən dövlət başçısının qəbuluna düşə bilirəm, amma AzTV-nin efirinə yox”.
ANS PRESS-in əldə etdiyi məlumata görə, xalq artistinin ittihamları artıq öz nəticəsini verib. Belə ki, Nadir Axundov AzTV-nin Mədəniyyət Departamentinin rəhbəri vəzifəsindən azad olunub. Onun Mədəniyyət Kanalına müdir müavini təyin edildiyi bildirlir. Nadir Axundovun yerinə isə uzun müddət televiziyada çalışan Hikmət Şahbazovun təyin edildiyi bildirilir.