Medianews.az
İSA QƏMBƏRDƏN İLGİNC SEÇKİ MESAJLARI
177 baxış

İSA QƏMBƏRDƏN İLGİNC SEÇKİ MESAJLARI

Xəbər verildiyi kimi, bu gün Müsavat Partiyasının qərargahında İsa Qəmbərin prezidentliyə namizədliyini müdafiə edən partiyalar toplantı keçiriblər. Yığıncaqda İsa Qəmbər də çıxış edib.

Əsasən 2013-cü il prezident seçkilərində iştirak məsələsi barədə danışan İsa Qəmbər deyib: “Bilirsiniz ki, bu məsələ ətrafında yaxın dövrə qədər cəmiyyətdə diskussiyalar aparılırdı. Hazırda bu diskussiyaların aktuallığı əhəmiyyətli şəkildə azalmışdır. Müsavat Partiyası ötən ilin dekabr ayında bu seçkilərdə iştirak haqqında siyasi qərar qəbul etmişdir və öz namizədini irəli sürmüşdür. Bundan sonra müxalifətdə olan siyasi qüvvələrdən KXCP və REAL siyasi hərəkatı namizədlərini müəyyənləşdirmişlər. Ölkədə nüfuzlu siyasi qüvvələrdən olan Ziyalılar Forumunun üzvləri, Rüstəm İbrahimbəyovun şəxsində bu seçkilərdə namizədlə iştirak olunması yönümündə bəyanatlar vermişdir və elə bu günlərədə həmin forumun rəhbərlərindən Eldar Namazovun namizədliyinin irəli sürülməsi gözlənilir. İctimai Palatada bu müzakirələr başa çatmışdır. Faktiki olaraq məsələnin bitdiyini demək olar. Lakin hesab edirəm ki, bu tədbirdə də seçkidə iştirakla bağlı bəzi məqamlara toxunmaq, bir növ ümumiləşdirmə etmək faydalı olar. 

Şübhəsiz ki, avtoritar rejimlərdə demokratiya uğrunda və bu rejimə qarşı mübarizə seçkilərdən asılı olmayaraq, fasiləsiz aparılmalıdır və biz bu mübarizəni aparırıq və bu rejim dəyişənə qədər aparacağıq. Eyni zamanda, istər beynəlxalq, istərsə də öz təcrübəmiz göstərir ki, müəyyən istisnalar olmaqla, - məsələn 2008-ci ildə hesab etdik ki, belə bir istisna vardır və o vaxt keçirilən prezident seçkilərində iştirak etmədik, - prezident və parlament seçkiləri dövrü bir qayda olaraq demokratik dəyişikliklər, rejim dəyişiklikləri üçün ən əlverişli situasiyalar yaradır. 

Seçkilərdə iştirak çoxfunksiyalı məsələdir. Bunlardan ən mühümlərindən biri ondan ibarətdir ki, ölkədə demokratik dəyişikliklərə, rejim dəyişikliklərinə nail olmaq üçün - bunun içərisində demokratik seçki mühitinin yaradılması da var - bütün vasitələrin, impulsların, resursların prosesə cəlb edilməsi şərtdir. Mənim qənaətimə görə, son iki ildir apardığımız prosesdə çatışmayan şeyi 2013- seçkilərində iştirak etməklə əldə etmək, tamamlamaq olar. Yəni, məsələn, seçkiqabağı demokratik mühitin yaradılması uğrunda mübarizəni seçki ilinin, seçki kampaniyasının, seçkidə iştirakın yaratdığı imkanlarla daha effektiv etmək olar. Bura beynəlxalq diqqətin Azərbaycana daha artıq cəlb edilməsi, ölkədə siyasi fəallığın təbii olaraq artması kimi yeni məsələlər daxildir. Axırıncı xüsusilə mühümdür. Seçki islahatı, seçki komissiyalarının tərkibi, qanunvericiliyin təkmilləşməsi, siyasi partiyaların sərbəst toplaşmaq, ifadə azadlıqlarının təmin olunması kimi məsələlər normal demokratikləşmə sürəci və o cümlədən azad, ədalətli seçki üçün olduqca vacib şərtlərdir. Lakin avtoritar, antidemokratik rejimin hökmranlığı şəraitində bu şərtlərin ortada olduğu bir vəziyyətdə də vətəndaşların, bütövlükdə xalqın siyasi fəallığı həlledici məsələdir. Hətta seçki dönəmində kütləvi siyasi fəallıq elə həddə çata bilər ki, seçki komissiyalarının tərkibi, seçki məcəlləsinin mükəmməlliyi kimi şeyləri ikinci plana atır, ümumiyyətlə saxtakarlığını qeyri-mümkün edır. Əlbəttə ki, kütləvi siyasi fəallıq sadəcə seçki kampaniyası ilə yaranmır. Lakin biz hesab edirik ki, belə bir mövqedən çıxış edirik ki, Azərbaycanda hazırda fəallığın bu şəkildə yüksəlməsinin, yəni inqilabi fəallıq həddinə çatmasının digər, obyektiv şərtləri mövcuddur və istənilən an reallaşa bilər. 

Bunları ona görə nəzərinizə çatdırdım ki, bizim 2013-cü il prezident seçkilərində iştirakımızın ölkədə köklü demokratik dəyişikliklər və rejim dəyişikliyi uğrunda apardığımız mübarizənin davamı, tərkib hissəsi, forması olduğuna aydınlıq gətirim və bu iki məsələni süni surətdə və yanlış olaraq biri – birinə qarşı qoymağın səhv və zərərli olmasına diqqətinizi çəkim”.

Müsavat başqanı daha sonra deyib: “Eyni zamanda mənim seçki kampaniyasına namizəd kimi qoşulmağım haqqında qərarım yalnız ümumdemokratik məqsədlə məhdudlaşmır. Mən inanıram ki, bu mübarizədə xalqın dəstəyini alıb qalib gələ bilərəm və ölkənin problemlərini, vətəndaşın, xalqın problemlərini həll edə biləcək hakimiyyəti formalaşdıra bilərəm. Qəti şəkildə bəyan edirəm ki, bu kampaniyaya biz qalib gəlmək inamı və planı ilə qoşulmuşuq. Bunu təmin etmək üçün lazım olan ideoloji, təcrübi, komanda, təşkilatı bazamız vardır. Bu bazaya əsaslanaraq cəmiyyətin bütün kəsimlərinin mütərəqqi potensialını birləşdirəcək, səfərbər edəcək milli birlik komandası yaratmaq üçün çalışacağıq və inkişaf naminə işləmək istəyən bütün qüvvələrlə qucaqlaşacağıq. 

Əlbəttə ki, çox mürəkkəb problemlərin həlli asan deyil və sadə reseptlərin olduğunu da güman etmək sadəlövhlük olar. Lakin hər halda ümumbəşəri təcrübə var. Və bu təcrübənin mahiyyətini bir sözlə ifadə etmək olar. Demokratikləşmə, problemlərin həlli, əlbəttə ki, çox şeydən asılıdır. Lakin birinci zəruri, həlledici şərt, açar, addım demokratikləşmədir, azadlıqlardır. Korrupsiyanın, qanunsuz inhisarçılığın, məmur özbaşınalığının, xəzinə oğurluğunun, dövlətin və xalqın əmlakının talan edilib mənimsənilməsinin qarşısının alınması, xüsusi mülkiyyətin toxunulmazlığının təmin edilməsi, azad sahibkarlıq mühitinin yaradılması demokratikləşmədən keçir. Hətta hicab azadlığı, vətəndaşlarımızın əksəriyyətinin etiqad etdiyi islam dininə və digər dinlərə ibadət azadlığının təmini demokratiyadan keçir. Biz demokratiyanın idarə olunduğu - bunu demokratiya düşmənləri riyakarlıqla idarə olunan demokratiya adlandırırlar – demokratiya ilə idarə olunan cəmiyyətə keçməliyik. 

Əsas siyasi vəzifəmiz və vədimiz bundan ibarətdir. 

Avtoritarizmdən demokratiyaya keçid proqramı İctimai Palata tərəfindən hazırlanmış və eyni adlı yol xəritəsində əks olunmuşdur. Bu proqram mövcud iqtidara təklif edilmişdi. Lakin belə görünür ki, həmin proqramın əsas müddəalarının həyata keçirilməsi də elə demokratik hökumətin üzərinə düşəcəkdir. 

Bizim ölkənin bütün problemlərini ümummilli məsələ olan Qarabağ və işğal olunmuş torpaqlar məsələsindən tutmuş əhalinin əksəriyyətini təşkil edən aztəminatlı əhalinin vəziyyətinin təminatına qədər bütün sahələri əhatə edən konsepsiyalara və proqramlara malikik. Seçki kampaniyası başlandıqdan sonra biz bu konsepsiya və proqramları seçki platforması şəklində təqdim edəcəyik. Bu gün adını çəkdiyim bu iki məsələyə qısaca toxunmaq istəyirəm. 

Heç şübhəsiz, Qarabağ məsələsi, işğal olunmuş torpaqların azad olunması məsələsi hərbi təhlükəsizlik məsələsidir və bundan irəli gələn, bununla müəyyənləşən prioritetlər vardır. Lakin Qarabağ məsələsində bizim yanaşmamızın indiki iqtidardan fərqi ondan ibarətdir ki, biz hesab edirik ki, bu problemin həlli də digər problemlərdə olduğu kimi Azərbaycanın demokratikləşməsindən keçir. Bizim üçün demokratiya məsələsi həm də milli təhlükəsizlik məsələsidir. Demokratik Azərbaycan, yəni xalqın etimad edib azad iradə ilə seçdiyi, cəmiyyətdən ehtiyat etməyən, əksinə cəmiyyətin əksəriyyətinin etimadına güvənən hakimiyyətə malik Azərbaycan dərhal bugünkündən müqayisəsiz şəkildə güclü olar hər cür məsuliyyətli addımları atmağa cəsarəti olar və torpaqların azad olması üçün imkan yaranar. Demokratik, sivilizasiyalı dünyaya bütün Cənubi Qafqazla inteqrasiya edən Azərbaycan Dağlıq Qarabağın erməni əhalisi üçün də, beynəlxalq ictimaiyyət üçün cəlbedici olar və məsələnin sülh yolu ilə həlli üçün də imkanları qat-qat artırar. İşğalçı Ermənistan dairələrinin iddialarının və bəhanələrinin əksəriyyəti gücünü itirər. 

İkinci toxunmaq istədiyim məsələ sosial problemlərdir. Bizim strateyi hədəfimiz sosial rifah cəmiyyəti yaratmaqdan ibarətdir. Aztəminatlı əhalinin xüsusi çəkisinin az olduğu, orta təbəqənin, yəni normal, müasir həyat səviyyəsini təmin edən səviyyədə stabil gəlirlərə malik əhalinin əksəriyyət təşkil etdiyi cəmiyyətin formalaşmasına nail olmaqdır. Lakin belə bir cəmiyyətin formalaşması üçün bir müddət gərəkdir. Həmin dövrə bir keçid dövrü lazım olacaqdır. Bu keçid dövrü nə qədər sürə bilər bunu konkret demək o qədər də asan deyil. lakin bu dövrdə sosial stabilləşdirmə və ya sosial reablitasiya proqramına ehtiyac vardır. Bizim mütəxəssislərimiz bu proqram üzərində ciddi iş aparırlar. İqtisadi cəhətdən əsaslandırılmaqla, yəni maliyyə mənbələri göstərilməklə müəyyən edilmişdir ki, mövcud sosial yardım növləri saxlanılmaqla neft fondundan bütün vətəndaşlara birbaşa yardım göstərilməsi, ölkə üzrə, həm şəhər, həm də kənd əhalisini əhatə edən mənzil növbəsi qaydasını bərpa etməklə mənzil probleminin həll edilməsi, dövlət ali məktəblərində təhsilin ödənişsiz olması və növündən asılı olmayaraq bütün təhsil müəssisələrindəki tələbələrə dövlət təqaüdünün verilməsi, tibbi sığorta təminatı, uşaqların böyüdülməsi üçün müavinətin bərpa edilməsindən tutmuş ümumdövlət tədbirlərinə qədər, Bakı metropoliteninin pulsuz olması kimi xüsusi tədbirlər daxildir. Əlbəttə, yüksək inkişaf etmiş iqtisadiyyat olmadan yalnız mövcud resurslar hesabına bölüşdürmə rifah cəmiyyətinin yaradılması üçün kifayət deyildir. Lakin dövlətdən gömrük və vergi sistemindəki oğurluğun qarşısının alınması və mövcud resurslardan səmərəli istifadə olunması sadalananlardan da cəsarətli sosial tədbirlərin həyata keçirilməsini imkan verir. Bizim bütün bunlar barədə konsepsiyalarımız var və indi onları təkmilləşdirməklə məşğuluq.

Bizim məqsədimiz elə sadəcə olaraq seçkidə iştirak deyil. Bizim məqsədimiz seçkidə qalib olub hakimiyyətə gəlməkdir, xalqın hakimiyyətini bərpa eləməkdir. Biz bu yolu gedəcəyik. Bu mərhələdə biz xalqımızla bütünləşmək niyyətində olduğumuz kimi digər siyasi qüvvələrlə də məsləhətləşmələrə, əməkdaşlığa hər zaman hazırıq. Bizim Azərbaycanda fəaliyyət göstərən heç bir siyasi qüvvə ilə problemimiz yoxdur. İstənilən qüvvə ilə, siyasətçi ilə görüşə, məsləhətləşə bilərik, birlikdə qərarlar ala bilərik. Vahid namizəd mövzusu uzun müddət danışıldı. Ancaq mənə elə gəlir, artıq hər kəs başa düşməyə başlayıb ki, əsas namizəddən söhbət gedə bilər, vahid namizəddən söhbət gedə bilməz. Çünki ən azı düşünün ki, hakimiyyətin nəzarətində xeyli siyasi partiyalar var. Hakimiyyət tapşırsa ki, seçkiyə getmə, həmin partiyalar getməyəcək, desə get, gedəcəklər. Gedəndə belə çıxacaq ki, vahid namizəd yoxdur. Ona görə də bu faktı nəzərə alaraq vahid namizəd söhbətinə zaman və enerji itirməyin mənasız olduğunu hamı dərk etməlidir. Əsas namizəd konsepsiyası real konsepsiyadır. Kim seçkidə iştirak etmək niyyətindədirsə, çıxsın meydana, fəaliyyət göstərsin. Çox qısa müddətdə aydınlaşacaq ki, cəmiyyət, xalq hansı namizədi müdafiə edir. Biz hamımız da yetkin, məsuliyyətli insanlarıq. Əgər biz özümüz də görsək ki, xalq bizi yox, başqa bir namizədi dəstəkləyir, başqa bir namizədin qalib gəlmək şansı daha çoxdur, aydın məsələdir biz bunu da qəbul etməliyik. Axı bizim məqsədimiz sadəcə hakimiyyət deyil, bizim məqsədimiz ölkədə vəziyyətin dəyişməsidir. Eyni zamanda biz başqalarından da bunu gözləyirik. Yəni biz başqalarına nə cür münasibət bəsləyiriksə ki, başqası bizdən güclü olsa ona güzəştə getməyə hazırıq, başqalarından da gözləyirik ki, bizim güclü olmağımız bir daha təsdiq olunsa, onda onlar bizi müdafiə eləmək haqqında qərar qəbul eləməlidirlər. Yersiz tərslik etməməlidirlər. 

Beynəlxalq birliklə də iş gedir. Dünya 2003-cü ildəki dünya deyil. Dünya, xüsusən 2008-ci ildən sonra dəyişməyə başlayıb. Dünyanın aparıcı ölkələri, azad dünya dərk eləməyə başlayıblar ki, Qərb dünyası ilə İslam dünyası arasındakı bu cür rəqabət, qarşıdurma heç bir tərəfə xeyir gətirmir dünya dəyişməlidir. Dünyanın dəyişməsi prosesi başlayıb. Təkcə ərəb ölkələrində dəyişən rejimlərə baxın. O rejimlərin arasında Qərb ölkələri ilə ən yaxın olanları da var idi, çox sərt münasibətdə olan Qəddafi də var idi. Diktator olduqları üçün dəyişdilər. Bu dəyişiklik davam edəcək. Dünyanın Azərbaycanla maraqlanan hissəsi bilir ki, bu ölkədə demokratiya istəyən xalq var, demokratiyaya hazır cəmiyyət var, demokratiya uğrunda 20 ildir mübarizə aparan siyasi müxalifət var, partiyalar, Müsavat Partiyası var. Ölkədə dəyişiklik mövzusu gələndə də söhbət Müsavatın və Müsavatla bir yerdə olan digər demokratik qüvvələrin üzərinə gəlir. Bununla belə bilmək lazımdır ki, məsələ Azərbaycanda həll olunacaq, hər şey özümüzdən asılıdır. İşləmək lazımdır, cəmiyyətlə iş görmək lazımdır. Seçkiyə ciddi hazırlaşmalıyıq. İdeyalarımızı cəmiyyətə çatdırmaq lazımdır. Müsavat olaraq biz bu işlərə başlamışıq. 

Bütövlükdə hakimiyyətə hazırlaşmaq vaxtıdır. Müxalifətdə olmaq şərəfli olmaqla yanaşı, çox çətin bir işdir. Amma hakimiyyətə olmaq da çox şərəfli olmaqla yanaşı, çox məsuliyyətli bir işdir. Ölkə başdan-ayağa problemlərin içindədir. Bəzən, kölgə kabinetləri yaradırlar, siyahı müəyyənləşdirirlər ki, kim hansı vəzifədə olacaq. Biz axı 1992-1993-cü ildə bu mərhələni yaşamışıq. Vəzifə o qədər çox idi ki, kifayət qədər o vəzifəyə iddia edən adamları tapa bilmirdik. Vəzifə çoxdur, adamlar hazırlaşmalıdır, sizlər hazırlaşmalısınız, sizin tanıdığnız insanlar hazırlaşmalıdır ki, bu vəizəfələrə sahib çıxıb Azərbaycanı bu vəziyyətdən qurtaraq. Öz kadr banklarınıza baxmalısınız ki, kim hansı sahədə mütəxəssisdir. Kadr bankımızı ümumləşdirməliyik və hakimiyyətə gələn kimi çox qısa müddətdə ölkədə dəyişikliklər eləmək, problemləri həll eləmək üçün fəaliyyətə keçməliyik. Bütün bu istiqamətlərdə çox böyük iş durur qarşımızda. Mən inanıram ki, biz birlikdə bu vəzifələrin öhdəsindən gələ biləcəyik. 2013-cü ilitarixə Azərbaycanda demokratik dəyişikliklərin başlandığı il kimi daxil edə biləcəyik. Mən buna inanıram, sizləri də buna inanmağa çağırıram. Tanrı sizləri, Azərbaycanı qorusun!”

 

 

 

Bizə qoşulun