Medianews.az
 QARA QUTU
280 baxış

QARA QUTU

Zamin HACI

zaminhaci@gmail.com

 

QARA QUTU

 

Bir dəfə Qafqaz Universiteti (QU) ARDNŞ şefi Rövnəq Abdullayevə “İlin adamı”, ya da “İlin idman adamı” tipində bir fəxri ad vermişdi, biz bunu tənqid eləmişdik. O zaman xeyli Qafqaz məzunu, hazırda orda işləyən və oxuyan müəllimlər, tələbələr tənqidə reaksiya verdilər, öz universitetlərinə möhkəm bəy tərifi vurdular. Biz də fəxr elədik ki, nə yaxşı ölkədə belə gözəl universitet var. Hətta mən istəyirdim asudə vaxtlarımda gedim QU-nun binası yanında “qa” eləyim, çünki qəfil anlamışdım ki, bu cür göyçək universiteti tənqid edən adam qazdır.

 

Universitet əməkdaşlarından Tural Mirzəli dəfələrlə məni dəvət elədi ki, gəlim orda yaradılan şəraiti canlı görüm. Təəssüf, getməyə imkan olmadı. Hərçənd, bütün bunların ARDNŞ kimi korrupsiya bataqlığının şefinə mükafat verməyə nə dəxli vardı - indiyəcən anlamış deyiləm.

Başınızı çox ağrıtmayım, indi QU mövzusuna qayıtmağımın tək bir səbəbi var: Gültəkin Hacıbəylinin universitetdən uzaqlaşdırılması. Hacıbəyli orada dərs deyirmiş, ancaq Ziyalılar Forumunda, mətbuatda yapokratiya əleyhinə tənqidlər etdiyi üçün işdən çıxmalı olub. Doğrudur, özü deyir ki, bunu böyütməyin tərəfdarı deyil:  “Bəli, belə bir məsələ var, lakin bu hala çox adi yanaşdığımdan, ona əhəmiyyət verməyin tərəfdarı deyiləm. Bu mənim son bir neçə ildə üzləşdiyim təqib və təzyiqlərin bəlkə də ən zəifi və ağrısızıdır. Azərbaycanda təhsilin vəziyyətini hamımız bilirik. Mən gəncliyimizə normal təhsil verən bir-iki universitetin birincisi olan Qafqazı zərbə altında qoya bilməzdim. Ona görə də bu qərarı verdim”. Sitatın sonu. Əlbəttə, bunu şəxsi problem sayması və özünə təzyiqləri böyütməmək istəyi bu adamın müəllim kimi gözəlliyindən xəbər verir. Ancaq tələbələr və müəllimlər nə fikirləşir? Onlar da buna əhəmiyyət vermirmi?

İndi həmin “qafqazsevərlərdən” acizanə rica edirəm ki, azad fikirli müəllimin təzyiqlə üzləşib universiteti qorumaq naminə işdən çıxmasına münasibət bildirsinlər. Əks halda Qafqaz Universitetinin Dağıstan Beynəlxalq Universiteti Kiyev filialının Quba bölməsinin Bakı Universitetindən, yaxud elə tələbələri əks fikirliliyə görə qovan Azərbaycan Dövlət Neft Akademiyasından fərqi olmayacaq.

İstənilən müqayisə qüsurludur nağılları ilə başımızı aldatmaq da lazım deyil. Qüsurlu niyə olur? Buyurun, bir müqayisə yazım, oxuyub dilxor olun.

Ötən il Azərbaycan silahlı qüvvələrinin 97 əsgəri müxtəlif şəraitdə həlak olmuşdu. “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi qonşu Gürcüstan dövlətinə, konkret yazsaq Gürcüstan parlamentinin Təhlükəsizlik və Müdafiə Komitəsinə sorğu göndərib, onlarda neçə əsgərin öldüyünü öyrənib. Komitədən gələn cavab belədir: 2012-ci ildə Gürcüstan silahlı qüvvələrinin ümumilikdə 8 əsgəri ölüb, onların da çoxu Əfqanıstanda sülhyaratma əməliyyatları zamanı həlak olub.

Bu ilin təkcə yanvar və fevral ayının yarısı ərzində isə Azərbaycanın 11 əsgəri ölüb. Gürcüstanın illik itkilərini bizim ordu bir ay yarıma verir. Bəlkə bu əsgərləri də Əkrəm Əylisli öldürür? Bəlkə onlar romanı oxuyub ürəyi partlayanlardır?

Söz düşmüşkən, bu yaxında Xəzərə düşən hərbi helikopterin qəza səbəbləri də xalqa qaranlıq qaldı. Necə ki, biz 2008-ci ildə Tağıyev qəsəbəsi yaxınlığında dənizə düşən, 3 pilotumuzun ölümünə səbəb qırıcı təyyarə qəzasının da sirrini indiyə qədər bilmirik. Pilotlardan birinin cəsədini heç tapmadılar. Guya qara qutu oxunmaz halda imiş.

Ancaq əsl qara qutu Azərbaycandakı sistemdir. Ölkəni bütövülkdə qara qutuya soxublar, başını gün işığına çıxartmaq istəyənləri də dənləyirlər. Yalnız bu məsələdə bizi müqayisə eləmək mümkün deyil. Analoqumuz yoxdur...

Bizə qoşulun