Famil CƏFƏRLİ
Bu da Səməd Seyidovun videosu
Yaxud Elşad Abdullayev ölkədən necə qaçdı
Azərbaycanı tanımaq istəyənlər ABU-un sabiq rektoru Elşad Abdullayevin prezidentə müraciətini oxusun. Bu ölkəni yalnız onu oxuyandan sonra tanımaq olar. Sadəcə dəhşətdir. Adam belə ölkədə yaşamağına görə bilmir qorxsun, fəxr eləsin, yoxsa nə…
Abdullayev həmin müraciətində ölkədə adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin şəklini çəkib. Bunlar artıq ehtimallar, güman və fərziyyələr deyil. Adam konkret adlar çəkir, ünvanlar göstərir. Baş Prokurorluğun, digər iri poqon sahiblərinin, böyük məmurların onun qardaşı Mahir Abdullayevin itkin düşməsi işindəki işdəklərini bircə-bircə açıb tökür.
“Məni qardaşım Mahir Abdullayevi öldürəcəkləri ilə, universiteti əlimdən alacaqları və bağlatdıracaqları ilə təhdid ediblər. Əgər belə təhdidlər olmasaydı, başım xarab olmamışdı ki, öz əlimlə aparıb kiməsə pul verim. Deyirdilər ki, pulu verməsən, səni də qardaşın Mahirin yanına göndərəcəyik, universitetin lisenziyası ləğv ediləcək…”
Dövlətə, dövlətçiliyə bax e…
Sabiq ABU rektorunun müraciətində bu dövlətin necə idarə edildiyinə, Abdullayevin özünün də elə bu sistemin balası olduğuna açıq eyham var: “Mən hüquq-mühafizə orqanlarına və Prezident Administrasiyasına şikayət edərkən bildirmişdim ki, bu məsələnin, yəni deputat Gülər Əhmədovanın məndən rüşvət almasının ictimailəşdirilməsini istəmirəm…”
Bunu haqq-ədalət uğrunda mübarizə apardığını deyən adam deyir. Bəs niyə istəmirdi? Deyim niyə. Ona görə istəmirdi ki, bu, yəni dövlətin maraqları, çeynənən seçki hüquqları onun vecinə də deyildi. Abdullayevi yalnız pulu, şəxsi maraqları düşündürürdü. Onlar təmin olunsaydı, susacaqdı. Zatən özü belə təklif eləmişdi. “Mənim dərdimə çarə qılın, susum, yenə sizin adam olaraq qalım” – sözünün canı budur.
O müraciətdəki vacib bir məsələ çox düşündürücüdür. Elşad Abdullayev bunları bərk vurdu, dünyada biabır elədi. Bunların son 20 ildə bərk-bərk qorunan sirlərini, ayıblarını açıb-tökdü. Heç kimin eləmədiyi, eləyə bilməyəcəyi işi təkbaşına gördü. Əlbəttə, o, bunları Bakıda qala-qala edə bilməzdi. O dəqiqə aradan götürərdilər. Belə işləri yalnız xaricə qaçandan sonra eləyə bilərdi.
İndi burada ortaya cavablandırılması gərək olan çox maraqlı olan başqa suallar çıxır. Elşad Abdullayevin ölkədən getməsində kim maraqlı olub? Bunu ona kim məsləhət görüb? Və ən əsası – bu işdə ona kim kömək edib? Məntiqlə Elşad Abdullayevin ölkədən çıxması bunların marağında olmamalı idi. Axı o, indi böyük səs-küy doğuran, böyük maraqla qarşılanan, çoxunu şoka salan videomateriallarının surətini müvafiq dövlət qurumlarına, o cümlədən MTN-ə, Baş Prokurorluğa, digər instansiyalara çoxdan təqdim etmişdi. Müraciətində özü də bunu deyir və videoları təqdim etdiyi vaxtı və məkanı da aydın göstərir: 2009-cu ilin fevral-mart ayları, ABU-dakı iş otağı…
Bəs poqon sahibləri onlara və digərlərinə qarşı belə videolar və onların yayılması ehtimalı ola-ola niyə tədbir görməyiblər? Elşad Abdullayevin qaçışına nədən göz yumublar, imkan yaradıblar, yaxud bunun qabağını almayıblar? Hüseyn Arabul hətta saçını da rəngləyib simasını dəyişdirmişdi ki, qaçanda tanınıb tutulmasın. Amma tanıdılar və tutdular. Bəs Abdullayevi nə əcəb görmədilər?
Mən o qənaətdəyəm ki, Abdullayevin ölkədən qaçmasında kimlərsə maraqlı olub. Bu kimsə müxalifət deyil, sadə Məmmədəli də deyil. Hər kimdirsə, elə hakimiyyətin içindəkilərdir. Amma bəs kimlərdir, hansı qruplardır, məqsədləri nədir?
***
Dünən də ABŞ-da Səməd Seyidovun videosu yayılıb. Onun Kaliforniyada etdiyi çıxış çox maraqlıdır. Seyidov çıxışında belə deyib: “Amerika Azərbaycandan uzaqda yerləşir. Amma bizi ortaq dəyərlər birləşdirir: tolerantlıq, fundamentalizmə və demokratiyaya qarşı mübarizə”.
Demokratiyaya qarşı mübarizə… Həqiqəti söylədiyinə görə cənab Seyidova bütün Yeni Yasamal və Köhnə Günəşli camaatı adından təşəkkür edirik…