Medianews.az
Unutduğum Rəşadət
179 baxış

Unutduğum Rəşadət

 

Unutduğum Rəşadət

 

14 mayda Kürdəxanı zindanında günahsız yerə saxlanan gənclərimizdən, onların yüksək potensialından və yapokrat yaltaq gənclərdən üstün olmalarından yazmışdım. Bir neçə gənclərin adını çəkmişdim, kimlərisə unuda biləcəyimə işarə vurmuşdum, ancaq heç ağlıma gəlməzdi ki, unutduğum bu adam yaxın dostum, NİDA Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Rəşadət Axundov olacaq.

Taleyin ironiyası budur yəqin. Çünki hazırda Kürdəxanı təcridxanasında qanunsuz işgəncə verilən gənc fəallar içərisində bəlkə ən yaxından tanıdığım, daha çox ünsiyyətdə olduğum bir nəfər varsa o da elə Rəşadət Axundovdur. Axundov da yüksək bilikli, xaricdə oxumuş, bir neçə dil bilən gəncdir. 

Onun adını yazmağı unutmağımı “biz haqsızlıqla üzləşənləri müdafiə edərkən yaxın dost, uzaq insan deyə kateqoriyalara ayırmırıq” kimi yoza bilərdim. Ancaq tək bu deyil. Sadəcə, o zindana o qədər gözəl insanları salıblar ki, adlarını sadalayanda mütləq kimsə yaddan çıxır. Heç indi də kimisə unudub-unutmadığıma əmin deyiləm. Tofiq Yaqublunun adını yazmışdımmı? Deyəsən, yox. Gərək o yazıya yenidən nəzər salım. Ümumiyyətlə, dostların yanına düşməyə çalışmaq lazımdır. Kürdəxanı zindanı bu saat Ziyalılar Məclisi, Elmlər Akademiyası kimi bir qurumdur. 

Xalqın intellektual kəsimini qazamata doldurub şimalda, cənubda, şərq və qərbdə düşmənlər arayan bir hökumətin əlində qalmışıq. Ağıllı adamlar ölkəni inkişaf etdirməlidir, onlara yer zindanda verilirsə, ölkənin necə imici ola bilər ki? 

Hər sahədə zorakılıqla məşğuldurlar. Vəkillə qanun dilində diskussiya apara bilmirlər, götürüb Aslan İsmayılovun vəkil lisenziyasını ləğv edirlər. 

Söyüş qazandıran hərəkətlə məşğul olurlar, internetdə söyüş yazanlara cəza çıxardırlar. Az qala hər divarında “Bura zibil atanın ölüsünə lənət” tipində elan yazılan bir məmləkətdə virtual təhqirlərə cəza kəsilməsi gülməlidir. Ən böyük təhqir elə o cür deputatların xalqı təmsil etməsi deyilmi? 

Hərəsi bir oliqarxın, nazirin, məmurun siyahısı ilə, milyon manatla rüşvət ödəyib deputat qoyulan bu adamlar arzu edirlər ki, camaat onlar haqda ancaq xoş sözlər yazsın. Başqa bir arzunuz varmı? Bəlkə sizə, Ostap İbrahimoviç demişkən, içi pulla dolu otağın açarı da verilsin? (Zəruri qeyd: Ostap İbrahim oğlu Benderin hazırda AzTV-nin goparıcısı işləyən İbrahim Məmmədovla qohumluq əlaqələri yoxdur. Goparıcı - goplayan aparıcı yox, geopolitik aparıcı deməkdir).

Özü də bunlar başa düşmür ki, xalq internetdə-zadda söyüb ürəyini boşaldırdı, indi söyə bilməyəndə daha aqressiv olacaq, məmurları, deputatları canlı görmək istəyəcək. O zaman gərək mühafizəni artırasınız, hər yapokratın böyründə minimum bir alay polis dolaşsın. Əksinə, virtual söyüş imkanları genişləndirilməli idi, xalqın yığılan mənfi enerjisinə çıxış imkanları artırılmalı idi. Darıxmayın, bu sərtləşdirmənin ziyanını tezliklə görəcəksiniz. Enerji - istər mənfi, istər müsbət - itmir və bir yerdə boğulanda başqa yerdən çıxır. 

Sonda maraqlı bir hadisə haqda. Sumqayıt məktəbində ürəyi xəstə şagirdi qaçırdıb öldürmüşdülər. Dünən məktəbin direktoru və direktor müavini işdən qovulub. Sizcə, səbəb təzə təhsil nazirinin özünü göstərməsidirmi? Yox. O məktəbdə bundan qabaq da bir müəllim uşaqları pis şəkildə döymüşdü, video internetdə yayılmışdı, ancaq direktor yerində idi. Bəs niyə hökumət əl-ayağa düşdü, cinayət işi açdı? Məncə, ən önəmli səbəb o məktəbin şagirdlərinin və ölən uşağın valideynlərinin həqiqəti gizlətməməsidir. Şagirdlər qəti dedilər ki, uşaq zorla qaçırdılıb. Bununla da bəlkə gələcəkdə öldürüləcək neçə uşağı xilas elədilər. 

Həqiqəti demək, xeyirin tərəfində durmaq bəzən çox sadə, primitiv iş kimi görünür. Xüsusən də şərin primitiv olduğu yerlərdə. Bizdə qəhrəmanlıq sayılan hərəkət, sivil dövlətlərdə adi həyat normasıdır. Elə Rəşadət Axundovun zindana düşməsini də bu səbəbdən unutmuşdum - onun dustaqlığı şərti bir şeydir.

Bizə qoşulun