Zamin HACI
zaminhaci@gmail.com
Dükanda yaşayan siçovulun xatirələri
Bu yazımda heç bir ad çəkməyəcəm (diqqətli oxucu donquldanır: “guya o birilərində çəkə bilirdin?”), çünki ölkəmizdə jurnalistika çox əcaib durumla üzləşibdir. Qəzetlər yüz faiz həqiqət olan bir hadisədən yazırlar, ancaq hadisədə adı keçən məmur sabah qəzeti verir məhkəməyə, 50 min manat cərimə kəsdirir, təkzib verdirir, qalırsan yana-yana. Məhkəmə icra hakimiyyətinin əl tulası olandan sonra yazıq jurnalistin gününə…
Məsələn, dünən xəbər yazılmışdı: şimal rayonlarından birində icra başçısı döyülüb. Sonra icra başçısı açıqlama verdi: məni kimsə döyməyib, ailəlikcə məzuniyyətdəyik. İndi necə sübut edəsən? İki ay qabaq başqa bir rayonda icra başçısı yanan hotelin, polisin buraxdığı qaz buludunun, zirehli maşınların fonunda dayanıb “Rayonda sakitçilikdir, heç bir problem yoxdur” demirdimi?
Son illər hakim ailənin korrupsiya əməlləri, ofşor şirkətləri, ölkənin yerüstü və yeraltı sərvətlərini görməmişcəsinə talaması haqda bəlkə 20 zırpı jurnalist araşdırması dərc edilib. Bunlardan cəmi biri normal dövlətdə bəs edərdi ki, xalq ayağa qalxıb həmin hakimiyyəti qovsun, rəhbərlərini də tutub dama salsın. Ancaq bizdə vecə alan yoxdur. Bütün araşdırmalar peysərə verilib, çıxıb gedib işinin dalıyca. Yediyin çörək, içdiyin çay, geydiyin ayaqqabı, mindiyin maşın və həmin maşının benzini və sairə və ilaxır – hamısı ölkə rəhbərinin şəxsi şirkətlərinin məhsullarıdırsa, sən onda kimsən? Nəyin vətəndaşısan? Harda yaşayırsan və nə üçün yaşayırsan? Belənçik bir əcaib durumdur. Adam özünü vətəndaş yox, prezidentin dükanına girmiş siçovul kimi hiss edir.
Yaxud bir cavan oğlan var, babası və atası hakimiyyətdə vəzifə tutmasa, “Sim-sim” mağarasına pul torbası daşıyanlar olmasa özü indi kim bilir harda maşın təkəri qaraldırdı. Ancaq indi bu oğlan xaricdə bizim diasporumuzu qayırır, qədim xəritə-zad tapır. Rəhmətliyin oğlu, ölkənin indiki xəritəsini və özünü nə kökə qoymusunuz, bəlkə bunu fikirləşəsən? Kimə gərəkdir sənin düzüb-qoşduğun, guya hardansa tapdığın qədim xəritələr? Deyərlər ki, indi hansı ölkənin vətəndaşısan? O adı korrupsiya və quldurluq siyahılarında baş yerlərə yazılan ölkəninmi? Təpənə dəysin sənin qədim xəritələrin, indiki xəritəni göstər!
Ancaq durum tam kədərli də deyil, dodaq qaçırdan əməllər çoxdur. Bunlardan biri hökumət qəzetciklərinin hələ də Almaniyanı tənqid eləməsidir. Dünən yapokratlar bu Avropa ölkəsini tənqid edən düz 6 məqalə dərc edibmiş. Almaniya it ilində bunları tənqid eləmişdi, bunlar hələ də Almaniyanı söyürlər. İlişib qalıblar o mövzuda. Halbuki hazırda iqtdarın əsas düşməni, imperialist dağıdıcı qüvvələrin avanqardı Amerika Birləşmiş Ştatları, onun Milli Demokratiya İnstitutu, o cümlədən Rusiya və onun “Milyarderlər ittifaqı”, İrandan da Mahmud ağadır (İrandakı xarici qara qüvvənin adını tam dəqiq bilmirəm, 3-ü də “M” hərfi ilə olsun deyə yazdım). Bu şər üçbucağı ölkəmizi əzmək fikrindədir, ona qarşı mətin yaltaqlar ordusunu qaldırmaq yerinə iqtidar mediası Almaniyanı söyür… Heç dəxli var? Artıq cəbhə nəyə gərəkdir, ay bədbəxtlər, qüvvəni parçalamayın. Alman cəbhəsində düşmən çoxdan təslim olmuşdur. Ən son alman əsgəri də kansler Angela Merkelin lüt şəkilləri milli telekanalizasiyamızda, “Dünyanı uşaqlara verək” verilişində yayımlanandan sonra gəlib təslim oldu, dedi məni ofşor şirkətli balalarınızın başına fırladın, bir qələt elədik dünyaya gəldik, bilsək siz orda yaşayırsınız, gəlməzdik.
Şair demişkən, bilsək dünyaya gəlməzdik, analar aldatdı bizi. Yazını elə bu xoş əhvali-ruhiyyə ilə bitirib hər kəsi şimaldan, cənubdan, şərqdən, qərbdən gələn təhlükələrə qarşı birləşməyə səsləyirəm. Hamı bizim ofşor mağazanı ələ keçirməyə çalışır, onu yad əllərə verməyək!