
Zamin HACI
Molyuskların prezidenti
Elmlər Akademiyasına təzəlikcə bir prezident seçdilər, Akif Əlizadə adlı bu adam isə seçkidən sonra özünə göstərilən etimada görə İlham Əliyevə minnətdarlıq elədi. Əgər seçki olubsa, bu nədir? Beləsinin alimliyinə də bir qoz...
Elə bu cür adamlara görə Azərbaycanda nə elm qalıb, nə dərrakə. Çünki elm - cəsarət tələb edir. Cəsur olmalısan, inkarçı olmalısan, özündən əvvəlkiləri təftiş eləməli, ağıla gəlməyən sahələrə girişməlisən, heç bir avtoritetdən qorxmamalısan. Yalnız bu halda elm inkişaf edər. Cəsarət elmin mühərrikidir, motorudur. Dünya tarixində bir nəfər belə qorxaq alim tapmaq mümkün deyildir.
Akademiyanın bu yeni-köhnə prezidenti - 79 yaşlı adama necə “yeni prezident” demək olar, bunu da yapokratların öhdəsinə buraxaq - daha irəli gedərək payızdakı prezident seçkisindən də danışıb. Növbəti biabırçılıq eləyib. APA müxbiri Akademiyada boş qalan bəzi yerlərdən sual verib, Akif Əlizadə isə deyib: “Biz bütün potensialımızı prezident seçkisi üçün cəmləyirik, alimləri yığıb İlham Əliyevin yenidən namizədliyini irəli sürəcəyik, onun prezident olması üçün çalışacağıq” və sairə.
Burada oxucular üçün arayış verim. Akif Əlizadə siyasi elmlər üzrə alim deyil. Bəd ayaqda heç tarixçi, filoloq da deyil. O zaman bu alimi-biəməl prezident seçkisi kimi siyasi hadisədə hansı sifətlə çalışa bilər? Əlizadənin çalışdığı sahə geologiyadır, uzun illər elə Azərbaycan Geologiya İnstitutunu Yerin dərin qatlarına gömməklə məşğul olmuşdur. Ancaq geologiya da rəngarəng elmdir, bəs görəsən Əlizadənin dar ixtisaslaşmasının prezident seçkiləri ilə hansısa əlaqəsi varmı? O mənada yazıram ki, bəlkə neft geologiyası üzrə alim olsa yeni yataqdan-zaddan tapardı, yapokratiyanın kisəsini pulla daha çox doldurardı. Akif əkə isə (buna əkə yazdım, ayrı Akif əkə yadımda düşdü - QAT sədri) paleontoloqdur, tabaşir dövrü, molyusklar, başıayaqlılar, nə bilim, dalıbelindələr fəsiləsindən heyvan qalıqlarını araşdırmaqla məşqulat etmişdir.
İndi özünüz deyin: molyusklar üzrə alimin İlham Əliyevə seçkidə hansı köməyi dəyə bilər ki? Get işinlə məşğul ol da bə! Bəlkə Məzahir Pənahov sənin əvəzinə gəlib molyusk qabığı eşməlidir? Yainki, Usubov Çevik Polis Alayını Çevik Paleontoloqlar Alayı adlandırıb qədim Tetis okeanının qalıqlarını araşdırmaq üçün Güzdək dağlarına ekspedisiya yollamalıdır? Niyə bu xarabada hər kəs öz işi ilə məşğul deyildir? Gənclər, tələbələr, elm yoluna qədəm qoymaq istəyənlər səndən nə öyrənəcək?
Heç olmazsa bir azca xəcalət çəkin, qızarın. Desəm dünyadan xəbəriniz yoxdur, yalan olar. Ən azı dünyanın avro, dollar kimi pul vahidlərini yaxşı tanıyırsınız, Avropanın, Amerikanın, Qərbin pulları ilə neçə qrant lahiyələri basıb yemisiniz, hətta qoca Soros kimi xəsisdən də para qapmısınız. Bir o yerlərin alimlərindən soruşun, görün hansı “hələlik elmi işləri dayandırıb payızdakı prezident seçkisinə hazırlaşırıq” söyləyir? Adam sizin kimi “alimlərə” baxanda xəcalət çəkir, evolyusiya prosesinə nifrət edir, ürəyindən keçir ki, kaş bu ölkədə indi ancaq molyusklar yaşayardı.
Sonda oxucumuz Nigar xanımın məktubu: “Dünən bir hadisənin şahidi oldum. Faciə desəm daha doğru olar. Mən oxuduğum 238 saylı məktəblə 145 saylı məktəbin arasında ortaq bir park vardı. Artıq yoxdur. Mişar daşından nəsə obyekt tikirlər. Neçə illik şam, küknar ağacları vardı... Analar skamyalarda oturub uşaqlarını gözləyərdi. Yelləncəklər vardı. Bələdiyyə o parkı hansı əsasla satıb? Əvvəl də parkın yarısını tutan çayxana tikmişdilər. Amma bu lap ağ oldu”.
musavat.com