
İsveçdə keçirilən “Eurovision” mahnı yarışmasının finalında Azərbaycandan Rusiya iştirakçısına heç bir balın verilməməsi ilə bağlı qalmaqal böyüyüb. Məsələ mayın 21-də Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Moskvaya səfəri zamanı Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqlarda qaldırılıb. Nazirlər qısa protokol görüşündən sonra danışıqları bağlı qapılar arxasında davam etdiriblər. Danışıqların getdiyi saatlarda Rusiya XİN-in facebook səhifəsində Azərbaycan xarici işlər nazirinin Sergey Lavrova Azərbaycandan Rusiya təmsilçisi Dina Qaripovaya verilmiş səslərin “harasa yoxa çıxdığını”, nəticədə ona heç bir bal getmədiyini izah etdiyi yazılıb.
Daha sonra danışıqları başa vuran nazirlər birgə brifinqə çıxıblar və bu qalmaqalla bağlı bəyanatlar veriblər. S.Lavrov bəyan edib ki, rusiyalı iştirakçıya verilmiş səslərin itməsi “hiddət doğuran” aksiyadır və cavabsız qalmayacaq. “Rusiyalı iştirakçının 10 balının oğurlanması bizi təbii ki, sevindirmir. Çünki bu, təşkil olunmuş tədbirdir. Biz xarici işlər naziri Elmar Məmmədyarovla bugünkü danışıqlarda qərarlaşdırdıq ki, Azərbaycanın İctimai Telekanalı məsələni aydınlaşdırandan və hüquqi yolları müəyyənləşdirəndən sonra biz öz hərəkətlərimizi razılaşdıracağıq, nail olacağıq ki, bu hiddət doğuran aksiya cavabsız qalmasın” deyə, o bildirib. Öz növbəsində E.Məmmədyarov əlavə edib ki, səslərin itməsi ilə bağlı “detektiv əhvalatı” aydınlaşdırılacaq. “Rusiyalı iştirakçıya xeyli adam səs verib. Ancaq səslər harasa yoxa çıxıb. Bu, doğrudan da detektiv əhvalatdır” deyə, Məmmədyarov bildirib. O əlavə edib ki, səslərin hara yoxa çıxdığını İTV araşdırır.
"“Eurovision” müsabiqəsində Azərbaycanın verdiyi qiymətlər açıqlandıqdan sonra biz demək olar ki, şok keçirdik" deyə, Elmar Məmmədyarov bildirib. Onun sözlərinə görə, Avropa Yayım Birliyinin tərəfdaşı olan İTV müsabiqədən bir gün sonra müvafiq araşdırmalara başlayıb: “Hüquqi prosedura uyğun olaraq İctimai Televiziya məhkəməyə müraciət edərək SMS səsverməsinin nəticələrini əldə etmək istəyib. Məhkəmə bu tələbi təmin edib. İTV sorğu keçirib və məlum olub ki, Rusiyaya çoxlu səs verilib. Məhkəmənin qərarından sonra səsvermənin nəticələri İTV-yə təqdim olunub. Bu məlumatlara əsasən, ”Azercell" abonentləri Ukrayna təmsilçisinə 7893 səs veriblər, ikinci yerdə Rusiya təmsilçisi gəlir - 1677 səs. “Bakcell” abonentləri Ukraynaya 408, Rusiyaya 380 səs veriblər. “Nar Mobile” abonentləri Ukrayna təmsilçisinə 193, Rusiya təmsilçisinə 112 səs veriblər. Bu səslər necə olub və necə yoxa çıxıblar? Bunu bizim İctimai Televiziya aydınlaşdıracaq. Lakin bu, bir faktdır. Azərbaycan vətəndaşlarının Rusiya təmsilçisinə verdiyi səslərin hara yoxa çıxdığını araşdırmaq və bu məsələyə aydınlıq gətirmək vacibdir".
Xatırladaq ki, mayın 19-da əvvəl İctimai Televiziyanın rəhbəri Cəmil Quliyev xüsusi mətbuat konfransı keçirərək Rusiya təmsilçisinə verilən səslərin “itdiyini” elan edib. Eyni zamanda o, səslərin itməsindən görə şübhələri Almaniyanın üzərinə yönəldib. Belə ki, Avropa Yayımlar Birliyinin “Eurovision” səslərini hesablayan mərkəzi Almaniyada yerləşir. Daha sonra Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu ölkə KİV-lərinə bəyanat verərək deyib ki, məsələni araşdırmaq üçün şəxsən prezident İlham Əliyev göstəriş verib.
Lakin Avropa Teleradio Yayımları Birliyi səslərin itməsi barədə deyilənləri təsdiqləmir. "“Eurovision” mahnı müsabiqəsinin finalında səsvermənin hesablanması zamanı hər hansı pozuntu olsaydı, bu barədə indiyə kimi bizə mütləq siqnal gələrdi. Səsvermə bizim səsvermə tərəfdaşımız “Digamo” tərəfindən aparılır və “PriceWatersHouseCoopers” şirkəti tərəfindən qiymətləndirilir. Hər hansı məsələ olsaydı, bizə bu barədə siqnal çatardı", ATYB-nin Avropa Mahnı Müsabiqəsi üzrə kommunikasiya koordinatoru Jarmo Siim BBC Azərbaycancaya deyib. “Bizim bildiyimizə görə, hər şey dəqiq olub” o əlavə edib. O, hər hansı qeyri-dəqiqlik halı olarsa, bu barədə “siqnalın” “Digamo” şirkəti tərəfindən gələcəyini bildirib.
Beləliklə, əhvalat doğrudan da detektivsayağıdır və səslərin hara yoxa çıxmasını araşdırmaq artıq dövlətlərarası məsələyə çevrilib. Özü də yüksək səviyyədə. Görünən odur ki, Azərbaycanla Rusiyanın münasibətlərinin heç də yaxşı olmadığı indiki mərhələdə bu insident Bakının qanını çox qaraldıb, üstəlik, insident xarici işlər nazirinin Moskvaya çoxdan gözlənilən səfərindən cəmi iki gün əvvələ təsadüf edib. Hansı ki, bu səfərə Rusiya ilə Azərbaycan hakimiyyətləri arasındakı gərginliyi yumşaltmaq baxımından mühüm fürsət kimi baxılırdı. Ancaq indi tərəflər iki ölkə arasında kifayət qədər mürəkkəb məsələləri bir kənara qoyaraq SMS-ləri hesablamaqla və Azərbaycandan verilmiş səslərin hara “yoxa çıxdığını” araşdırmaqla məşğuldur. Rusiya xarici işlər naziri isə sərt tonda danışaraq “səsləri oğurlayanlara” qarşı cavab tədbirləri haqda danışıb. Bəs birdən səslərin “yoxa çıxmasına” görə Avropa Teleradio Yayımları Birliyi və onun tərəfdaşlıq etdiyi şirkətlər günahkar olmasa, onda necə olacaq? Rusiyanın bu cavab tədbirləri kimə qarşı yönələcək? Hələlik məsələni araşdırmaq və səslərin “yoxa çıxması” sübut edilərsə, hüquqi yolların araşdırılması vəzifəsi Azərbaycanın üzərinə düşür. Rusiya isə bu mərhələdən sonra Azərbaycanla birgə cavab tədbirləri görə biləcəyini bildirir. Hər halda, belə görünür ki, builki “Eurovision” da Azərbaycan hakimiyyəti üçün düşərli olmadı və əlavə başağrısı gətirdi.