
Azərbaycan və Rusiyada necə gülməli, karikatur mahiyyətli rejimlərin hakimiyyətdə olması son “Avroviziya” yarışında bir daha ortaya çıxdı. Təsəvvür edin, hələ Azərbaycanı qoyaq bir qırağa, bizim onsuz da gülünc günümüz hamıya məlumdur - Yer kürəsinin az qala altıda birini tutan, arsenalında sərhəddinə dolamağa çatacaq qədər tankdan tutmuş nüvə silahına kimi min cür hərbi sursat olan Rusiyanın bu saat əsas dərdi-azarı nə imiş: Azərbaycan niyə “Avrovizqon”da (oxucular yanlış anlamasın, vallahi, mən bu düşük manıs yarışının adının doğma dilimizdə necə yazıldığını hələ də dəqiq bilmirəm) Rusiyaya heç bir xal verməyibdir! Sən demə, qabaqlar bu yarışda Azərbaycan həmişə Rusiyaya minimum 9-10, adətən isə 12 xal verirmiş, bu il sıfır bal veribdir. Nəticədə ölkələrimiz arasında dilpomatik qalmaqal yetişibdir. Buyurun, hadisələrin qısa xronikasına baxın.
Əvvəlcə Rusiyadakı səfir Polad Bülbüloğlu bəyanat verdi, səslərin düzgün sayılmadığını bildirdi. Bunun ardıyca prezident İlham Əliyevin səsləri yenidən saymaq, saxtakarlığı ciddi araşdırmaq göstərişi verdiyi deyildi. (Bu, yeri gəlmişkən, sosial şəbəkələrdə kəskin, satirik tənqidə tuş gəldi. Hamı yazdı ki, görəsən prezident və parlament seçkiləri zamanı səslərin sayılmasındakı saxtakarlıqdan narahat olmayan dövlət rəhbəri indi niyə əl-ayağa düşübdür).
Daha sonra İTV rəhbərliyi “araşdırma davam edir, bizim Rusiyaya verdiyimiz səslər Almaniyada saxtakarlığa uğrayıb” açıqlaması verərək tarixə damğasını vurdu. Çünki alman xalqını hər şeydə suçlamaq bəlkə mümkündür, ancaq indiyə qədər İTV şefi Cəmil Quliyevdən başqa almanları saxtakarlıqda suçlayan olmayıb. (Bu adam “Alma almaya bənzər” filmində almanı toxumlu basıb yeyən gombul Kərimovun rolunu oynayıb; güman etmək mümkündür ki, indi də almanları alma ilə qarışıq salıbdır).
Elmar Məmmədyarovun dünən Moskvada verdiyi “Biz həmişə musiqi yarışında Rusiyaya səs vermişik” bəyanatı isə vəziyyətin necə komik olduğunu bütün çılpaqlığı ilə göstərdi. Görünür, Rusiya hələ də bunları sorğulayır ki, niyə bizə səs verməmisiniz, məqsədiniz nədir. Heç düşmənə də belə maymaq hakimiyyət, belə düşük qonşu arzulamazdım. Bunlar bizim təsəvvür elədiyimizdən də aşağı səviyyədə dövlət adamlarıdır.
Dünyada “Avrovizqon” yarışına ciddi yanaşan bir normal dövlət də yoxdur. Elə bu yarış vaxtı AzTV İsveçdə, Malmödə küçədə sorğu keçirdirdi, yerli sakinlər şəhərdə belə musiqi tədbirinin olmasından xəbərsiz idilər. Axı düşük, səviyyəsiz pop musiqisi yarışması kimin nəyinə lazımdır? Amma gördüyünüz kimi, Rusiya və Azərbaycan prezidentlərinə lazım imiş...
Bu yaxında Rusiya prezidentinin kabinetində bir nəfərin şəkil çəkdirməsi ortaya çıxanda da Putin hakimiyyəti gülünc qalmaqal qopartdı. Guya mühafizəçinin prezidentin kreslosunda beş dəqiqə oturması ilə dünya dağılıbmış. Halbuki ABŞ-da prezident iqamətgahı Ağ Ev həftədə 5 gün turistlərə açıq olur. İstəsən az qala Obamanın əyləşdiyi Oval kabinetdə şəkil çəkdirərsən. Bunlar isə kölgələrindən o qədər qorxurlar, hər xırda şeyi problemə çevirirlər.
Əslində hər xırda şeyi qlobal problemə çevirmək elə totalitar rejimlərin başlıca xasiyyəti, xarakteridir. Demokratiyada xırda problemləri həll etmək, böyüməsinə imkan verməmək üçün min cür mexanizmlər olur, totalitar rejimlərdə isə yeganə mexanizm lomdur. Gözə tük düşəndə də onu lomla çıxartmaq istəyirlər, nəticədə göz çıxır. Mənasız yekəxanalıq, hökmdarın eqosunu, özündən razılığını qorumaq üçün xalqın qurban verilməsi də totalitar rejimlərə xasdır.
Yəni qınamaq da olmaz, Azərbaycan prezidenti dəqiq bilir ki, əgər “Eurovision” yarışında Rusiyaya niyə səs vermədiyimizi Putinə inandırıcı şəkildə izah edə bilməsə, şimaldan Bakıya tərəf hətta raket də atarlar. Çünki özü də internetdə status yazanları tutub zindana salır. Bir-birilərini yaxşı tanıyırlar.