Medianews.az
İRAN REJİMİ TƏBRİZİ AMERİKANIN HƏDƏFİNƏ ÇIXARTMAQ İSTƏYİR
211 baxış

İRAN REJİMİ TƏBRİZİ AMERİKANIN HƏDƏFİNƏ ÇIXARTMAQ İSTƏYİR

Vəfa Quluzadə: “Hesab edirlər ki, bununla Tehranı qoruya biləcəklər”
Fazil Mustafa: “Təbrizin Bütöv Azərbaycanın paytaxtı olmaq ehtimalı daha böyükdür və inşallah, bu, olacaq”

İran hökumətinin paytaxtı Tehrandan Təbrizə köçürmək planı barədə xəbər verilib. Qeyd edək ki, paytaxtın köçürülməsi üçün bu ölkənin parlamentində xüsusi komissiya da yaradılıb. Düzdür, hələlik bir sıra şəhərlər nəzərdən keçirilir və bu sırada Azərbaycanın tarixi paytaxtı sevgili Təbrizin də adı var. Əksər ekspertlər isə bu fikirdədir ki, İranın məkrli niyyəti azərbaycanlılara müsbət bir şey vəd etmir.


Politoloq Vəfa Quluzadə hesab edir ki, paytaxtın Təbrizə köçürülməsi real deyil: “İran hakimiyyəti bununla azərbaycanlılara demək istəyir ki, Amerika İrana zərbə vuracağı təqdirdə paytaxt olaraq Təbriz hədəfə tuş gələcək. Hesab olunur ki, bununla Tehran qorunacaq. Ancaq əgər İrana əsgəri zərbə vurulsa, bütün potensialın, infrastrukturun mövcud olduğu Tehran hədəfdə olacaq. Tehran İranın ən böyük şəhəridir. Ona görə də zərbədən qaçmaq mümkün olmayacaq”.

 


V.Quluzadə azərbaycanlıları hədəfə çıxartmaq istəyən İran hakimiyyətinə bir mesaj da verdi: “Əgər İran doğrudan da boynuna alırsa ki, əhalinin böyük bir hissəsi Azərbaycan türklərindən ibarətdir və paytaxt onların şəhəri olmalıdır, bu, başqa məsələ. Onda açıq-aşkar desinlər ki, farslar ölkədə azlıq təşkil edir və hakimiyyət çoxluqda olan azərbaycanlıların əlinə keçməlidir. O halda Xamneyi başda olmaqla, azərbaycanlı səlahiyyətlilər öz yerində qalır və digər postlara da azərbaycanlılar gətirilir. Belə olan halda bu, məqbul variant olar”.

 


Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa da deyir ki, indiki şəraitdə Təbrizin paytaxt olması ehtimalı real deyil: “Çünki Təbriz həm sərhədə yaxın bölgədir, həm də bu şəhər monoetnik sistemə sahibdir, burada yaşayanların əksəriyyəti azərbaycanlılardır. Bu da fars ideologiyasına dayanan bir rejimin Azərbaycan şəhərini paytaxt seçməsi inandırıcı görünmür. Əgər Tehrandan paytaxt köçürülərsə, bu zaman hardasa mərkəzi şəhərlərin üzərində dayanılması ehtimalı daha güclüdür. Bütün hallarda Təbrizin Bütöv Azərbaycanın paytaxtı olmaq ehtimalı daha böyükdür və inşallah, bu, olacaq”.

 



Azərbaycanın İrandakı sabiq səfiri Əliyar Səfərli deyir ki, bu məsələ İranın təxribatlarından biridir: “Ola bilər ki, İrana qarşı müharibə baş versin. Bu mənada İran istəyir ki, müharibə şəraitində paytaxt Təbriz olsun. Bu zaman isə paytaxt Təbriz başdan-başa viran qalsın, dağılsın, əhalisi qaçsın. Ancaq Təbriz heç vaxt İranın paytaxtı ola bilməz. İran hökumətinin yürütdüyü siyasət nəticəsində Təbrizin iqtisadiyyatı yox dərəcəsindədir. Bu mənada paytaxtın Təbrizə köçürülməsi mümkün deyil. Xalq özü də istəməz ki, Təbriz İranın paytaxtı olsun. Bu şəhərdə əhalinin 99 faizi Azərbaycan türklərindən ibarətdir. Fars rejiminin mərkəzi Təbrizdə formalaşa bilməz”. Ə.Səfərli Səfəvilərin vaxtında da paytaxtın Təbrizdən Qəzvinə, ordan da İsfahana köçürüldüyünü xatırlatdı: “İran müxtəlif qırğın silahları ilə bağlı da obyektləri Güney Azərbaycanda yerləşdirməklə azərbaycanlıları fəlakətlərlə baş-başa qoymaq istəyir. Urmiyə gölünü qurudur ki, əhalini ordan didərgin salsın. Ərdəbildə çirkli sulardan istifadə olunduğu üçün ağır xəstəliklər yayılır. Muğanın bir sıra yerlərində erməni kəndlərini məskunlaşdırır. Həmçinin Arazın sahilində ermənilər üçün su elektrik stansiyaları tikir ki, Güneylə Quzey arasında əlaqələri kəssin. Bunlar İranın fars rejiminin məkrli siyasətinin tərkib hissəsidir”.

 

musavat.com

Bizə qoşulun