Medianews.az
Ölmək neçəyədir?
290 baxış

Ölmək neçəyədir?

Artıq “kəfənin cibi yoxdur” məsəli öz doğruluğunu itirib. Necə ki, artıq dünyaya gələndə kifayət qədər pul xərcləyən bəşər övladı dünyadan gedəndə də xeyli maliyyə israfına səbəb olur. Necə deyərlər, mərhum öz canı ilə bərabər, qohum-tanışının cibində olub-qalanını da aparır. Dəfn xərci, yer haqqı, qəbir qazana şirinlik, baş daşı pulu deyərkən, ölü sahibi ölüsünəmi, öz gününəmi ağlamağı unudur. Dəfndə və ondan sonra çəkilən bütün xərclər elə öləni də peşman edir, qalanı da. Ucuz həyatın baha biçilən ölümü nə qədər xərc tələb etdiyini öyrənmək üçün paytaxtda yerləşən bir neçə “son mənzil”ə baş çəkib qiymətlərlə maraqlandıq. Görəsən indi ölmək neçəyədir?
Hazırda paytaxt ərazisində 100-ə yaxın qəbiristanlıq var. 

Qəbir yerləri “od tutub yanır”

Paytaxtdan fərqli olaraq bölgələrdə demək olar ki, qəbir yerləri satılmır. Bakıda isə hər qəbiristanlığın öz torpaq məzənnəsi var. Torpağın qiyməti yerindən asılı olaraq, hətta eyni bir qəbiristanlıqda müxtəlif də ola bilər.
Qiymətlərə gəlincə isə orta rəqəmlə 200 manatdan 3000 manata qədər qəbir torpağı satılır. Məzar üçün götürülən torpaq sahəsi kvadratmetrlə satılır. 
Ən bahalı torpaq sahələrindən biri “Qurd qapısı”ndadır. Qəbiristanlığın keşikçisi Zamin dayı həmin ərazidə məzar pulunun 1500-2000 manata başa gəldiyini deyir. Əvvəlcədən alınan yerlər də var ki, onlar artıq hasarlanıb. Badamdar qəbiristanlığında isə qəbirlərin qiyməti 500-1500 manat arasında dəyişir. Ancaq bütün qəbiristanlıqlarda yer haqqı heç də belə “od tutub yanmır”. Yer haqqı nisbətən ucuz olan qəbiristanlıqlardan biri Biləcəri qəbiristanlığıdır. Orada 1 kvadratmetrin qiyməti 300-500 manat arasında dəyişir. Ən yaxşı qəbir yerinin 1 kvadratmetri isə 800-1000 manatdan ucuz deyil. Günəşli qəbiristanlığında bu məbləğ 400-1500 manat, Qaraçuxur qəbiristanlığında  200-1000 manat, Xırdalan qəbiristanlığında isə 800-2000 manatdır. 
Paytaxtda qəbir üçün ən ucuz yer isə Hövsandadır. Burada 150-300 manata da yer almaq mümkündür. Fəxri Xiyabandan sonra ikinci ən böyük və nüfuzlu məzarlıq olan Yasamal qəbiristanlığında isə vaxtilə qəbir yerləri 3500-4000 manatdan da baha satılıb. Aktyor Səməndər Rzayev, müğənni Rübabə və Mahrux Muradova bacıları, “O olmasın, bu olsun” filminin Sərvəri, aktyor Mirzəquliyev Arif və bu kimi şəxsiyyətlərin dəfn olunduğu və Bakıda ən bahalı qəbiristanlıq hesab edilən Yasamal məzarlığında hazırda yer qalmayıb. Bizə qəbiristanlıqdakı sıxlığı göstərən molla deyir ki, məzarlıqda boş qalan yerlər əvvəlcədən alınanlardır: “Bakının köhnə sakinləri var ki, uzun müddətdir burda özlərinə yer alıblar. Son 4-5 il olar ki, burada yeni yer satılmır”.

4 misra şeir 60 manat

Qeyd etdiyimiz qiymətlərə qəbir qazanlara verilən haqq daxil deyil. 
Qəbirqazanlar bu işi məzarlığın harada yerləşməsindən asılı olmayaraq , 70-100 manata edirlər. “Qurd qapısı” yaxınlığında yerləşən qəbiristanlığın qəbirqazan gənci deyir ki, qəbir qazmaq bir adamın işi deyil. Buna görə də bir qəbiri üç nəfər qazır: “Üçümüz bir qəbiri 100 manata qazırıq. Sonra həmin pulu öz aramızda bölürük. Bəzən aşağı qiymətə də qazırıq. Elə olanda məcburuq ya tək, ya da ikimiz qazaq ki, pul çatsın”.
Qəbirqazan deyir ki, azərbaycanlılarla rus qəbirlərinin qazılma qaydası fərqli olduğu üçün qiymətlər də müxtəlifdir. Rus qəbirlərinin qazılma qaydaları bir qədər başqa formada olduğu üçün onun qiyməti də müsəlman qəbirlərinə nisbətən bahadır. 
Qəbirqazanlardan məzar daşlarının da qiymətlərini öyrəndik. Elə qəbiristanlığın həyətində qəbir daşları hazırlayan Fərrux dayı qiymətlərin məzarın hazırlanmasında istifadə edilən daşa əsasən müəyyən edildiyini deyir: “Ağ daşlar ucuz başa gəlir. Çünki sonradan saralır həmin daşlar. Qiyməti 250-300 manatdan çox olmur. Ağ mərmərlər də var ki, onların qiyməti bahadır. Normal, saralmayan, çatlamayan qəbir daşları 600 manatdan aşağı olmur. Ən bahalı qəbir daşı isə 4000-6000 manat arasında dəyişir”.
Fərrux dayı deyir ki, qəbir daşının üstünə çəkilən şəkilin də qiymətə təsiri var. Qəbir daşında nə qədər çox yazı, şəkil olsa qiymət də bir o qədər baha olacaq. Qəbir daşı üstündə 4 misralıq şeir yazılmağın qiyməti 60 manatdır.
Bütün bu xərclərin mərhumun 40 mərasiminə kimi davam etdiyini nəzərə alsaq, deyə bilərik ki, bu gün orta statistik azərbaycanlının aylıq gəliri heç onun ölməyinə də bəs etmir.

Nigar İxtiyarqızı , “Həftə-içi.az”

Bizə qoşulun