
Famil CƏFƏRLİ
familceferli2@gmail.com
Nazirin 1 aprel zarafatı
“Nyu-York Tayms” qəzetinin köşə yazarı (həm də yazıçıdır) Devid Farli Bakıda nə görübsə, gözləri dörd olub. Onu buradakı dəlicəsinə sağa-sola səpələnən çoxlu pul, şit bərbəzək, ən çox da fantastik bahalıq, bu cür yüksək qiymətlərin müqabilindəki “nol” (yəni sıfır) xidmət heyrətə gətirib. Gördüklərinin də hamısını gedib qəzetdə yazıb.
Bu yazı bizimkilərin turizm ölkəsinə çevrilmək arzularının dalına vurulmuş tutarlı təpikdir. Çünki Devid Farli burada fərli-başlı turizm imkanlarının olmadığını dönə-dönə vurğulayıb. Yazıb ki, Bakıda viza almaqda problemdən tutmuş təmiz içməli su probleminə qədər nə cür çətinlik desən var. Yazıb ki, Azərbaycanda xidmətlər Qərbi Avropadakından da bahalıdır, amma xidmətin və məhsulların səviyyəsi qat-qat aşağıdır deyə Bakıda xarici turistlərin sayı barmaqla sayılacaq qədər azdır.
Farli bunların hamısını səliqə ilə yazıb. “Nyu-York Tayms” qəzeti də sənə “Səs”, “Azərbaycan”, “Yeni Azərbaycan” deyil ha heç kim oxumaya. Hamı oxuyacaq, nəticədə bunların “turizm ölkəsi” nağıllarının axırında göydən bu layihələrin başına üç iri daş düşəcək...
Amerikalı yazarın bu qeydlərini Ziya Məmmədovun xətrinə yada saldım. Çünki bizim nəqliyyat naziri də yanki kimi qiymətlərdən danışıb. Bir az tərs formada amma. Farli bahadır deyir, Məmmədov ucuz...
Ziya Məmmədovun söhbətinə bax. Deyir ki: “Bəzən mediada belə fikirlər səsləndirilir ki, Azərbaycanda yolların tikintisi baha başa gəlir. Guya Azərbaycanda yollar dünyada ən baha başa gələn yollardandır. Əslində belə deyil. Reallıqda ən ucuz yollar Azərbaycanda tikilir. Yol layihələri çərçivəsində həddən artıq köçürmələr olub. Yolların çəkilməsi üçün fərdi evlər, digər obyektlər, kommunikasiya xətləri köçürülür. Bunların da hamısı nəqliyyat layihəsinə daxil olduğu üçün qiymətlər ilk baxışda bəzən yüksək görünür. Ancaq araşdıranda görürsən ki, ümumilikdə sərf edilən vəsaitin daxilində yolun qiyməti çox münasib və ədalətli şəkildə öz təsvirini tapıb”.
İndi gəl bir-iki rəqəm sadalayaq, görək Ziya müəllim burada harada gopa basıb. Dünya Bankının bir məlumatını deyim (bu bankı Ziya müəllimin “Bank of Azerbaijan”nı saymayın ha, Dünya Bankı ciddi qurumdur). Dünya Bankının 40-dək ölkədə apardığı hesablamaya görə, təzə yolun salınması xərclərinin ən ucuzu hər kilometr üçün 142 min dollara, ən bahalısı isə 1 milyon 832 min dollardır. Dünya təcrübəsində yüksək keyfiyyətli yolun qiyməti bir kilometr üçün 14 milyon dolları ötmür. Birinci növ yolun 1 kilometrinin ən yüksək xərclərlə tikintisi isə 10 milyon dollara başa gəlir.
Bəs Ziya müəllim yolun 1 kilometrini neçəyə çəkir? Gəl baxaq. 2009-cu ildə Əzizbəyov dairəsi-aeroport yolunun çəkilməsinə 308 milyon manat xərclənib. Bu yol 14 kilometrdir (mən exchangeyə gedib xahiş elədim, manatı dollara çevirəndə yerdə qalan 22 qəpikləri Ziya müəllimə bağışladılar, atdı cibinə, kalan qazandı). Amma axı yenə də baha çıxır. 308 milyonu 14-ə böləndə hər kilometr yol 22 milyona başa gəlib. Manatla ha. Zarafat eləyirəm, qəpikləri Ziya müəllimdən alıram. O, qəpiyi neyləyir axı?! Onunku on milyonluqlardır.
İndi gələk “Ramstore” dairəsindəki körpüləri 95,6 milyon manata “çox ucuz” tikən Ziya müəllimin başqa gopuna. O deyir ki, yol çəkiləndə evlər, obyektlər, kommunikasiya xətləri köçürülür deyə qiymət artır. Əzizbəyov dairəsi-aeroport yolu çəkiləndə bu köçürmələr üçün büdcədən əlavə vəsait ayrılıb. Yəni bu əlavə vəsaitin o 308 milyon manata dəxli yoxdur. Bu da belə.
Deməli, Ziya müəllim müsahibəni belə verməli idi: “Yolların çəkilməsi üçün evlər, obyektlər, kommunikasiya xətləri köçürülür. Üstəlik Anara da pul lazımdır, ZQAN-a da pul lazımdır, mənə də pul lazımdır. Bunların da hamısı nəqliyyat layihələrinə daxil olduğu üçün qiymətlər artır...”
Savadlı danışmaq lazımdır.
Amma o da ola bilər ki, Ziya müəllim ucuz yol söhbətini 1 aprel zarafatı kimi eləyib ki, çala-çuxura düşüb qanı qaralan camaatımızın eyni açılsın. Sadəcə vaxtı düz hesablamayıb. Müsahibəni martın 30-da yox, 31-də verməli idi ki, yerinə düşsün...