Zamin HACI
zaminhaci@gmail.com
YALANÇININ ŞAHİDİ ETİRAZ EDİR
Öncə “Yeni Müsavat” qəzetinin rəhbərliyini və kollektivini Eynulla Fətullayevlə uğurlu əməkdaşlıq münasibətiylə təbrik edirəm. Son vaxtlar qəzetimiz hər bir önəmli proses haqda Eynulla bəydən açıqlamalar, şərhlər, fantaziyalar almağa çalışır, bəy də sağ olsun, ümidlərimizi doğruldur. Tam səmimi deyirəm, bu əməkdaşlığa olduqca şadam, çünki Eynulla bəylə bir yerdə işləmiş şəxs olaraq onunla əməkdaşlıq, dostluq edənlər üçün necə xoş perspektivlər açıldığını bilirəm. “Monitor”, “Gündəlik Azərbaycan”, Rafael Allahverdiyev, Əli Nağıyev canlı şahidlərimizdir.
Ancaq diqqətli oxucular bəlkə hiss ediblər, Fətullayev balaca zindandan çıxandan bəri mən onun haqqında heç nə yazmıram. Əslində yazmağa bir şey də yoxdur – hər şey göz qabağındadır. Eyni zamanda, “mən cəbhə xəttini müdafiə etmişəm, ordakı əsgəri yox” söhbətini nə qədər izah eləmək olar? Ən yaxşısı susmaqdır. Necə deyərlər, bütün demokratiya şəhidlərinə rəhmət diləyirik, onların yaxınlarına və dostlarına dərin hüznlə başsağlığı veririk. Ümumiyyətlə, bir peşə sirrimi açım: Eynulla Fətullayevin və Aynur Camalqızının adı, imzası olan heç bir yazılı mətnə, o cümlədən bu iki şəxsin görüntüsü olan elektron daşıyıcıya baxmıram. Heç indi də bu adamdan yazmazdım, ancaq srağagün bir oxucu (adını da yazım dəqiq olsun – Vətən Hüseynli) xəbər verdi ki, Eynulla Fətullayev “Azadlıq” radiosunda səndən danışırdı.
Maraqlı gəldi. Radionun həmin verilişini tapıb dinlədim. Fətullayev orda əsgər ölümləri ətrafında süni ajiotaj yaradıldığını, Qərbin Azərbaycanda bundan istifadə edib “Facebook inqilabı” hazırladığını və sairəni söylədi, özü də dedi ki, bunlar ehtimallardır. Yəni, hər kəs öz fantaziyasını yaza, poza bilər, bizə nə dəxli? Şəxsən mən orda öz adımın çəkilməsinə etirazımı bildirirəm və Eynulla Fətullayevdən acizanə surətdə xahiş edirəm ki, bir də öz goplarını sırımaq istəyəndə mənə istinad etməsin. Təbii, mümkünsə. Mümkün deyilsə, mütləq yalana mənim də adımı qatmaq lazımdırsa, kef eləsin. Biz xalqımızın hər hansı övladının yaxşı yaşaması, çörək tapması üçün canımızı verərik, ad nə şeydir…
Gələk yalana, oxucular intizarda qalmasın. Demək, hadisə cərəyan edir “Azadlıq” radiosunun “İşdən sonra” proqramında, verilişi Xədicə İsmayıl aparır. Mən verilişdə adım çəkilən hissəni stenoqram kimi yazdım, nə olar-olmaz. Sonra Eynulla bəyə bunu sübut eləmək çətinlik yaradar deyə: “On il bundan öncə Hacı Zaminin vərəmdən ölmüş əsgərlərlə bağlı hesab edirəm ki, hər bir azərbaycanlını, cəmiyyətin hər bir üzvünü ağrıdan məqaləsi çıxmışdı. Birdən-birə, bilirsiniz də (diqqət edin – artıq aparıcının boynuna qoyur ki, o bunu bilir – Z.H.), ordumuzda 30-40 əsgər vərəmnən həlak olmuşdu. Elə mən özüm də əsgər ölümlərindən çox yazmışam. Ancaq heç vaxt, bizim heç bir məqaləmiz, ictimai fəaliyyətimiz bu istiqamətdə əks-səda yaratmamış və birdən-birə sosial şəbəkədə çox ciddi ajiotaj, əks-səda, kampaniya təəssüratı yaradan hərəkat başlanır” və sairə və ilaxır… Bla-bla-bla – ardı təxminən belədir.
Birincisi, bizim orduda “birdən-birə 30-40 əsgərin vərəmnən ölməsi” deyə əhvalat olmayıb. Ağ yalandır. Təbii ki, mən də belə bir şey yazmamışam. İkincisi, 10 il yox, 15 il qabaq mən alimentar distrofiyadan Murovda ölən 4 əsgər haqda (dördlə otuz-qırx arasında fərq nə qədərdir, ta bunu Fətullayev desin) yazmışam, əks-sədası da yetərincə olub. Ən azı həmin cəbhə istiqamətində nə qədər böyük və müsbət dəyişikliyə səbəb olmuşam – bunu orda qulluq edən əsgərlər bilirlər, yazmayacağam. Üçüncüsü, 10-15 il qabaqkı ictimai reaksiyanı indiki reaksiya ilə müqayisə etmək, bunun səbəbini anlamaq qabiliyyəti olmayan jurnalist yaxşı olar getsin qatıq satsın, cəmiyyətə daha xeyirli olsun.
Ümumiyyətlə, son vaxtlar bu “arqumenti” çoxları səsləndirir (məsələn, Nüsrət Kəsəmənli irsinin layiqli davamçısı şair Aqşin də bu tip çıxış eləmişdi), deyirlər nə üçün camaat əsgər ölümlərinə məhz indi etiraza başlayıb, əvvəllər də əsgərlər ölürdü, bunu prezident seçkisi ilinə görə qızışdıran siyasi qüvvələr var və s. Hörmətli yoldaşlar, sual “niyə indi dözmürük” yox, “buna indiyə qədər necə dözmüşük” şəklində qoyulmalıdır! 2003-cü ildən bəri 700-ə yaxın əsgərimiz ölüb, çoxu da cəbhə xəttindən uzaqda, cürbəcür qanunsuzluq üzündən. Hələ etiraza gecikmişik.
Etirazın indi mütəşəkkilliyində hansısa gizli barmaq axtaranları texnoloji inqilabın, internetin, mobil telefonların dünyanı necə dəyişdirməsi haqda düşünməyə dəvət edirəm. Burda həmin şəxslərin öyrəncəli olduğu “gizli barmaq” yoxdur, əksinə, hər şey gün kimi aydındır. Tunis inqilabı haqda sənədli filmdə bir epizod vardı, adamlar deyirdi: “Qabaq bizi öldürürdülər, ancaq bunu Tunisin başqa şəhərləri bilmirdi. Bu dəfə Ben Əli xalqı güllələyəndə kimsə telefonla çəkib internetə qoydu, bütün dünya gördü. Başa düşdük ki, dünya dəyişib”.