
Zamin HACI
zaminhaci@gmail.com
Transformatordakı vampir
Azərbaycanda hakimiyyəti xalq seçir... Zarafat edirəm, axı bu gün 1 aprel yumor günüdür. Bizdə deyilən kimi, aldatma günü. Camaatımız ən böyük yumor zövqünü adam aldatmaqdan aldığı üçün hər il 1 aprel respublikamızda böyük təntənə ilə qeyd edilir. Hər kəs bu bayramın havasını öz canında duyur, çünki ən azından bir nəfər tərəfindən aldadılır, ya da aldadılmaq cəhdinə tuş gəlir. Bunlar hamısı isə diqqət və qayğının nəticəsidir.
Xalqın dodağına gülüş qondurmaq hakimiyyətin də əsas qayğılarından biridir. Sübut üçün ölkənin böyük şəhər və regionlarına, o cümlədən strateji sahələrə başçılıq edənlərin tipajına baxmaq yetərlidir. Bakını idarə edən Hacıbala adlı kloun hər il mayın 10-da “Ən uzun gül bayramı” qayırır. Sumqayıt kimi əski sənaye mərkəzini bir karikatur personaja tapşırıblar, o da qışda ən uzun tort, yazda ən qalın paxlava bişirmək kimi düşük məşğuliyyətlərlə yadda qalmışdır. Gəncənin başçısı nəyin uzununu düzəldir - məlumatımız yoxdur. Naxçıvana rəhbərlik edən Vasif xanı, metronun rəisi Tağı Əhmədovu, xarici işlər naziri Məmmədyarovu - siyahını uzatmaq da olar, bu bəsdir - gözünüz önünə gətirin. Bu insanların rəhbərliyi altında yaşamaq, ömür sürmək komediya teatrında yaşamaq kimi deyilmi? Daim üzümüzdə təbəssüm var.
Ta bu şəxslərin əsl fəaliyyəti bizi o qədər maraqlandırmır. Məsələn, Metro Tağı bugünlərdə mətbuat açıqlamasında dedi ki, metronun tikilən 2 stansiyası - “Avtovağzal” və “Memar Əcəmi-2" nəzərdə tutulduğu kimi bu il istifadəyə verilməyəcək. Sən demə gecikmənin səbəbi... həmin stansiyaların tikildiyi ərazidə evləri, o cümlədən kommunikasiya xətlərini köçürtməklə bağlı problem imiş. Halbuki, həmin stansiyaların tikildiyi ərazidə tikintidən qabaq it ulayan boşluq olduğunu Bakının diqqətli sakinləri yaxşı bilir. Bəs Tağı müəllim kimi köçürdürmüş ki, çətinliklə üzləşib? Bəlkə rəisin gözünə qarabasmalar, qallüsinasiyalar görünür? Virtual evlər, mifoloji sakinlər yaşayırmış? Nə biləsən... Ölkəmizdə hər cür ağıl yiyəsi yaşamaqdadır. Biz bəzən onları görmürük, lakin onlar bizi görürlər. Paralel Bakı var - indiki Bakının düz böyründə. Orda paralel adamlar və paralel hakimiyyət vardır.
Ancaq bəzən bu paralel həyatlar qarışır. Buyurun, Bakı şəhəri, A.M.Cümə (Aşıq Molla Cümənin bu cür yazılması da bir kefdir - Z.H.) küçəsi, ev 7a, mənzil 18-də yaşayan Fərman Abdullayevin üzləşdiyi problemlərə baxın:
“Üç problemlə bağlı şikayətim var:
Yaşadığımız küçədə iki eyni adlı bina var, hər ikisi 7a-dır... Bu isə poçtun, təcili yardım maşınlarının lazımı ünvanı tapmasına mane olur. Mən bir neçə il özüm də bilmədən mənim evimdə qeydiyyatda olan, qonşu binada mənzil 18-də yaşayan xanımın kommunal xərclərini ödəməyə məcbur oldum. Bu hallar hələ də mövcuddur.
2. Blokda liftlərin yanında olan pəncərələr bəzi qonşular tərəfindən bağlanmışdır. Bu isə bloku hər zaman günəş işığından məhrum edir. Yanğın və sanitar qaydaları pozulur.
3. Evimizin qarşısındakı park H.Əliyev Fondu tərəfindən bərpa edilmiş və ağaclarla bəzədilmişdir. Təəssüf ki, bəzi sakinlər burada itlərini gəzdirirlər və bu zaman itlər otların üzərində təbii ehtiyaclarını ödəyirlər. İt sahibləri onları təmizləmirlər. Bu isə orada oynayan uşaqların səhhəti üçün çox təhlükəlidir. Bəzən itlər orada dincələn vətəndaşların üzərinə şığıyır, hürürlər.
Yuxarıda adı çəkilən problemlərlə bağlı tədbirlər görmənizi xahiş edirəm".
Gördünüzmü? Əgər Bakıda paralel həyatlar olmasa, eyni küçədən eyni nömrəli iki bina çıxardımı? Vətəndaş başqa qadının kommunal xərclərini ödəyərdimi? Liftlər bizi qaranlıq aləmlərə aparardımı? Parkda itlər vətəndaşlara şığıyardımı?
Yazının sonunda elektrik idarəsində transformatorun içində yaşayan vampir yoldaşlara alovlu salamlarımı yetirirəm və qanımızı halal edirəm.