Medianews.az
CAVİD QURBANOVUN 20 MİLYON MANATLIQ DUZ KORRUPSİYASI
140 baxış

CAVİD QURBANOVUN 20 MİLYON MANATLIQ DUZ KORRUPSİYASI

“Azəryolservis” kağız üzərində şaxtalı günlərdə yollara səpmək üçün tonu 1 milyon manata 20 min ton duz alıb; duz alışını ASC sədrinin himayəsində olan şirkət həyata keçirib və bununla bağlı 20 milyon manat silinib

“Azəryolservis” ASC qış mövsümünə hazırlıq çərçivəsində 20 min ton duz sifariş edib. Qarlı-şaxtalı günlərdə magistral yollara səpmək üçün nəzərdə tutulan duzun qiyməti rəsmi sənədlərdə tonu 1 milyon manata - 1 kiloqramı 1 manata sənədləşdirilib. Ancaq duzun alışı yalnız kağız üzərində həyata keçirilib. Çünki yol-istismar idarələrinin tədarük anbarlarına çox cüzi miqdarda, özü də Masazır gölünün ətrafında yığılan duz daxil olub. Bu barədə “Yeni Müsavat”a “Azəryolservis”dəki mənbələrdən məlumat daxil olub.

Mənbənin sözlərinə görə, bu ilə qədər duzun sifarişini yol istismar idarələri həyata keçirirdi: “Hər bir yol istismar idarəsi kurasiyasına daxil olan yolların uzunluğundan asılı olaraq duz sifariş edilirdi. Ancaq bu ildən duz əməliyyatı mərkəzləşdirilib və bu işlə ”Azəryolservis" ASC-nin sədri C.Qurbanovun himayəsində olan şirkət məşğul olub. Şirkət guya “Azəryolservis”in duz tədarükü ilə bağlı 20 milyon manatlıq tenderini udub. Əslində isə bu tenderdə duz alışı da kağız üzərində olub. Məqsəd bu adla 20 milyon manat pulu silmək olub".

 


Duzun 1 kiloqramının 1 manata sənədləşdirilməsi elə korrupsiyanın hansı səviyyədə olmasını göstərir. Pərakəndə satışda emal edilmiş süfrə duzunun qiyməti 40-50 qəpik arası dəyişir. Təbii ki, yollara süfrə duzu yox, emal prosesini keçməmiş duz səpilir. Özü də böyük məbləğli sifariş olduğunu nəzərə alsaq, 1 kiloqram duzun qiyməti 10-12 qəpikdən yuxarı olmamalıdır - kütləvi satışda qiymət pərakəndə satış qiymətindən azı 20-30 faiz ucuz olur. Ancaq rəsmi sənədlərdə 1 kiloqram duz 1 manata - real bazar qiymətindən az qala 10 dəfə bahasına sənədləşib. Hətta 20 min ton duz hazırda “Azəryolservis”in anbarlarına vurulsaydı belə, təkcə bu qiymət amilinə görə “Azəryolservis” rəhbərliyinə cinayət işi açmaq olardı. Ancaq mənbə israr edir ki, bu qədər duzun alışı yalnız kağız üzərində olub. Yəni alınmayan mala görə dövlətin pulu mənimsənilib.

 


Mənbə iddia edir ki, “Azəryolservis”in sərəncamında olan yollara 20 min ton duz həddən artıq çoxdur: “ASC əsasən magistral yollara nəzarət edir. Şəhərdaxili yollara xidmət yerli icra hakimiyyətlərinin kurasiyasındadır. Həm də şaxtalı-qarlı günlərdə yollara yalnız duz yox, həm də qum səpilir. Yəni duz əməliyyatı qış korrupsiyasının yalnız bir elementidir. Yollara səpələnən qumun da alınmasında eyni qaydalar mövcuddur. Bundan başqa, olmayan qumun və duzun yollara səpilməsi prosesinin özü də qış korrupsiyasının əsas elementlərindən biridir. Bu işə guya xeyli texnika cəlb ediləcək, yanacaq silinəcək, əlavə əmək haqqı yazılacaq və s. Bir sözlə, bu işlə bağlı xidmət haqları da mənimsəniləcək”.

 


Mənbənin məlumatına görə, duz və qum tədarükünün yol-istismar idarələrindən alınaraq bir əldə cəmlənməsi “Azəryolservis”in strukturlarında narazılıqla qarşılanıb, çünki onların lokal qazanc mənbələri qapadılıb. “Azəryolservis”in nəzdində 116 yol-istismar idarəsi fəaliyyət göstərir. Bu idarələrin hər biri qış mövsümündə öz tələbatlarına uyğun duz-qum sifariş verirdi. Onların da sifarişlərində korrupsiya elementləri var idi. Ancaq bu qədər geniş şəkildə yox. Məsələn, yol-istismar idarələrinin rəisləri hər qış mövsümündə 10-20 min manata “qənaət” edirdilər. Yəni ildə təxminən 1 milyon manatlıq mənimsəmədən söhbət gedə bilərdi. Ancaq bu il qış tədarükünün 1 əldə cəmlənməsi sayəsində bu məbləğ ən azı 15-16 dəfə artıb. Bu da yol-istismar idarə rəislərinin ciddi narazılığına səbəb olub.

 


Hər il qarlı-şaxtalı günlərdə yollarda hərəkət çətinləşir. Hətta “obıvatellərə” də bəllidir ki, həmin günlərdə yollarda önləyici tədbirlər görülmür - duz və qum ya yerli-dibli səpilmir, ya da görüntü xətrinə səpilir. Hər il soyuq qış günlərində yolların yararsız vəziyyətdə olmasına görə “Azəryolservis” ASC-nin fəaliyyəti mediada kəskin tənqid olunur. Ancaq “Azəryolservis”in rəhbərliyi ictimai qınağı nəzərə almaq əvəzinə qış tədarükündə korrupsiyanın səviyyəsini daha da artırıblar. Görünür, cəzasızlıq mühiti yol boslarının korrupsiya əməllərinə “stimul” verir.

 

musavat.com

Bizə qoşulun