
Fəvvarələr üçün müasir tələblər
Mayın 10-da prezident İlham Əliyev Bakının Füzuli küçəsində yeraltı qaraj və parkın açılışını etdi. Yəqin bilirsiniz, söhbət camaatımızın nədənsə “Qış parkı” adı yapışdırdığı məkandan gedir.
Əslində orda park-zad yoxdur, hər yan dəmir-beton konstruksiyalardır, 2-3 mənasız fəvvarə qoyulub. Bugünkü mövzumuz da elə həmin fəvvarələr olacaqdır.
Bakı küləklər şəhəri olduğundan, havada da su buxarı dəhşətli rütubət yaratdığından fəvvarə burada insanlara əzab verməkdən başqa praktik bir işə yaramır. Azərbaycanda fəvvarələrin başqa praktik önəmi də yoxdur. Onlarda nə əl yumaq, nə su içmək üçün yerlər olur. O cümlədən, fəvvarənin qədimdən, Roma mədəniyyətindən qalma estetik tərəfləri də nəzərə alınmır. Çünki qədimdə fəvvarədə mütləq hansısa heykəllər quraşdırılırdı.
Qayıdaq “Qış parkı”na. (Camaatdan nəyimiz əskikdir? Elə deyirlər, elə də olsun). Oranın açılış mərasimindən dövlət agentliyi AzərTAc-ın yaydığı məlumatda - onsuz da 10 ildir prezidentin tədbirlərindən məlumat yaymağın eksklüziv, inhisarçı hüququ AzərTAc-a məxsusdur, bu agentliyi “Prezidentin şəxsi agentliyi” adlandıra bilərik - belə bir cümlə diqqətimizi çəkdi: “Burada ən müasir tələblərə cavab verən 5 fəvvarə kompleksi quraşdırılmışdır. Parkın girişində və çıxışında quraşdırılan fəvvarənin ətrafında oturacaqlar qoyulmuşdur. Bu da parkda müxtəlif tədbirlər keçirməyə imkan verəcəkdir”. Sitatın sonu.
Fəvvarənin ətrafına qoyulan oturacaqlar və parkda müxtəlif tədbirlərin keçirilməsi üçün yaranan imkanlar mövzusu qalsın başqa yazımıza, indilik baxaq görək bu “ən müasir tələblərə cavab verən fəvvarə” nə deməkdir. Çünki birinci dəfə deyil, harda fəvvarə qayırılsa, onun açılışı üçün prezident şəxsən getsə AzərTAc mütləq belə xəbər yayır ki, müasir tələblərə cavab verən fəvvarənin biri də artdı.
Bu bir lağlağıdırmı? Fəvvarə üçün hansısa müasir tələblər varmı? Yoxsa AzərTAc cənab prezidentlə məzələnmək üçün belə idiot cümlələr yazır? Kiçik jurnalist araşdırması nəticəsində ortaya maraqlı informasiyalar çıxdı. Sən demə dünyada fəvvarələr üçün müasir tələblər doğrudan da vardır!
İlk növbədə, fəvvarədən hərdən su püskürməlidir ki, bu tələb ölkəmizdə qurulan yeni fəvvarələrdə daim nəzərə alınır. Halbuki, AXC-Müsavat cütlüyünün hakimiyyəti yüzilliyində bizdə ancaq quru fəvvarələr qayırırdılar.
İkinci müasir tələb fəvvarədən internetə girmək, facebook sosial şəbəkəsində yazışmaq, online alış-veriş imkanları, kinoya baxmaq, musiqi dinləmək kimi xidmətlərin mövcudluğudur. (Bu “mövcud” sözü qədər iyrəndiyim bəlkə ikinci söz yoxdur, qəsdən burda yazdım).
Üçüncüsü, fəvvarədə prezident seçkisi zamanı səs vermək imkanları olmalıdır. Balıq tutmaq, kiçik ehtiyacları ödəmək, kitab oxumaq, maşın sürmək, başını yumaq, dişini düzəltdirmək, toy gecəsi uğursuzluğunun, keçəlliyin qarşısının alınması, burun çəpəri əyriliyinin düzəldilməsi - bunlar hamısı fəvvarələr qarşısında qoyulan müasir tələblərdən kiçik qismidir. Həmçinin, fəvvarədə yumurta soyutması bişirmək imkanı olmalıdır.
Dördüncüsü, müasir dövrdə fəvvarələrdən tələb olunur ki, onlar ictimai-siyasi asayişi qorusunlar, kimsə fəvvarənin yanından keçib “azadlıq”, “qanun”, “insan”, “hüquq” kimi tərbiyəsiz, pis sözlər işlədəndə su püskürdüb o şəxsləri qovsunlar. Fəvvarələr cənab prezidentin siyasəti ətrafında sıx birləşərək xoşbəxt gələcəyimiz uğrunda çalışmalı, daim lazım gəlsə Qarabağa getməyə hazır olmalıdır. “Möhtərəm prezidentimizin əmri ilə İsa bulağının yanında püskürməyə gələn Novruz bayramında inşallah, maşallah, bissimillah və sairə və ilaxır...”
Hamınıza, hər bir vətəndaşımıza ən azı fəvvarə qədər müasir tələblərə cavab verməyi arzu edirəm.