Medianews.az
Ətdirsə, pişik hanı, ay YAP?
223 baxış

Ətdirsə, pişik hanı, ay YAP?

 

Famil CƏFƏRLİ

familceferli2@gmail.com

 

Ətdirsə, pişik hanı, ay YAP?

 

Madam Rusiya məsələsi bu dəqiqə çox aktualdır, dözümlü xalqımız rusların burada hökuməti aşırdacağına inanmaq istəyir, gərək söhbətimizi də şimal qonşumuzla başlayaq. Rus müğənnisi Dima Blan o gün yenə şoka düşüb. Çünki adam yenə Bakıya gəlibmiş. Özü belə deyib: “Bakıya hər gəlişim zamanı şoka düşürəm”.

 

Siftə elə bildim yazıq Blan buradakı  biabırçılıqdan, kütləvi həbslərdən, haqsızlıqdan, harınlıqdan, pintilikdən dalbadal şoka girib-çıxır, girib-çıxır. İstədim deyəm ay Blan, vay Blan, bəs biz yazıqlar neyləyək. Sənin hesabınla biz gərək həmişə komada olaq ki...

 

Sonra gördüm yox, bu Blan da elə bizim Siyavuş düşüncəsində, Abutalıbov ağılda olan biridir. Danışığına baxanda elə bilirsən Əli Əhmədov AzTV-də danışır. Bakını elə hey tərifləyib. Guya Bakı hər gün dəyişib gözəlləşirmiş...

 

Harası, nəyi, ay Blan?! Prezident Aparatının sözünə qulaq asma, gəl səni aparım Əhmədliyə, Xırdalana, Masazıra, Zığa, Yasamala. Əsl şoka düşməli yerlər oradadır. Orada elə bərbad məhəllələr, küçələr var ki, üfunətindən baş çatlayır, burun tutulur, göz göynəyir, üz səyriyir. Şok nədir e, adam dizə qədər o birisinə də düşür.

 

Məsələn, Xırdalanda bu dəqiqə salamat küçə qalmayıb. Bunun təkcə elə səbəbi də adamı şoka salır. Gəzən şayiələrə görə, Abşeronun icra başçısı Zakir Fərəcov bir gün yağlı-üzlü yeməklərdən çox istemal edərək yatıb. Ağır yemək yaxşı yuxu gətirsə də qəribə, qorxulu yuxular da görürsən. Zakir müəllim də yuxusunda nə görübsə, 6-7 ay əvvəl salınan abad, rahat yolları qazdırıb tökdürüb. Nə düzəldirlər, nə də bir az da dərin qazmırlar ki, camaat o dərəyə yuvarlanıb lazımi ünvana birdəfəlik vasil ola bilsin, canı bu zülmdən qurtarsın. Artıq 5-6 aydır Xırdalan camaatı yerli icra strukturlarının səkkiz arxa dönəninə dua oxuya-oxuya evinə-işinə gedib-gəlir.

 

Xırdalanda xırda bir yerin əhənglənməsinə AzTV-də əl çalan ağsaqqallar o gün yığışıb bu qərara gəliblər ki, Zakir müəllim yuxuda üç dənə ekskavator, dörd dənə buldozer, beş dənə yerqazan traktor, altı dənə betonqarışdıran, yeddi dənə də asfaltbasan maşın görüb. Yuxuda ikən onları dərhal hesablayıb, görüb Xırdalan küçələrində 25 texnika birdən işləsə, bunun babat mənfəəti olar. Camaata yox, cibə. Camaat onsuz da həmişə ziyandadır. Həm də yer qazmaq savabdır. Necə deyərlər, torpaq deyir qaz-əz məni, əzizləyim səni. Nə bilirsən, qazıntı zamanı yerin altından bəlkə həm də qızıl küpü çıxdı. Ağıllı məmurlar cildində yerüstü sərvətlərimiz bol olduğu sayaq yeraltı sərvətlərimiz də çoxdur...

 

Nə isə, bu Blanun şoka düşməsi əhvalatının əsl səbəbi də tapılıb. Mən tapmışam. Adamı aeroportdan bulvarın qırağındakı otellərə gətirib parıldayan yerləri göstərirlər. Sonra aparıb doyunca kürü yedizdirirlər, kürü ilə araqdan vurur. Cibinə də hər gələndə bir-iki yüz min basırlar, halı və başı çönür. Adam bu boyda təzyiqin üstündən şoka düşər də. Bu da özümüzünkülər deyil ha təpəsinə döyələr, qabırğasını qıralar. Bu Blan xaricidir. Bizim kütbeyinlər isə əcnəbi görəndə mayallaq aşmağa da hazır dayanırlar. Öz balaca ağıllarınca xaricdə lobbi qayırırlar. Axırı da ki, məlumdur - bizi hamı ilə düşmən eləyən xarici siyasətimiz göz qabağındadır. Onu hətta Məmmədyarov da hər gün görür...

 

Amma yox. Xarici siyasətimizin uğurları da var. Bizimkilərin ağlından yararlanan ölkələri deyirəm. Biri elə Səudiyyə Ərəbistanı. Bu ölkə Yəmənlə sərhəddə 2 min kilometr uzunluğunda divar tikir. Buna Allah bilir neçə milyard gedəcək. Müsəlmandır axı, axçanı tapanda boğça tapmır.

 

Gəl görək Yəmənlə neçə min ildir qonşu olan Səudiyyə bu eşqə haradan, necə və niyə düşüb. Deməli, aprelin 2-də Səudiyyə Ərəbistanından Bakıya bir qonaq gəlmişdi - Zumeyyim bin Cuveybir əs-Səvvat. Bu adam Səudiyyə Ərəbistanı Sərhəd Xidmətinin baş direktoru idi. Gəlib burada bizimkilərdən, sərhəd generalımız Elçin Quliyevdən nə hikmət əxz edibsə, ölkəsinə dönər-dönməz 2 min kilometr söhbətini eləyib. Yəqin bizimkilər onun qulağına pıçıldayıb ki, evin tikilsin, o boyda divar tiksən, həm tikintidən qazanarsan, həm də divarı o üz-bu üzə keçənlərdən pul yığarsan. Atı atın yanında bağlayanda axırı belə olur da bə...

 

Atın yanından qayıdaq ayının yanına. Rusiyada 599 min azərbaycanlı miqrant varmış. Bu rəqəm mənə YAP-ın 600 min üzvünü xatırlatdı. 599 min azərbaycanlı da Rusiyaya çörək dalınca qaçıb. Təbii ki, sevə-sevə yox. Siyavuşsa arada deyir ki, xalqın 90 faizi bizi dəstəkləyir. Hanı bəs?! Rəqəmlər də göstərir ki, hələ burada qalıb nifrət eləyənləri demirəm, söyüb gedənlərin sayı başabaş gəlir ki... Hələ 599 min nəfərin burada qalan ata-anası, arvad-uşağını da üst-üstə gəlsək, YAP-a nifrətin fiziki-riyazi miqyası, ölçüləri, hədd-hüdudu bilinər. Yaxşı, ay yoldaş Hadı Rəcəbli, pişikdirsə, ət hanı...

musavat.com

Bizə qoşulun