Sabiq deputatın sərhəddə saxlanmasının pərdəarxası məqamları açılır; hökumət onu nəzarətdən çıxarmamaq üçün paytaxta qaytarıb...
Dekabrın 18-nə keçən gecə mətbuatda sabiq YAP-çı deputat Gülər Əhmədovanın həbsi ilə bağlı müəmmalı xəbərlər dolaşdı. Öncə aznews.az saytı G.Əhmədovanın Qazax rayonundan Gürcüstan ərazisinə keçmək istəyərkən “Qırmızı körpü” keçid məntəqəsində saxlanılaraq hüquq-mühafizə orqanlarına təhvil verildiyini yazdı. Keçmiş deputatın ailəsindən də lent.az-a onun həbs edildiyini təsdiqləyiblər. Lakin bildiriblər ki, o, başqa yerdə yox, öz evində həbs olunub. Onu saat 22 radələrində evindən aparıblar.
Yəni lent.az-ın ilk məlumatında G.Əhmədovanın evində həbs edilərək aparıldığını ailəsindən təsdiqlədikləri bildirilirdi.
Amma bu məlumatdan təxminən 1 saat sonra əvvəlcə Əhmədovanın qardaşı İlqar Mikayıloğluna istinadla keçmiş deputatın evdə olduğu xəbər verildi, daha sonra isə xəbərə belə əlavə olundu: “Lent.az-ın müxbiri Gülər Əhmədovanın bacısı Gülnar xanımın mobil telefonuna zəng edib. Bacısı keçmiş deputatın saxlanmadığını deyib. Daha sonra Gülər Əhmədova özü telefonu alıb və saxlanılıb-saxlanmaması barədə suala belə cavab verib: ”Mən danışmayacağam". Bundan sonra o, telefonu qapadıb".
Haqqin.az saytı da etibar etdiyi mənbələrə istinadən öncə G.Əhmədovanın həbs edildiyini, bir qədər sonra hətta “Bandotdel”də saxlandığını, sənədlərinin məhkəməyə hazırlandığını xəbər vermişdi. Lakin bu sayt da sonradan əməkdaşının G.Əhmədova ilə əlaqə saxlaya bildiyini və keçmiş deputatın öz evində olduğunu yazdı. Burada da G.Əhmədovanın ümumiyyətlə saxlanıb-saxlanmadığına aydınlıq gətirməkdən imtina etdiyi bildirilir. Amma haqqin.az saytı ən sonda məlumatlı mənbəyə istinadla xəbər verib ki, hüquq-mühafizə orqanları G.Əhmədovanı həqiqətən də saxlayıb, amma təxminən 3 saatdan sonra buraxıblar.
Qeyd edək ki, G.Əhmədovanın həbsi barədə ilk məlumat yayan aznews.az saytı Bakının keçmiş polis şefi Məhərrəm Əliyev və onun deputat qardaşı Adil Əliyevin yaxınlarına məxsusdur. Bu saytın belə bir xəbəri ciddi mənbə olmadan yayması inandırıcı deyil.
“Yeni Müsavat”a məlumat verən mənbə də G.Əhmədovanın Qazaxda saxlandığını təsdiqləyib. Onun sözlərinə görə, əslində hakimiyyətin G.Əhmədovanı həbs etmək fikri olmayıb. Məqsəd sadəcə onun ölkədən, dolayısı ilə nəzarətdən çıxmasının qarşısını almaq olub. Mənbə deyir ki, hökumət G.Əhmədovanı ölkədə saxlamaqla onu Elşad Abdullayev nümunəsində olduğu kimi nəzarətdən buraxmaq istəmir. Çünki daha öncə E.Abdullayevin işini araşdıran blogger Elnur Məcidli G.Əhmədovanın əlində hakimiyyətin yüksək eşelonlarına aid xeyli video olduğunu demişdi. Onun sözlərinə görə, bu videolar G.Əhmədovanın qarantı sayılırdı.
Sabiq deputat Gürcüstana, oradan da Türkiyəyə gedəcəkmiş...
Elnur Məcidli “Yeni Müsavat”a açıqlamasında dedi ki, G.Əhmədovanın Qazağa getməsinin səbəbi Gürcüstana, oradan da Türkiyəyə getmək istəyi olub: “Əhmədova oradan da xaricə qaçmaq istəyirmiş. Onu sərhədçilər saxlayıb. Əhmədovanı oradan ”Bandotdel"ə aparıblar. Onun oradan sərbəst buraxılması Prezident Administrasiyası rəhbərinin Güləri müdafiə etdiyini, qoruduğunu göstərir".
E.Məcidli söylədi ki, G.Əhmədovanın ölkədən buraxılmamasının səbəbi onun üzərində cinayət işinin olmasıdır. Blogger sabiq deputatın əlindəki çoxsaylı kompromatların da bu qaçışın qarşısının alınmasında rol oynadığını dedi: “Əhmədova əlində nə qədər kompromat varsa, onları ölkədən çıxarıb. Dövlət onunla bacarmır. Çünki o da əlindəki faktları açıqlaya bilər. Hökumət də bilir ki, o, əlindəki kompromat xarakterli videoları Rusiya, Şimali Kipr, Türkiyə və Çexiyaya yollayıb. Ona görə də özünü burada saxlamaq istəyirlər ki, hər şey nəzarətdən çıxmasın”.
E.Məcidli dedi ki, E.Abdullayev yeni videolarını yayımlamağa davam edəcək. Onun sözlərinə görə, sabiq rektor öncə bu məsələ ilə bağlı iddialarını səsləndirib, ardınca isə sübut kimi ortaya videolar qoyub: “Deyirlər Sevinc Babayeva ciddi fiqur deyil, onun sözü əhəmiyyət daşımır. Əgər zəifdirsə, niyə bu vaxta qədər saxlanmır? Niyə onu tutub istintaqa təhvil vermirlər?”
“Gülər Əhmədovanın həbs edilməsi ilə bağlı bəzi KİV-də yayılan informasiyalar həqiqəti əks etdirmir və tərəfimizdən təkzib olunur”. Bunu “Yeni Müsavat”a açıqlamasında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib.
Daxili İşlər Nazirliyi ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Sadiq Gözəlov isə qəzetimizə açıqlamasında dedi ki, bu cinayət işi Baş Prokurorluğun nəzarəti altındadır və DİN-də bununla bağlı hər hansı məlumat yoxdur.
YAP icra katibinin müavini Siyavuş Novruzov isə “Yeni Müsavat”a açıqlamasında G.Əhmədovanın taleyi haqda danışdı. Onun sözlərinə görə, G.Əhmədovanın YAP-dan çıxarılmasının ikinci video ilə hər hansı əlaqəsi yoxdur: “O zaman demişdik ki, rayon təşkilatının sədri Fikrət İsmayılov səhhəti ilə bağlı müalicə olunur. Müalicədən qayıtdı. O vaxt bizim partiyanın yubileyi ərəfəsinə təsadüf edirdi. Yubiley tədbirlərindən sonra addım atıldı. Bunun video və digər məsələlərə aidiyyəti yoxdur. Əslində o videoda da heç bir məsələ yoxdur. Üç nəfər oturub, bilərəkdən, planlaşdırılmış şəkildə bir məsələni müzakirə edib. Bu məsələnin heç bir hüquqi əsası da yoxdur. Çünki Elşad Abdullayev bilirdi ki, orada çəkiliş gedir. Ona görə də istənilən adamın adını çəkə bilərdi. O, heç bir hüquqi fakt ortaya qoymur. Onunla söhbət edən digər dələduz isə - hüquq-mühafizə orqanları onun statusunu müəyyənləşdirəcək - qəsdən, yalandan adlar çəkir, heç bir sübutu olmadan iddialar səsləndirir. Ortada heç bir maddi sübut yoxdur. Pul verilibsə, onun çatdırılması, bunun lentə yazılması və digər detallar yoxdur. İstənilən şəxsin də adını çəkmək olar. Otağında çəkiliş aparırsansa, istənilən dostunu çağırıb guya kiməsə rüşvət verməyinlə bağlı danışa bilərsən. Bunun adı nə vaxtdan fakt olub? Ortada sübut olunmayan söhbətlər gedir”.
“Gülər Əhmədova həbs olunsa, onu müdafiə edəcəksinizmi”, sualına cavabda isə S.Novruzov dedi ki, bu cinayət işi hüquq-mühafizə orqanları tərəfindən aparılır: “Əgər həbs-qətimkan tədbiri seçiləcəksə, bu, qanun çərçivəsində olmalıdır. Amma sırf keçmiş YAP-çı olduğu üçün onu müdafiə etməyəcəyik. İstintaqında hər hansı qanun pozuntusu baş versə, buna münasibət bildirərik. Əgər cinayət törətmədiyi halda onu ittiham edərlərsə, o zaman partiyanın gücündən istifadə edə bilər”.
musavat.com