Medianews.az
Hava sabitləşən gün
145 baxış

Hava sabitləşən gün

Zamin HACI

zaminhaci@gmail.com

Hava sabitləşən gün

 

Astronomlarımızın 10 mayla bağlı xəbərindən yazmışdıq. Onlar deyirdilər ki, həmin gün planetdə Günəş tutulması olacaqdır. Budur, indi daha bir dövlət idarəsindən o mübarək günlə əlaqədar informasiya çıxmışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu (lənət şeytana, bu idarənin adını yazıb qurtarınca ölkədə fəsillər dəyişir, yaz ötür, yay gəlir, payız olur, qış qapını kəsdirir) uca millətimizə bəyan edibdir: Azərbaycanda qeyri-sabit hava şəraiti mayın 10-na qədər davam edəcəkdir.

 

Həqiqətən, son vaxtlar ölkədə çox anomal havalar vardır. Səhər evdən maykada çıxırsan, axşam soyuqdan yorğana düşürsən. Gecələr küçələrdə gəzmək də olmur, tam qeyri-sabitlikdir, neçə nəfəri ildırım vurub, dolu altında başı-gözü yarılanlar, sel-suda boğulanlar, günvurmadan, donvurmadan, cinvurmadan, döngirmədən (bu təzə yaltaqlıq üsuludur)  ölənlər N qədərdir. Ağaclar da çaşıblar, dünən bir alça mənə deyir ki, bilsəydim belə hava olacaq, heç çiçək açmazdım. 

Bəs bu axmaq hava niyə 10 mayda sabitləşib iqlim normasına uyğun olacaqdır? Ay sizi, xətakar və təvazökar hidrometeoroloqlar... Xalq həqiqəti bilməlidir. 10 may dahi rəhbərimizin, ictimai-siyasi sabitliyin banisinin doğum günüdür. Hava bu münasibətlə sabitləşəcəkdir. 

Hava və kosmos işçilərimizin siyasi cəhətdən nə qədər ayıq-sayıq olduğunu gördük. Bəs qalan dövlət idarələri 10 maya nə ilə hazırlaşıblar? Diqqət edəndə görürük ki, çox zəif hazırlıq prosesi gedir. Bəyəm pis olardı ki, Müdafiə Nazirliyi “10 maydan sonra cəbhə xəttində düşmən cavab atəşi ilə susdurulacaq” deyərdi? Yaxud polis nazirliyi axtarışda olan bütün cinayətkarların 10 mayda tutulub istintaqa təhvil veriləcəyini vəd etməli idi. İşləmirlər. Hamısı boş-boş veyillənirlər. 

Nəticədə Bakıda Türk Liseyinin binası yanmışdır. Bir neçə nəfər borca görə intihar etmişdir. Təzə təhsil naziri jurnalistlərə “mikrofonu bir az aşağı tutun, çalışacağam sizə mikrofon tutmağı öyrədim, özüm vaxtilə çox toyları yola vermişəm” demişdir. 

Oxucu deyə bilər ki, yaxşı, bunların mövzu ilə nə əlaqəsi vardır. Desin, vecimə deyil. Guya Azərbaycanda hər şeyin bir-birinə dəxli və əlaqəsi var imiş, qalıbmış bircə bizim cızmaqara... 

Yaxud Bakıda 2 metro stansiyasını vaxtında təhvil verə bilmirlər, bunların 1 stansiya tikdiyi müddətdə xaricdə, xaric cəhənnəmə, elə təzə ayrıldığımız Rusiyanın özündə azı 5 stansiya tikib istifadəyə verirlər, ancaq utanan varmı? Əksinə, həyasızlıqla camaatın üstünə gedirlər. 

Dünən oxuyuram ki, yeraltı dünyanın kralı Gəncə, Sumqayıt və Naxçıvanda da metro tikiləcəyini bəyan edib. Sən hələ Bakı metrosunu yarıt, qalsın Gəncə... Adam Bakı metrosuna basırıq, iy-qoxu, axmaq qrafik üzündən girmək də istəmir, az qala maşinist kabinəsində də qadın tumanı satan köşklər açılıb. 

Ancaq gopa basmaq idisə, gərək Tağı bəy axıracan basaydı. Dünən Şuşanın işğal günü idi, məsələn, metronu Şuşa ilə əlaqələndirə bilərdi, deyərdi ki, orda metro tikəcəyik, birbaşa “Memar Əcəmi” - “İsa bulağı”, “Xalqlar dostluğu” - “Cıdır düzü” xətləri olacaqdır. Bakıdan gir yerin altına, bir də Şuşada çıx. Prinsipcə, bu qədər uzun çəkən işğaldan sonra yerə girmək elə məsləhətlidir. Girib çıxmamaq da olar. 

Şuşa demişkən, 10 may münasibəti ilə Lenin sarayının qabağında Şuşanın bir darvazasının maketi qurulubdur, yəqin bunu bilirsiniz. O qapıya Şuşanın “Gəncə darvazası” deyirlər. Vaxti ilə burdan çıxıb Gəncəyə gedirmişlər, yəqin ona görə. İndi xalq tələb edir ki, Şuşanın başqa qapılarının da maketi qoyulsun. Şəhərin bir girişi olsa, camaatımız basabasa düşər. Mayın 10-da o qapıdan keçmək istəyən o qədər insan olacaqdır ki...

Nə isə... İndi söz əlaqədar təşkilatlarındır.

musavat.com

Bizə qoşulun