Famil Cəfərli
GENERAL OĞLU MİTİNQDƏ
“Avropada insanlar küçələrə öz etirazını bildirmək üçün çıxırlar. Ancaq bunun qarşısında onları dəyənəklə vurur, qazla zəhərləyir, necə deyərlər, əzirlər, bu isə yolverilməzdir. İnsanlara bu qədər əzab, işgəncə vermək olmaz. Buna dözmək olmaz. Bunlar demokratik normalara zidd hərəkətlərdir…
Bu cümlələr keçən il noyabrın 16-da Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illiyinə həsr olunmuş mərasimdəki çıxışdan yadımda qalıb. Bu cümlələr “Əsgər ölümlərinə son!” şüarı ilə dünən Bakıda keçirilmiş aksiyada qəddarlıqla döyülən azərbaycanlıları görəndə bir daha yadıma düşdü. Çox sevindim.
ox, gənclərin, qadınların, əsgər ata-analarının, ahılların, öz millətimin oğul və qızlarının döyülməsinə yox. Ona sevindim ki, ta artıq biz də avropalıyıq, Avropa ölkəsiyik. Avropa ölkəsi olmasaydıq, küçələrə öz etirazını bildirmək üçün çıxan insanlarımız döyülməzdi, dəyənəklə vurulmazdı, qazla zəhərlənməzdi, necə deyərlər, əzilməzdi. Amma bu amansızlığın hamısı oldu. Daha betəri oldu…
YAP-ın yubileyində YAP-çılar ağız-ağıza verib Azərbaycanı tərifləyir, Qərbi lənətləyirdilər. Başqa bir maraqlı cümlələri də vardı, o da yadımda qalıb: “Səbəb olmasa, bu qədər insan küçələrə axışmaz. Səbəb də aydındır və bəllidir…”
Bəli, YAP-çılar 100 faiz haqlıdır. Səbəb olmayanda insanlar küçələrə axışmır. Dünən bazar günü idi, səbəb olmasaydı, insanların meydanda, dəyənək altında nə işi vardı?! Elə evlərində qalıb, şəhərə çıxıb istirahət edərdilər də. Dünən hava da yaxşı idi. Amma xalq istirahətini kəsib küçələrə çıxdı. YAP-çılar deyəndir, səbəb vardı, ona görə. Səbəb əsgər ölümlərinin artmasıdır. Xalq buna etiraz edir. Bəs siz nəyə görə bu etiraza etiraz edirsiniz? Yoxsa əsgər ölümlərindən yanasınız? Bəlkə əsgər ölümləri ürəyinizcədir?
Xalqdan oddan qorxduğu kimi qorxan bu hakimiyyətin aksiyalara icazə verməməsinin həyasızcasına formulə edilmiş “səbəbi” var: “Bu aksiyalar vətəndaşların istirahət hüququnu pozur”. Bəs siz xalqın əsgər balalarını niyə qırıb vətəndaşların həyatını alt-üst edirsiniz?
…10 mart aksiyasının videosuna, fotolarına baxdım. O fotoların birində bir əsgər (hərbçi) zirehli hərbi maşının üstündə oturub silahı xalqa tuşlamışdı. Xalqın düz ürəyini, bəlkə də başını, beynini, ağzını, gözünü nişan almışdı. Ki, xalq ətrafındakı bu oğru-quldurların cinayətlərini görməsin, eşitməsin, danışmasın, bu haqda düşünməsin. Gör nə qədər qudurub azğınlaşıblar. Artıq xalqa nişangahdan baxırlar. Heyf bu xalqın 20 ilinə ki, YAP-çıların zülmü altında itirildi…
…10 mart aksiyasında daha iki “orijinal” sima gördüm. YAP-ın başbilənləri Əli Əhmədovla Mübariz Qurbanlı aksiyanı izləmək üçün Fəvvarələr meydanında “gəzintiyə çıxmışdılar”. Nə məsələdirsə, YAP-çılar gənclərin, müxalifətin hər aksiyasında istirahətlərini, iş-güclərini buraxıb həmin ərazidə ya pivə içməyə, ya nahar eləməyə, ya da gəzməyə çıxırlar.
İtoynadan bir tanışım var. O deyir Əli Əhmədov, Mübariz Qurbanlı və Siyavuş Novruzov aksiyalar keçirilən yerə ona görə həmişə gedirlər ki, etiraz edən xalqın fonunda şəkil çəkdirsinlər, əllərində post-YAP erasına dəlilləri olsun. Sabah YAP devriləndə o şəkilləri göstərib təzə hakimiyyəti aldatsınlar, özlərini mücahid, xalq adamı kimi sırıyıb vəzifə-zad alsınlar.
Zarafat bir qırağa. Amma YAP-çıların o aksiyalara çıxmasının böyük faydası var. Söz yox, xalq onları görəndə əsəbiləşir, qanı qaralır. Amma bu da var ki, onlar da hər dəfə aksiyaya çıxanda xalqın bunlara nə qədər səmimi şəkildə, ürəkdən nifrət elədiyini dəqiqləşdirə bilirlər.
…Mən oğurluq üstündə tutulan, sonra hansısa sehrli əlin köməyi ilə həbsdən və məsuliyyətdən qurtulan (yaşasın “vicdanlı” məhkəmələr!) general oğlu Amil Beydullayevin də “Əsgər ölümlərinə son!” aksiyasına çıxdığını eşitdim. Amma xəbəri dəqiqləşdirə bilmədim. Əgər belədirsə, çox düzgün eləyib. Əsgər ölümlərini vecinə də qoymayan generallardan biri Məmməd Beydullayevin oğlu da əsgər gedəcək axı. Həqiqəti bilmək, onun tərəfində indidən dayanmaq lazımdır…