Medianews.az
İvanişvili Bakı ilə ikibaşlı oyun oynayır
104 baxış

İvanişvili Bakı ilə ikibaşlı oyun oynayır

Gürcüstanın yeni hökumət rəhbəri Bidzina İvanişvilinin Avropadan sonra ikinci xarici səfəri Azərbaycana oldu. Dünən Azərbaycan prezidenti İlham Əliyev baş nazir İvanişvilini qəbul etdi, görüşdən sonra qonağın şərəfinə rəsmi nahar verildi.

Yayılan rəsmi məlumatda bildirilir ki, görüş zamanı ikitərəfli maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Qeyd etmək lazımdır ki, hazırkı mərhələdə Gürcüstanın baş nazirinin Azərbaycana səfəri xüsusi əhəmiyyət daşıyır və bu günə qədər iki ölkə arasında əldə olunmuş razılığa əsasən həyata keçirilən, həm ölkələrin maraqları, həm regional, həm də geosiyasi önəmi olan layihələrin gələcək taleyinin İvanişvilinin Bakı səfərinin nəticələrindən asılı olacağını desək, yanılmarıq.

Gürcüstanda oktyabr ayında keçirilmiş parlament seçkilərində qalib gəlmiş, üzərində “Rusiyanın adamı” damğası olan İvanişvili baş nazir postuna yiyələndikdən sonra Avropaya inteqrasiyanın prioritet olacağını bildirsə də, şimal qonşusu ilə münasibətlərin mülayimləşməsi üçün də cəhdlərin göstəriləcəyini gizlətmədi.
İvanişvili ilə Saakaşvilinin bir-birinə qarşı nə dərəcədə müxalif olması mübahisə doğursa da, görünən odur ki, hər iki siyasi fiqur Gürcüstanın öz maraqları üçün fəaliyyət göstərərək, əslində gözəl bir komanda oyunu nümayiş etdirirlər. Əsas məqsəd isə Gürcüstanın işğal olunmuş Abxaziya və Cənubi Osetiya ərazilərinin geri qaytarılmasıdır.

Reallıq ondan ibarətdir ki, həm Gürcüstan, həm də Azərbaycanın qarşısında duran həll olunmalı ən vacib problem ərazilərinin işğaldan azad olunmasıdır. Hər iki ölkənin liderlərinin müxtəlif siyasi oyunlara əl atmalarının arxasında əslində həmin problemin həllinə nail olmaq istəyi durur. Bu problem Azərbaycanla Gürcüstanı yaxınlaşdıran faktor kimi də rol oynayır. Lakin hadisələr onu göstərir ki, hansısa məqamda məhz ərazilərin işğaldan azad edilməsi istəyi də ölkələr arasında fikir ayrılığına səbəb ola bilər. Hər iki ölkə üçün işğal probleminin arxasında Rusiya dayansa da, konfliktlərin mahiyyətlərində, törədilmə vasitələri və həlli yollarında fərqlər mövcuddur.

Saakaşvili Rusiyanın münaqişənin sifarişçisi kimi ortaya çıxmasına 2008-ci il müharibəsini törətməklə nail oldu, İvanişvili isə Moskvanı dialoqa dəvət etdi və artıq danışıqlar başlayıb. Baş nazir Gürcüstanla Rusiyanı birləşdirən və işğal olunmuş ərazilərdən keçən dəmir yolu xəttinin açılmasını da təklif etdi. Dəmir yolunun açılması Ermənistanın da Rusiya ilə mal mübadiləsinə yol açdığı üçün Moskva Tbilisinin təklifinə şirnikdi və dialoqun başlanılmasına start verdi. Təbii ki, bu təklifin reallığa çevrilməsi Azərbaycanın maraqlarına cavab verə bilməzdi. Çünki gələcək perspektivdə İranın da qeyd olunan marşruta qoşulması Şimal-Cənub strateji nəqliyyat xəttinin Azərbaycandan yan keçməsi anlamına gəlir və Bakının Yerevana qarşı illərdir tətbiq etdiyi blokada siyasəti öz effektini itirir. 

Üstəlik, İvanişvilinin Bakı-Tbilisi-Qars dəmir yolunun öz ölkəsi üçün səmərəliyini şübhə altına alması Kremlin daha da yumşalmasına hesablanmışdısa da, Bakı və Ankaranın ciddi qəzəbinə səbəb oldu.
Tbilisinin bu addımlarının məqsədi, təbii ki, işğal faktoruna dayanır. Gürcüstan istəyir ki, bu yolla Abxaziya ilə Cənubi Osetiyanın özünə inteqrasiyasına, daha sonra mərhələli şəkildə Rusiya ilə danışıqlar apararaq, ərazilərinin geri qaytarılmasına nail olsun. Lakin gürcülərin seçdiyi bu yol həm Azərbaycanın tutduğu istiqamətə uyğun deyil, həm də Qərbin regional və geosiyasi xətti ilə ziddiyyət təşkil edir.
Azərbaycan münaqişənin həlli üçün qeyd olunan ümumi geosiyasi xəttə uyğun fəaliyyətini qurur. Geosiyasi məqsəd ondan ibarətdir ki, Cənubi Qafqazın bütövlükdə Avropaya inteqrasiyasına nail olunsun. Buna mane olan yeganə ölkə isə Ermənistandır. Daha dəqiq desək, Ermənistan hakimiyyətidir. Odur ki, Qərb üçün Ermənistanda növbəti seçkilərdə inqilabın baş verməsi prioritet məsələ hesab oluna bilər. Əgər Ermənistanda qərbyönümlü qüvvələr hakimiyyətə gələrlərsə, İranla münasibətdən daha çox Qərbə inteqrasiyaya meyl göstərəcəklər. Faktik olaraq, Ermənistanın həyatda qalması üçün Azərbaycan və Türkiyədən başqa müraciət edəcək ünvanı qalmayacaq.
İkinci versiya isə ondan ibarətdir ki, Suriyadan sonra növbə İrana çatacaq və bu ölkədə qarışıqlıqlar başlayacaq. Yaranmış vəziyyətdə Cənubi Azərbaycanın müstəqillik əldə etməsi məsələsi ortaya çıxa bilər ki, nəticədə Ermənistan iki Azərbaycanın əsirinə çevriləcək.
Bu versiyalar, Gürcüstan üçün o qədər də cəlbedici görünməyə bilər. Çünki əgər Dağlıq Qarabağ probleminin həlli Ermənistanda hakimiyyət dəyişikliyindən asılıdırsa, Cənubi Osetiya və Abxaziyaya bu formulu tətbiq etmək olmaz. Çünki Ermənistanın Avropaya inteqrasiyası heç də Rusiyanın Avropaya inteqrasiyası anlamına gəlmir. Cənubi Qafqazın bütövlükdə qərbyönümlü olması Rusiyanın Gürcüstan ərazisini boşaltmasına zəmanət vermir. Nəticədə Gürcüstan Rusiya ilə üz-üzə qalacaq, üstəlik, Moskvaya təsir etmək vasitələri tükənəcək. Gürcüstanın yeganə şansı NATO-ya üzv olmaqdır. Lakin Şimali Atlantika Alyansının da Gürcüstan əraziləri üçün Rusiya ilə müharibəyə başlayacağı inandırıcı səslənmir. Buna görə, İvanişvili nə qədər ki, gec deyil Ermənistan faktorundan Moskva ilə yaxınlaşmaq üçün istifadə etmək istəyir.
Qeyd olunanları nəzərə alaraq, ehtimal etmək olar ki, Azərbaycan və Gürcüstan liderlərinin görüşündə bundan sonrakı addımların əlaqələndirilməsinin müzakirəsi mümkündür. İvanişvilli Rusiya ilə dəmir yolunun bərpa edilməsi üçün prezident İlham Əliyevin razılıq verməsini xahiş edə və fikrini onunla əsaslandıra bilər ki, onsuz da Yaxın Şərqdəki proseslər İranın əleyhinə işləyir və gec-tez Ermənistana gözlənilən təpik dəyəcək. Gürcüstanın bu müddət ərzində Moskvadan güzəşt əldə edə bilər, belə ki, sonrakı məqamda bu daha çətin olacaq.

Prezidentin cavabının necə olduğunu acağı isə gələcək hadisələr göstərəcək.

azvision.az

Bizə qoşulun