Medianews.az
QARIŞQA MİNDİK, ÇAY KEÇDİK...
162 baxış

QARIŞQA MİNDİK, ÇAY KEÇDİK...

Zamin HACI

[email protected]

 

QARIŞQA MİNDİK, ÇAY KEÇDİK...

 

Bizdə real həyatdakı söhbətlərə absurd teatrının görkəmli nümayəndələrindən Daniil Xarms, Semuel Bekket və Ejen İonesko həsəd aparardılar. Fantaziyaya ehtiyac yoxdur. Məsələn, bu əhvalat şəxsən mənim başıma gəlibdir. Bir dəfə metroya girirdim. Girişdəki polis saxlayıb sənədlərimə baxdı, sonra aramızda belə bir dialoq baş verdi:

“Polis: - Hardan gəlirsən?

Mən: - Evdən.

Polis: - Hara gedirsən?

Mən: - Evə.

Polis: - Yaxşı, get". 

Belə mənasız dialoqu fikirləşmək üçün dahi olmaq lazımdır. Ancaq həyat özü dialoqu qoyur qarşımıza.

Təzəlikcə vəkil Xalid Bağırovu Naxçıvan aeroportunda qanunsuz şəkildə tutub saxlamışdılar. Bağırov oraya Sədərəkdəki bir məhkəmə prosesində iştirak üçün gedirmiş. İndi gəlin həmin məhkəmədəki dialoqu oxuyaq:

“Hakim: Müdafiəçi, şahidə sualınız var?

Müdafiəçi: Varımdır, vermirəm.

Hakim: Təqsirləndirilən şəxs Məmməd Qurbanov, şahidə sualınız var?

Təqsirləndirilən şəxs: Mən iclasda iştirak etmirəm."

İndi mən bu dialoqdan sonra Bekketi niyə oxuyum? Nə ehtiyac var? Öz həyat absurdlarımız qat-qat maraqlıdır. Lazım gəlsə hətta Lənkəran Dram Teatrında “İsa Qəmbəri gözləyərkən” adında tamaşa da səhnələşdirmək olar. 

Başqa bir absurd baş nazirin keçmiş müavini, hazırda Rusiyada azərbaycanlıların yeni diaspor qurumunda - mətbuatın “Milyarderlər ittifaqı” adlandırdığı təşkilatda təmsil olunan Abbas Abbasovun dilindən səslənmişdi. Yapokratiyanın repressiyaya məruz qoyduğu kino xadimi Rüstəm İbrahimbəyov da həmin qurumun üzvüdür və İlham Əliyevi son vaxtlar kəskin tənqid etməsi ilə yadda qalıb. Abbasov isə deyir ki, mən İbrahimbəyovun dedikləri ilə razıyam, ancaq İlham Əliyevi dəstəkləyirəm. İndi gəl başa düş ki, bu adam hansı yuvanın quşudur. Həm pəhriz saxlayır, həm də alça turşusu yeyir - atalar demişkən. Sonra deyirlər niyə dünya bizi qəbul eləmir. Rəhmətliyin uşağı, qabaqda gedəniniz bu cür mövqe ortaya qoyandan sonra dünya sizə necə baxsın? 

Təzəlikcə prezident icra başçıları haqda qəzəblə danışdı, bundan sonra İsmayıllı rayon icra hakimiyyətinin başçısını işdən çıxartdı, onun yerinə Aqrar Universitetin rektoru Mirdaməd Sadıqovu qoydu. Belə baxanda məntiqli görünür, çünki yapokratiya tarixində bəlkə ilk dəfədir bir rayona məhz orda doğulmuş adam icra başçısı qoyulubdur (Sadıqov İsmayıllının Lahıc qəsəbəsində doğulub). Üstəlik, İsmayıllı aqrar rayondur, bu adam da yuxarıda qeyd elədiyimiz kimi, kənd təsərrüfatı təmayüllü ali məktəbdə rəhbər işləyirdi. Ancaq Sadıqov problemlər içində yanan İsmayıllıda nə işlər görə bilər? Heç bir iş - proqnozum belədir. Çünki Aqrar Universitetin kənd təsərrüfatına nə qədər dəxli varsa, yabanın da rəssamlıq sənətinə o qədər dəxli var. Bu ali məktəb bütün tarixi boyunca Azərbaycanda ən rüşvətxor, tapşırıq, “dayday” hesabına oxunulan universitetlərdən biri olub. Elə ailələr vardı, pul verib bütün üzvlərinə ordan aqronom diplomu almışdılar. Ümumiyyətlə, bu universitetin kənd təsərrüfatımıza hansı xeyri dəyib ki, kartof-soğanı Türkiyədən, İrandan alırıq, xaricdən damazlıq inəklər alınması üçünsə elə bugünlərdə prezident öz ehtiyat fondundan 10 milyon manat ayırdı? Məntiqlə, İsmayıllıya icra hakimiyyəti başçısı Almaniyadan gətirilməli idi. Onsuz hökumət telekanalizasiyalarının və bəzi gerizəkalı yaltaqların dediyinə görə bu saat Almaniya iqtisadiyyatı dağılır, orda insan haqları yerlə birdir, camaat işsiz qalıb. 

Təbii, bunlar nəzəri məsələlərdir, necə deyərlər, çobanın könlü olsa, təkədən pendir tutar. Ancaq könül də yoxdur. Daha doğrusu, könül böyük miqyasda korrupsiyaya girişib, Dubayda uşaqlarına villa alır, Panama kanalında ofşor üsulla üzgüçülüklə məşğul olur...

Bizə qoşulun