Gürcüstan baş nazirindən Bakı-Tiflis-Qars layihəsini dayandırmaq hədəsi
Onun sözlərinə görə, yolun tikintisi bir sıra suallar doğurur: “Bu layihə hansısa məqamda bizə sərf etməyə bilər, mən məsələni Bakıda müzakirə etməyə hazırlaşıram”
Gürcüstan baş naziri Bdzina İvanişvili gözlənilməz və təəccüblü bəyanatla çıxış edib. “Rezonansi” qəzetinə müsahibəsində o deyib ki, Qars-Axalkalaki dəmir yol magistralının tikintisi “bir sıra suallar” doğurur. “Hansısa mərhələdə bu magistral bizə sərf etməyə bilər” deyə, o qeyd edib. İvanişvili bu məsələ ilə bağlı Bakıya gözlənilən səfəri zamanı danışıqlar aparacağını istisna etməyib: “Ola bilsin ki, mən bu məsələ barədə Azərbaycana səfərim zamanı suallar verməli oldum. Biz yumşaq şəkildə dost ölkəyə izah edəcəyik ki, hansısa mərhələdə bu layihə Gürcüstana sərf etməyə bilər və məsələ nizamlama tələb edir”. Gürcüstan baş nazirinin bildirdiyinə görə, proses asan olmayacaq, çünki dəmir yolunun tikintisi artıq başlayıb.
“Tikintinin başlamasına qədər bu asan idi, ancaq indi mürəkkəbdir. Biz qonşularımıza hörmət etməliyik və əvvəlki hakimiyyətin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməliyik. Bununla belə, suallar meydana çıxır və onlara cavab verilməlidir. Əcdadlarımız bizə coğrafi baxımdan unikal yer buraxıb gediblər və bundan düzgün istifadə etmək, öz imkanlarımızı maksimal şəkildə effektiv qiymətləndirmək lazımdır” - deyə, İvanişvili əlavə edib. Gürcüstan baş nazirinin nəinki onun ölkəsi, eyni zamanda Asiyadan Avropaya qədər bir çox ölkələr üçün strateji əhəmiyyətli nəqliyyat dəhlizi olan Bakı-Tiflis-Qars dəmir yol magistralının nədən sərfəli hesab etmədiyi aydın deyil. Eyni zamanda layihə ilə bağlı meydana çıxan sualların da iqtisadi, yoxsa siyasi mahiyyət daşıdığı dəqiqləşdirilməyib. İstənilən halda İvanişvilinin Azərbaycan, Gürcüstan və Türkiyənin kifayət qədər böyük önəm verdiyi bu layihəni sual altına alması təəccüblü görünür.
Qeyd edək ki, bundan əvvəl İvanişvili ARDNŞ-lə bağlanan müqavilələrə də yenidən baxılacağını, habelə Gürcüstanın Azərbaycandan elektrik enerjisi ixrac etmək planlarının qüvvədən düşdüyünü elan edib. Tiflisdən bir-birinin ardınca gələn bəyanatlardan sonra Azərbaycan hakimiyyəti ARDNŞ prezidenti Rövnəq Abdullayevi İvanişvili ilə danışıqlara göndərmişdi. Lakin bu danışıqlar Gürcüstanın yeni hökuməti ilə Azərbaycan arasında yaranmış sualları aradan qaldıra bilməyib. İvanişvilinin hökuməti üstəlik onu da bildirmişdi ki, Gürcüstan Abxaziyadan keçən dəmir yolunu açmağa hazırdır. Bu yolun açılması Ermənistanın Rusiya ilə birbaşa dəmiryol əlaqəsinin bərpası demək idi və regionda 20 ildən çoxdur mövcud olan status-kvonu dəyişdirərək ermənilərin mövqelərini gücləndirə bilərdi. Doğrudur, İvanişvili hökumətinin rəsmiləri bugünlərdə elan etdilər ki, Abxaziyanın maraq göstərməməsinə görə təklif qüvvədən düşür.
İvanişvilinin Bakı-Tiflis-Qars layihəsini sual altına alması isə daha ciddi məsələdir. Bu layihənin əsas təşəbbüskarı Azərbaycandır. Dəmir yol magistralının işə düşməsi təkcə iqtisadi yox, eyni zamanda siyasi əhəmiyyət də kəsb edir və Ermənistanın regiondan keçən nəqliyyat dəhlizindən kənarda qalması istiqamətində daha bir addım atılır. Məhz bu səbəbdən ABŞ-dakı erməni lobbisi US Exİm Bankın bu layihəyə kredit ayırmasına imkan verməmişdi. Lakin Azərbaycan layihə ilə bağlı az qala bütün maliyyə xərclərini üzərinə götürüb və dəmir yolunun Gürcüstandan keçən hissəsinin tikintisi üçün bu ölkəyə Neft Fondunun vəsaitləri hesabına 775 milyon dollar uzunmüddətli güzəştli kredit ayırıb. Özü də bu kreditin 200 milyon dolları simvolik faizlə-(cəmi 1 faiz) 25 illiyə, qalan 575 milyon dolları isə yenə 25 illiyinə illik 5 faizlə verilib. Dünyanın heç yerində bu cür ucuz kredit yoxdur və tamamilə aydın idi ki, Bakının Tiflisə bu cür güzəştli kredit ayırması layihənin siyasi-kommersiya əhəmiyyətini nəzərə alaraq onun reallaşdırılmasına nail olmaqdır. Azərbaycan tərəfinin də layihə ilə bağlı xərcləri kifayət qədər sanballıdır. Layihənin maliyyələşdirilməsinə başlayandan 01.10.2012 tarixə qədər Dövlət Neft Fondu tərəfindən Nəqliyyat Nazirliyinə ümumilikdə 403,3 milyon ABŞ dolları, o cümlədən 2012-ci ilin 9 ayı üzrə 123,5 milyon ABŞ dolları vəsait ayrılıb. Türkiyə tərəfi isə öz ərazisində tikinti işlərinə təxminən 300 milyon dollar sərf etməlidir.
Qeyd edək ki, mətbuat bir neçə dəfə Bakı-Tiflis-Qars magistralının tikintisi üçün Gürcüstana ayrılan kreditlərin düzgün xərclənmədiyi, korrupsiyaya yol verildiyi barədə yazıb. Gürcüstanla Azərbaycan arasında İkitərəfli sazişə müvafiq olaraq, kreditin istifadəsinə müstəsna səlahiyyətlərlə nəzarət edən və bu məqsədlər üçün kredit tam qaytarılanadək büdcənin təsdiq olunması və onun icrasına nəzarət edən məşvərət orqan - Əlaqələndirici Şura yaradılıb. Azərbaycan tərəfindən şuranın həmsədri nəqliyyat naziri Ziya Məmmədov, üzvləri isə Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Arif Əsgərovdur. Azərbaycanda Nəqliyyat Nazirliyinin xətti ilə həyata keçirilən infrastruktur layihələrində hansı miqyasda korrupsiyanın baş verdiyi, nəticədə Azərbaycanın dünyada ən bahalı yol çəkən ölkəyə çevrildiyi məlumdur. Bu baxımdan istisna deyil ki, İvanişvilinin sualları həm də Bakı-Tiflis-Qars magistralının tikintisində yol verilən korrupsiya ilə bağlıdır.
Lakin onun sualları siyasi motivli də ola bilər. Şübhə yoxdur ki, sözügedən magistralın reallaşması regionda bir çoxlarını, o cümlədən Rusiyanı narahat edir. Çünki yeni magistral Ermənistanın regionda daha da təcrid vəziyyətinə düşməsinə aparacaq. Nəticədə Ermənistanla Türkiyəni birləşdirən dəmir yolunun açılıb-açılmamasının əhəmiyyəti qalmayacaq. Ermənistanın dəmir yolları 100 illiyinə Rusiyanın idarəçiliyinə verilib, ancaq yük daşımalarının həcmi cüzi olduğundan bu müəssisə ziyanla işləyir. Deməli, Rusiyanın bu layihəni əngəlləmək üçün xeyli səbəbləri ola bilər. Üstəlik, hazırda Moskva-Bakı münasibətlərinin nə dərəcədə gərgin olduğu nəzərə alınarsa. Digər tərəfdən, bugünlərdə Brüsselə səfəri zamanı xarici işlər naziri Elmar Məmmədyarov NATO-ya təklif edib ki, Əfqanıstandakı hərbi qüvvələrini və hərbi texnikanı çıxarmaq üçün Bakı-Tiflis-Qars magistralından istifadə edə bilər. Nazir magistralın gələn il işə düşəcəyini xatırladıb, NATO isə Əfqanıstandakı qüvvələrini 2014-cü ildə tam çıxarmağa hazırlaşır. Söhbət minlərlə hərbi texnikanın, on minlərlə əsgərin, böyük miqdarda hərbi sursatın v s. daşınmasından getdiyi üçün Qərb KİV-ləri qeyd etmişdi ki, Məmmədyarovun təklifi qəbul olunsa Azərbaycan yüz milyonlarla dollar gəlir götürə və magistrala yatırdığı investisiyanın bir hissəsini qısa müddət ərzində geri qaytara bilər. Lakin həmin mənbələr əlavə edirdi ki, təklifə Rusiyanın necə reaksiya verəcəyini də gözləmək lazımdır...
Günün sonunda Gürcüstan prezidenti Mixail Saakaşvili də məsələ ilə bağlı bəyanatla çıxış edib. O bəyan edib ki, dəmir yol magistralının dayandırılmasının mümkünlüyü Gürcüstanın Avropaya inteqrasiya kursunun davamı baxımından təhlükəli əlamətdir. “Baş nazirin və hökumətin bu cür təşəbbüsləri ölkəni Avropadan ayırır və onu Rusiya ilə vassal münasibətlərə cəlb edir” deyə, prezident bildirib. O tələb edib ki, bu cür məsələlərlə bağlı ictimaiyyət öz fikrini bildirməlidir. “Dəmiryol magistralının tikintisinin dayandırılmasının mümkünlüyü barədə bəyanat məni çox narahat etdi. Bu, Gürcüstanın müstəqilliyi ərzində nail olduğu ən mühüm layihədir. Çünki Gürcüstanı Rusiyadan yan keçməklə Avropaya birləşdirir. Avropa ölkələri və Gürcüstan bu dəmir yoluyla birbaşa bağlanır” deyə, Saakaşvili bildirib. Onun sözlərinə görə, hökumətin tamamilə Rusiyadan alınan elektrik enerjisinə keçmək qərarı da ölkəni Avropadan uzaqlaşdırır. Saakaşvili bu bəyanatla çıxış etməzdən əvvəl onunla Azərbaycan prezidenti arasında telefon danışığı olub. Rəsmi məlumatlara görə, İlham Əliyev Gürcüstan prezidentini ad günü ilə bağlı təbrik edib, lakin ehtimal edilir ki, telefon danışığı zamanı baş nazirin Bakı-Tiflis-Qars layihəsi barədə bəyanatı da müzakirə olunub.
musavat.com