Hakimiyyətin Parisdən videokompromatları dayandırmaq planı
Sabiq ABU rektorunun saxlanılıb Bakıya təhvil verilməsi variantı üzərində iş gedir; onu neytrallaşdırmaq üçün yeni cəhdlər edilir; qalmaqallı videoların müəllifi barədə cinayət işi ilə bağlı yeni materiallar toplanıb
Azərbaycan hakimiyyəti keçmiş ABU rektoru Elşad Abdullayevin saxlanılıb Bakıya təhvil verilməsi üçün Fransada iş aparır. Bu barədə “Yeni Müsavat”a hakimiyyətdəki qaynaqlardan məlumat daxil olub. Məlumatda deyilir ki, Fransa hüquq-mühafizə orqanlarına E.Abdullayev barədə cinayət işinin qaldırıldığı barədə məlumatlar, habelə onun saxlanılması və Bakıya təhvil verilməsi üçün əsas kimi göstərilən bəzi materiallar göndərilib.
Habelə Bakıdan göndərilən emissarlar Fransanın bəzi hakimiyyət çevrələrində keçmiş rektorun fəaliyyətinin Azərbaycanla bu ölkə arasında münasibətləri “korladığını” çatdırıblar.
Məlumata görə, hakimiyyətin əsas taktikası budur ki, E.Abdullayev Fransa hakimiyyət orqanları tərəfindən sıxışdırılsın, ona təzyiqlər edilsin ki, ən azından videokompromatları yaymağı dayandırsın. Hakimiyyətin E.Abdullayevin Fransada saxlanılaraq Bakıya təhvil verilməsi yolları üzərində də işlədiyi bildirilir.
Bu səylər Azərbaycan hakimiyyətinin keçmiş rektorun kompromat hücumları qarşısında geri çəkilməmək, əksinə, onun özünü neytrallaşdırmaq taktikasından xəbər verir. Xatırladaq ki, keçmiş ABU klinikasında orqan transplantasiyası barədə cinayət işi qaldırılıb. Baş Prokurorluq E.Abdullayevi bu işlə bağlı “Bakıya gəlib ifadə verməyə” də çağırmışdı. Həmçinin bugünlərdə YAP icra katibinin müavini Siyavuş Novruzov demişdi ki, E.Abdullayev Gülər Əhmədovanın işi ilə bağlı Bakıya gəlib izahat verməlidir. Həmçinin keçmiş rektor yaydığı müraciətlərin birində ABU-nun binasında yeni axtarış aparıldığı və onun əleyhinə istifadə olunmaq üçün hansısa materialların toplandığı barədə bildirmişdi.
Ehtimal olunur ki, hüquq-mühafizə orqanları diqqəti video qalmaqallarından yayındırmaq üçün keçmiş rektoru bir sıra cinayət əməllərində ittiham etməyə hazırlaşır.
musavat.com