Medianews.az
Pencər yığan Qarabağ döyüşçüsü
142 baxış

Pencər yığan Qarabağ döyüşçüsü

Elşad PAŞASOY

epashasoy@yahoo.com

Pencər yığan Qarabağ döyüşçüsü

 

Hələ bir tövləsini də qaytara bilmədiyimiz Qarabağ savaşında növbəti itkimizi verdik. Aprelin 2-də Ermənistanla sərhəddə itkin düşən Qazax sakini Sabir Kərimovun meyiti tapılıb. Cəbhə xəttindəki meşədə aşkarlanan 47 yaşlı mərhumun meyitinin parçalanmış vəziyyətdə olması səbəbindən onun minaya düşdüyü ehtimal edilir.

Ancaq əminəm ki, Sabir erməni əsirliyinə düşsəydi də salamat qayıtmayacaqdı. Çünki o, Qarabağ döyüşçüsü idi. Əsirlərin damarına kerosin vuran erməni cəlladları keçmiş döyüşçünü çətin sağ buraxaydılar, öldürüb bir quyuya atacaqdılar. Bu qara xəbərlə bağlı ən dəhşətli məqam o idi ki, Sabir cəbhə xəttini erməni tərəfdə kəşfiyyat aparmaq, düşmənin mövqelərini dəqiqləşdirmək üçün keçməmişdi. O, həmin gün meşəyə... pencər yığmaq üçün gedibmiş. Bibisi oğlu Mətləb Mustafayev deyib ki, keçmiş döyüşçü neçə illər imiş ailəsini göyərti növü olan pencər toplayıb satmaqla dolandırırmış. “Açılan” 1 milyon iş yerindən nə keçmiş döyüşçüyə, nə də həyat yoldaşına çatmadığından pencər yığırmış.
Nə qədər ki bizim əsgərlərimiz postda intihar edir (sonuncu belə hadisə aprelin 6-da Tərtərdə baş verdi, əsgər Elman İmanov postda özünü avtomatla vurdu), Sabir kimi keçmiş döyüşçümüz isə göyərti yığmaq üçün getdiyi yerdə minaya düşür, əlbət ki, Qarabağı qaytara bilməyəcəyik...
Bu günlərdə offşor zonalardakı milyardlarla bağlı dünya çapında böyük qalmaqal başlayıb. Dövlət rəsmilərindən biri də deyib ki, Azərbaycan Avropaya yatırım qoyur. Monteneqroya - Avropanın Qaradağına yatırım qoyanda hərdən Azərbaycanın Qaradağı, Qarabağı, Şəkisi, Lənkəranı barədə də düşünmək lazımdır. Əgər Qazaxda bir sənaye, emal müəssisəsi açılsaydı, o zaman Kərimovlar ailəsindən də bəlkə burada çalışıb evinə çörəkpulu aparardı.
Bu günlərdə xəbər yayıldı ki, Dövlət Neft Fondu daha 1 ton qızıl alıb Bakıya gətirib. Beləliklə, investisiya məqsədilə alınan qızılın həcmi 19 tona çatıb. 46 milyardlıq neft pulumuzun olduğunu da hər yerə car çəkirik. Ancaq döyüşçümüz pencər satıb uşağını dolandırırdı. Bundan sonra Sabirin ailəsi necə yaşayacaq?! Bəlkə indi də övladı pencər meşəsinə, o minalanmış sahəyə yollansın?! Bu gün Qarabağ veteranına 33 manat pensiya verilir. Əlillərin 2001-ci ildə ləğv olunan güzəştlərinin əvəzində isə cəmi 12 manat ödənilir. Bəlkə daha bizə Qarabağ lazım deyil?! Yoxsa cənnət offşor zonalarda hesablar varkən cənnət Şuşanın qaytarılmasını mənasız sayırıq?!
Hər gün hansısa iri layihələrə, hansısa rayonlara milyonların ayrılması xəbərini eşidirik. Deyirlər ki, bu, insanların rifahı üçündür. Bəs niyə bu milyonlar ayrıldığı halda nə 30 illik salınan yollarımız üçcə il dözmür, nə insanlarımızın üzü gülmür, nə ölüm-itim, intiharlar, qanlı hadisələr azalmır? Axı məntiqlə biz dəyişib inkişaf eləməli idik. Həftənin əvvəli şagird intihar eləmişdi, həftə sonu məktəb direktorunun damarlarını kəsdiyi xəbəri gəldi. Yollardakı qəzalarda ölənləri sürücü mədəniyyətinin olmaması, sovet maşınlarının keyfiyyətsizliyi ilə izah edirsiniz. Bəs baş verən başqa hadisələrin adını nə qoyaq?
Təkcə İspaniyanın “Atletiko” (Madrid) futbol klubuna guya Azərbaycanı reklam eləməsi üçün 20 milyon avroya yaxın neft pulu veriblər. Hansı ki, ötən illərdə YAP komandası Azərbaycanı “reklam edən” o qədər əməllərə sahiblik edib ki, əlavə pullar xərcləməyə ehtiyac qalmırdı. Qərb az qala hər gün Azərbaycanda pozulan haqlardan, tapdanan insan hüquqlarından bəhs edən hesabatlar yayır, nüfuzlu qəzetlər tənqidi materiallar dərc eləyir. Elə srağagün “Naxçıvan xanı”nın fironluq etdiyi yerdə Azərbaycanın istiqlalçı deputatı olmuş bir insanı - İbrahim İbrahimlini vəhşicəsinə döydülər. Bunun özü ölkəmizin dünyaya “tanıdılması” layihəsi deyilmi, əlavə pul xərcləmək nəyə lazım?
Hakimiyyət Avropaya daşınan pul-para, kürüdən bir misqal ayırıb bu xalqın kasıb zümrəsinə xərcləsəydi, ölkə vətəndaşı ilə insan kimi rəftar eləsəydi, Amerikada, Avropada bu qədər xərcə düşməz, imicini yaxşılaşdırmaq üçün çalışmazdı. YAP hökuməti dünyaya göy dollarlar səpməkdə ikən bizim keçmiş döyüşçü balasını saxlamaq üçün göyərti yığır. Əcəb işdir...

 

 

Bizə qoşulun