
Həbsdə olan sabiq deputat Gülər Əhmədova artıq hicab taxmağa başlayıb. "Yeni Müsavat"ın əməkdaşı bunu dəqiqləşdirmək üçün keçmiş deputatın vəkillərindən olan Raqif Mustafayevlə əlaqə saxlayıb. R.Mustafayev müvəkkilinin həqiqətən hicab taxdığını və namaz qıldığını söyləyib. O, Əhmədovanın vəkillərindən birindən - Eldar Qədimidən imtina etdiyini də açıqladı. Bununla bağlı o, sabiq deputatın ərizə yazdığını və yaxın günlərdə bunun müvafiq instansiyalara çatdırılacağını dedi. R.Mustafayev dedi ki, E.Qədimidən imtina olunmasının səbəbi sonuncunun müdafiə ilə bağlı iş görməməsi olub.
Sözügedən xəbərlə bağlı E. Qədimi “Yeni Müsavat”a açıqlamasında bu barədə ona heç nə deyilmədiyini söylədi. Qədimi R.Mustafayevi nəzərdə tutaraq, “o nağılbaz vəkil hələ çox şey danışacaq” dedi: “Dünən deyirdi ki, guya mən ərizə yazıb imtina etmişəm. İndi isə deyir ki, Gülər xanım məndən imtina edib. İmtina etsə də, sağ olsun, etməsə də. Bütün variantda itki olmayacaq mənim üçün”. Müsahibimiz R.Mustafayevin taktikası ilə razı olmadığını da bildirdi: “İki vəkil işləsin, biri hə desin, o biri yox. Ona görə də ona dedim ki, danışırsan, get danış. Danışmırsan, danışma. Özümü gülməli vəziyyətə qoymaq istəmirəm”.
01.05.2013, 05:47
160
baxış
Gurban Alakbar