Samir SARI
[email protected]
BİZİ BİRLƏŞDİRƏM DƏYƏR – AĞ SAÇ-SAQQAL
Ağsaqqallar Şurasının ardınca dərhal Ağbirçəklər Şurasının da yaradılması xalqımız tərəfindən məmnunluqla qarşılanıb. Aydın məsələdir ki, saqqal və birçək yaş dövrünə uyğun olaraq rəng dəyişikliyinə məruz qalandan sonra təbii olaraq insan da müdrikləşir və onda gənc nəsillərə öyüd, nəsihət vermək ehtiyacı yaranır. Onların içində gənclərə düz yol göstərmək, padşahı dəstəkləmək, hökumətlə hökumətlik etməməyi tövsiyə edərək, şəxsi nümunə göstərmək kimi məqamlar da var.
Düzdür, bəzi antimilli ünsürlər bu fikirdədirlər ki, ağsaqqal və ağbirçəklər avropalı həmyaşıdları kimi gedib ya ahıllar evində, ya da öz evlərində istirahətlərinin qayğısına qalmalıdırlar, nəvələri ilə oynamalıdırlar, ancaq o gənclər anlamırlar ki, biz “Allahsız yerdə otur, böyüksüz yerdə oturma” deyən millətik və yaşlı adamların tövsiyəsi olmasa yaşaya bilmərik.
Mən 73 yaşında, pensiyaya çıxmış bir adam tanıyıram, müstəqil qərar verə bilmir, çünki anası sağdır. Bütün həyati məsələlərdə 95 yaşlı ağbirçək qərar verir ki, belə olmalıdır. 73 yaşlı ağsaqqal isə razılaşır, deyir, başımın böyüyü nə deyirsə, odur.
Yoxsa o tərifli ölkələrdə necədir? Gəncin yaşı 18 olan kimi deyir, mən müstəqil insanam, öz düşüncəm var, özüm bilərəm necə yaşayaram, hansı partiyaya üzv olaram, kimə səs verərəm, kiminlə evlənərəm və s. Nəticədə nə olur? “Ulu sözünə baxmayan ulaya-ulaya qalar” məsəlini də yada salmırlar.
Bu baxımdan ölkə ağbirçəklərinin təcili şəkildə birləşmələrini yalnız alqışlamaq olar. Güman ki, onları buna vadar edən zərurət var. Seçki ilidir, gənclərə seçim eləməkdə kömək etmək üçün ağbirçək sözünə ehtiyac yaranıb.
Odur, bax, Şəmkirin Şiştəpə və Seyfəli kəndinin təmsilçiləri Sankt-Peterburqda ağsaqqal-ağbirçək sözünə qulaq assaydılar, çıxıb Piter fəhləsinin küçəsində bıçaqlaşmazdılar. Indi qorxasan, Peterburqun öz milli ağsaqqal-ağbirçəkləri bu işdən bərk pəjmürdə olalar və hökumətdən tələb edələr ki, o qaraları göndərin, öz ölkələrində dalaşsınlar.
Əslində təkcə ağsaqqallar və ağbirçəklər yox, əhalinin yerdə qalan təbəqələri də birləşməli, təşkilatlar yaratmalıdırlar. Məsələn, Ərindən Boşanmış və Yenidən Ərə Getmək İstəyən Qadınlar Təşkilatı, Yaşı Qırxa Çatan Subay Oğlanlar İttifaqı, Ataları Beş İldən Bəri Xaricdə Girlənən Yarımyetim Uşaqlar Birliyi və sair qurumlar yaradıla bilər.
Təcrübə göstərir ki, birləşərək ortaya iradə qoymayanda haqq-ədaləti bərqərar etmək olmur. Məsələn, əgər “Şərəf” ordenli Fəttah Heydərovun başçılıq etdiyi ağsaqqallar vaxtında irəli durub hazırkı prezidenti təzədən prezidentliyə namizəd göstərməsəydilər, ola bilər ki, o, “iki müddət prezident işləmək bəsdir” deyib kənara çəkilmək istəyəcəkdi.
Ağsaqqallar isə şəxsi nümunə göstərdilər, dolayısıyla dedilər, bir bizə bax, hərəmizin azı 75-80 yaşımız var, hələ də öndəyik, necə deyərlər, mübarizə bu gün də var, sabahda, biz də hamıdan qabaqda.
Ağbirçəklər isə onlardan geriyə qala bilməzdilər. Bizdə həmişə belə olub, hər şücaətli kişinin böyründə mütləq bir fədakar arvad olub. Koroğlu-Nigar, Qaçaq Nəbi-Həcər kimi tandemləri misal göstərmək mümkündür. Ona görə də birlik yaradaraq dövlətçiliyin dəstəklənməsi prosesində ağsaqqallara layiqli tərəf-müqabil olmaq üçün ağbirçəklər mütləq təşkilatlanmalıydılar.
İndi qalır əsas məsələ: ağbirçəklər təşkilatına kim sədr seçilməlidir? Əslində burada dağa-daşa düşməli problem yoxdur. Ortada gül kimi, parlaq presedent var. Föqəladə hallar nazirinin atası ölkənin baş ağsaqqalı seçilibsə, baş ağbirçəyi də nazir-oliqarxlardan birinin ailəsində axtarmaq olar. Baxmaq lazımdır ki, hansının anası ictimail fəal qadındır, tapıb irəli çəkmək lazımdır. Əgər bu işə həvəsi və imkanı çatan oliqarx anası yoxdursa, qayınanaların sırasına göz gəzdirmək mümkündür.
Hər halda, ölkə ağbirçəksiz qala bilməz, üstəlik, bu vəzifəni yad əllərə vermək olmaz. Çünki ağsaqqal və ağbirçək sözü ciddi sözdür, birdən durub tamam başqa bir namizədin xeyrinə söz desələr biabırçılıq olar. Ondan sonra Siyavuş Novruzov yaşlarına-başlarına hörmət qoymadan çıxıb deyər: “Yaşlı adamlardır, ağılları azalıb”.
