Famil CƏFƏRLİ
familceferli2@gmail.com
Nazir oğlunun təbliğatı
Bunlar son vaxtlar qəribə bir “azara” tutulub. Buna haradasa xobbi də demək olar, bir-biri ilə bəhsəbəhs yarış da, pul yemək, pul silmək üsulu da, özünə təskinlik vermək metodu da. Bilmirəm nədir, amma yappilər son illər heç bir nüfuzu olmayan, adını birinci dəfə eşitdiyimiz xarici qəzet-jurnallarda özlərini təriflətdirən şit yazılar yazdırmaqdan sarı sinov gedirlər. Az qala hər həftə belə yazılar yazdırırlar. Təbii ki, “Yeni Azərbaycan” qəzeti ruhundakı bu tip yazılar babat pula yazılır. Belə işləri heç bir axmaq havayı görməz.
Məsələn, bu məzmunlu xəbərləri AzərTAc-dan tez-tez oxuyur, AzTV-dən tez-tez eşidirik: “Pakistanın nüfuzlu ”Salaməleyküm” qəzetində YAP-ın qazandığı fantastik uğurlardan söz açılmışdır”; “Əlcəzairin nüfuzlu “Əleykümsalam” jurnalında Azərbaycan hökumətinin nailiyyətlərindən bəhs edən məqalə dərc olunmuşdur”; “Türkmənistanın dünyada məşhur “Dartmaqopdu” nəşri Azərbaycanı regionun lideri adlandırmışdır”…
Dünya sıralamasında ən axırıncı yerlərdə gedən, öz əhalisi it kökündə yaşayan kasıb, savadsız ölkələrin heç kimə gərək olmayan makulaturasında belə şit təbliğatın nə effekt verəcəyini qoy Mübariz Qurbanlı xırdalasın. Aydın məsələdir, belə düşük yazıları ciddi nəşrlərdə görmək mümkün deyil. Özünə hörmət eləyən heç bir ciddi və nüfuzlu qəzet-jurnal bunlar nə qədər pul bassa da belə biabırçılığa getməz. Gedənlər də öz ölkələrinin “Səs”i, “Lider”idir…
Amma Ziya Məmmədovun oğlu Anar müəllim bir az fərqli yol tutub. Deyəsən, Anar balaya başa salıblar ki, Qırğızıstanın, Əfqanıstanın “Durmaqaç” tipli divar qəzetləri ilə iş aşmaz, bir az iri, sanballı nəşrlərə çıxış tapmaq lazımdır. O da tapıb.
Bu günlərdə xəbər çıxdı ki, ABŞ-ın forbes.com saytında “Bakı: 1500 yaşı olan ləl daşı inkişaf etmiş infrastrukturu, innovativ texnologiyaları və müxtəlif müəssisələri ilə bərq vurur” başlıqlı məqalə dərc olunub. Adından, məzmunundan da göründüyü kimi, yazı YAP hökumətinə bəy tərifi vurmaq məqsədi güdür. Onun sifarişçisi də kim ola, kim olmaya, Azərbaycan Amerika Alyansının (AAA) təsisçisi Anar Məmmədov. Forbes.com saytının bir sürü əməkdaşı onun təşəbbüsü və təşkilatçılığı, yəni pulu ilə Bakıya gəlib və həmin yazını yazıblar.
Məqalədə Azərbaycanda aparılan yenidənqurma işlərindən, tikinti proseslərindən, inkişafdan bəhs olunub. Neft kapitalının böyük məharətlə insan kapitalına çevrilməsindən qırıldadan müəlliflərin bu fikirlərini oxuyan istənilən ağlı başında adam buna uğunmalıdır. Söhbət hansı insanlardan gedir? Bunlar Balakənin üç kəndinə ilk dəfə (!) qaz verilməsini bayram edəndə çox gülməli görünürlər.
Qaz hələ cəhənnəm olsun. Bunlar gör nə ilə lovğalanır?! O gün xəbər oxuyuram ki, yappi hökuməti hansısa aran rayonunda 7-8 kəndin əhalisinin içməli su probleminin həllini nəzərdə tutan layihə hazırlayır. Ura! Yaşasın YAP! Siyavuşa eşq olsun!
Vasif Talıbov demişkən, iks-iks, bir dənə də dikinə xətt, yəni XXI əsrdə bunların qələbəsinə, uğuruna, sevincinə bax! Bunu yekə-yekə, pafosla elan eləyib sevindiklərindən az qala mayallaq aşırdılar. Budur insan kapitalı?! Bu kapital bəs bu vaxta qədər harada itib-batmışdı, nə içirdi, üzünü-gözünü nə ilə yuyurdu? Samuxda icra başçısının əli ilə adicə suyu da xalqa, insanlara satırlarsa, bu, nə insan kapitalı nağılıdır?! Utanmırlar, bunu hələ dilə də gətirirlər.
Adam forbes.com-un jurnalistlərinin lotuluğuna mat qalır. Gözü ən balaca adalarındakı hər xırda əməliyyatı da sezən yankilər Azərbaycanda xalqın acınacaqlı vəziyyətindən guya bixəbərdirlər, buradakı vəziyyəti guya görmürlər?! Yabı kimi görürlər də, bilirlər də. Onu da dəqiq bilirlər ki, Anar balanın atasının qoçuları insan kapitalını arada təpiyin altına salıb çırpır. Amma Anar bala pulları dəstələyib tutur yankilərin gözünün qabağına, kor olurlar…
Çox pul da elə şeydir ki, onun gücünə hətta Ancelina Colini də YAP-a üzv yazdırmaq olar. Doğrudan e, məşhur Hollivud ulduzlarını YAP-a gətirmək yappilərin ağlına indiyəcən nə əcəb gəlməyib?! Təklif məndən, hərəkət nazir oğlundan. Pul da ki, N qədər varımızdır…