Medianews.az
TƏCİLİ YARDIM ÇAĞIRMISINIZ?
205 baxış

TƏCİLİ YARDIM ÇAĞIRMISINIZ?

Zamin HACI

zaminhaci@gmail.com

TƏCİLİ YARDIM ÇAĞIRMISINIZ?

 Bakı Şəhər Təcili Yardım Xidmətinin baş həkimi Mürsəl Həmidov təzəlikcə xalqımızın diqqətini cəlb edən xəbər açıqladı. Mürsəl doxdur ərz elədi ki, 2013-cü ilin yanvar-fevral ayları ərzində təcili yardıma ehtiyacı olan zəhmətkeşlərimizin sayında görünməmiş artım yaranıbdır. Sən demə, hər ay Bakıda təcili yardım çağırışları uzağı 1600-1700 olurmuş. Bu ilin yanvarında isə çağırış sayı 2000-i keçib.

Fevralda lap şiddətli olmuşdur: 2400 çağırış! Doxtur maraqlı müqayisə də edib, deyir, son dəfə bu cür çox çağırış... 1990-cı ilin yanvarında qeydə alınmışdı.

Əcəb müqayisədir. Hamımızın yadındadır ki, 1990-cı ilin yanvarı Azərbaycan tarixində ən qaynar yanvar aylarından biri olub, 20 yanvarda sovet ordusu Bakıya girib qırğın törədib. Hətta çağırışa gedən təcili yardım maşınlarına da güllə atmışdılar, şəhidlərdən biri yanılmıramsa Mürsəl doxdurun təcili yardım üzrə həmkarı olmalıdır. Yəni o vaxt camaatın təcili yardımı çox çağırmasının səbəbi aydındır. Bəs indi nə baş verib? 

Mürsəl Həmidov deyir ki, təcili yardıma üz tutanların çoxu kəskin nəfəs yolları xəstəliklərinə düçar olanlardır, artım buna görədir. Belə baxanda doğrudan da bu qış ölkədə çox axmaq bir qrip yayılmışdı, adamlar aylarla sağalmırdı, xüsusən uşaqlar xeyli əziyyət çəkdilər. Ancaq biz qripə görə haçan təcili yardım çağırmışıq? Ölkə tibbinə xalqın etimadı sıfırdan bir az yuxarı olar, həkimlərə, Səhiyyə Nazirliyi sisteminə də ən son anda, məcburən üz tuturuq. Azərbaycanda hər il bir neçə qrip epidemiyası yayılır, ancaq bu haqda heç bir rəsmi məlumat verilmir. Hamı bu şəraitlə razıdır, çünki əks şəraitə hazır deyilik. Məsələn, uşaq qripdirsə, gərək valideyn ona qulluq eləsin, məktəbdən, bağçadan saxlasın, özü də işdən qalsın. O üzdən, azərbaycanlılar qış boyu burunlarını çəkə-çəkə, öskürə-asqıra dolaşırlar. 

Uzun sözün qısası, mən respirator xəstəliklərin artımı versiyasına inanmıram. Məncə, 2013-cü ilin yanvar-fevralında təcili yardım çağırışlarının artımına... məmurlar və sairə yapokrat ünsürlər səbəb olubdur. 

İlk növbədə, təcili yardımı adətən nisbətən imkanı olanlar çağırır. Həkimin cibinə beş manat qoymaq imkanı olmayan, borcdan telefonu kəsilmiş kasıb təcili yardımı nə üzlə çağırsın? Lap tutaq ki, təcili yardım gəldi, dərman yazdı. Bunu nə ilə alacaqsan? Rahatı elə kimsəyə narahatlıq vermədən əl-ayağını uzadıb ölməkdir. 

İkincisi, yada salın: yanvar ayında İsmayıllıda, “Binə”də, Bakıda bir neçə etiraz aksiyaları oldu, hökumət aksiyaları zorakılıqla yatırtdı, məmurlar çox çətin günlər yaşadılar. Şübhə etmirəm ki, məsələn, nazir balasının İsmayıllıda yanan obyektlərini görən neçə nazirin qohumları təcili yardımı axtarıblar. Belə şeyi görəndə ürək xarab olmasın, neyləsin? Bir dəfə dəyərli həmkarımız Şahvələd Çobanoğlu “ərəb inqilabları” zamanı yıxılan diktatorlar haqda dəqiq fikirlər yazmışdı, qeyd edirdi ki, məsələn, jurnalist Elmar Hüseynov vurulanda biz necə dilxor olmuşduqsa, indi Qəddafi, Mübarək, bin Əli yıxılanda da başqa diktatorlar pis olur. 

Üçüncüsü, fevral ayında hörmətli cənab prezident İlham Əliyev dəhşət saçan, kəskinliyi ilə qılınc tək parlayan qorxunc bir iclas keçirtdi. O iclasda qudurğan məmur uşaqları, icra hakimiyyəti başçılarının bahalı ad günü hədiyyələri, maşınlara vurulan qara plyonkalar tənqid atəşinə tutuldu. Fevral ayında təcili yardım çağırışı planında görünməmiş artıma səbəb olanlar məhz qara plyonkalı icra başçıları idilər. Məsələn, Gəncənin icra başçısının elə həmin müşavirə zamanı qəşş eləyib özündən getdiyi, təcili yardım çağırılması xəbəri yayılmışdı.

O üzdən, biz prezidentdən xahiş edirik, icra başçılarını kəskin tənqid etməsin. Yoxsa təcili yardım əziyyət çəkir, Bakı isə “Qara yanvar”ı xatırladır. Elə bilirsən indi bu saat Dubinyak İsmayılTV-dən xalqa müraciət edəcəkdir...

Bizə qoşulun