
Azərbaycan Açıq Büdcə İndeksi üzrə 100 ölkə arasında 42 balla 58-ci yerdə olub
İctimai Təşəbbüslər Mərkəzinin (İTM) sədri, Milli Büdcə Qrupu İdarə Heyətinin üzvü Qubad İbadoğlu Qırğızıstanın maliyyə naziri Olqa Lavrovanın dəvəti ilə martın 25-dən 28-dək Bişkekdə işgüzar səfər çərçivəsində “Açıq Büdcə Sorğusu: büdcə prosesində ictimai iştirakçılıq” mövzusunda Avrasiya Regional Konfransında iştirak və çıxış edib. İTM-in İctimaiyyətlə əlaqələr departamentindən ANS PRESS-ə verilən məlumata görə, çıxışında Azərbaycanda büdcə prosesində ictimai iştirakçılıq, büdcə məlumatlarına çıxış və büdcə şəffaflığından bəhs edən Qubad İbadoğlu Azərbaycanın Açıq Büdcə İndeksi üzrə mövqeyinin geriləməyinin səbəblərindən bəhs edib və hökumətə tövsiyələrini təqdim edib.
Məlumat üçün bildirək ki, Beynəlxalq Büdcə Tərəfdaşlığı Təşkilatının 2012-ci ildə keçirdiyi sorğunun nəticələrinə görə, Azərbaycan Açıq Büdcə İndeksi üzrə 100 ölkə arasında 42 balla 58-ci yerdə olub. Beləliklə də Azərbaycanın açıq büdcə indeski üzrə balı 2010-cu illə müqayisədə 1 pillə geriləyib.
Tədbirdə iştirak edən Maliyyə Nazirliyinin “Dövlət büdcəsinin təkmilləşdirilməsi və icrasının təhlili” sektorunun müdiri Fuad Gəncəliyev çıxış edərək Azərbaycan hökumətinin ötən ilki sorğunun nəticələri ilə razılaşmadığını bildirib.
Səfər çərçivəsində Q.İbadoğlu Qırğızıstanın Maliyyə Nazirliyində, parlamentində görüşlərə qatılıb. O, Qırğızıstanın Hesablama Palatasının sədri Elmira İbrahimova, Parlamentin sədr müavini, Büdcə komitəsinin sədri Akhmatbek Keldibekovla və maliyyə naziri Olqa Lavrova ilə görüşüb.
Görüşlər zamanı ölkədə dümokratiyanın inkişafı sahəsində vəziyyət də müzakirə olunub. Müzakirələr zamanı məlum olub ki, Konstitusiya normaları əsasında Qırğızıstan Parlamentinin 2 komitəsinin (Büdcə və Təhlükəsizlik) rəhbərliyi və eləcə də Hesablama Palatasının auditirlarının yarısı müxalifətin namizədləri əsasında müəyyənləşdirilir.