
Zamin HACI
zaminhaci@gmail.com
Gəmi ilə, meşəyə doğru!
Camaat bəzi rayonlarda icra hakimiyyəti başçılarının atasına od vurandan sonra yapokratiya guya çıxış yolu tapıbdır, nisbətən iri kalibrli kadrlarını – nazirləri və nazir statuslu şəxsləri rayonlara desant atır. Bir az məntiq var: icra hakimi bütün günü rayonda sülənib camaatın gözünü yağır eləyir, ürəyini bulandırır, nazir isə gəlir, bir-iki kəlmə qırıldadıb dərhal cəhənnəm olur. Nə qədər cəld adam olsa da, bu naziri tutub “cavab ver görək, ay filan-filan olmuş!” demək mümkün deyildir. Hələ “Hammer”ini tüstülətməyi heç demirəm.
Ancaq bu da uğursuz piar aksiyasıdır, çünki yapokratiya rayonlara iri çaplı məmurları ağına-bozuna baxmadan göndərir. Yalnız 3 faktı yazacağam, özünüz qiymət verin.
Aprelin birinci ongünlüyündə baş prokuror Zakir Qaralovu şimal-qərb rayonlarına səfərə yolladılar. Qaralov orada, yanılmıramsa, Ağstafa rayonunda ətraf rayonlardan gəlmiş şikayətçiləri qəbul elədi. 200 şikayətçi gəlibmiş, prokuror onlara qulaq asıbmış və sairə. Məlumat belə verilmişdi, nə dərəcədə doğrudur, hələ bunu qırağa qoyaq.
Bunun mənası nədir? Baş prokurorun fəaliyyətindən əziyyət çəkənlər – siyasi və vicdan məhbusları hazırda daha çox Bakı ərazisindədir, bəs bu niyə Ağstafaya gedir? Əgər həqiqətən xalqın səsini eşitmək istəyirdisə, Qaralovun artistlik eləyib regiona getməsi lazım deyildi, elə Bakıda onun qanunsuz sanksiyaları ilə həbs edilən, əziyyət çəkən NİDA Vətəndaş Hərəkatınının, Müsavat, AXCP, REAL hərəkatının üzvləri ilə görüşlər keçirtməli idi. Bakıda və ətraf kəndlərdə cürbəcür üsullarla şərlənib tutulan islamçılarla görüşməli idi. Təbii ki, Qaralov Ağstafa zonasını kurasiyasında saxlayır, neçə illərdir bu rayonda asfalt çəkmək işinə də baş prokurorluq baxır və biz bu səfəri başa düşürük. Gərək ildə bir neçə dəfə dükana baş çəkəsən.
Ancaq insafınız olsun, gopu da məntiqlə eləyin. Adi riyazi hesablama Zakir Qaralovun orda bir gündə 200 şikayətçini qəbul edib dinləməsinin absurd olduğunu ortaya qoyur. Bir iş gününü 8 saat götürsək, bu eləyir 480 dəqiqə (8x60=480). 480 dəqiqəni 200 şikayətçi arasında bölsək hər şikayətçiyə 2 dəqiqə 40 saniyə düşür. Hələ mən 8 saatı - ən yuxarı həddi götürdüm, böyük ehtimalla Qaralovun səfəri 1-2 saatdan çox çəkməyibdir və bu minvalla 200 şikayətçi “salam, sağ ol” səviyyəsində qəbul edilibdir.
İkinci bir gülünc səfəri nəqliyyat naziri Ziya Məmmədov Quba rayonuna edibdir. O da orda guya əhalinin şikayətlərini dinləyibdir. Deyən gərək, sənin Qubada nə itin azıb? Axı bu nazirin yaratdığı problemlərdən əziyyət çəkənlər yol kənarlarında yaşayanlar, o cümlədən, taksi sürücüləri, dəmiryolu işçiləri, marşrut sərnişinləri və sairədir. Məntiqlə, Ziya əkə əhalini ya Avtovağzalda, ya Biləcəri stansiyasında qəbul etməlidir. Qubada Nəqliyyat Nazirliyi ilə problemi olan nə qədər adam yaşayır ki?
Oyununuz olsun. Atın qabağına ət, qurdun qabağına ot qoymaq siyasəti buna deyirlər. Təbii, xalqa münasibət baxımından. Yoxsa həmin nazirin Qubaya hansı “ət” dalıyca getdiyi, hansı rayonu hansı nazirin fırlatdığını, hansı kəndə kətxudanı kimin qoyduğunu millət yaxşı bilir. Bizdə bu karikaturaya “dövlətçilik siyasəti” deyirlər.
Nəhayət üçüncü səfər... Doğrusu, bu hələ olmayıb deyəsən, ancaq olmalıdır. Çıxan qan damarda durmaz, xəbər çıxıbsa olacaq. Xəbər isə böylədir ki, təhsil naziri Misir Mərdanov Xaçmaz rayonuna gedəcəkdir, orda əhalinin şikayətlərinə qulaq asacaqdır.
Ay Misir müəllim, Xaçmaza nöşün gedirsən? Elə burdan-bura Bakıda təhsil eksperti Əlövsət Osmanlının suallarına cavab ver. De görək, şagird qiymətləndirməsi üzrə beynəlxalq PİSA proqramının fəaliyyətini niyə pozmusunuz? Azərbaycan məktəblilərinin qiymətləri ilbəil uçuruma yuvarlanır, bunu gizlətmək üçünmü? TQDK daha neçə dərsliyi “brak” çıxartdı? Məktəblərə candərdi, gününü yola vermək üçün gələn qadınlar müəllimlərin say nisbətində 95 faizə çatdımı? Məktəbin tabutuna axırıncı mıxı haçan vurursunuz?
Açığı, mən bu yazını Qaxda yazmaq istəyirdim, baş redaktor şərait yaratmadı.