Elşad Abdullayevin yaydığı video ilə bağlı rəsmi mövqe isə bildirilmədi
ərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin yaydığı son video ölkədə şok effekti yaradıb. Sabiq deputat Gülər Əhmədova ilə əlbir olan Sevinc Babayevanın E.Abdullayevlə etdiyi bir neçə söhbətin videosundan ibarət kadrlarda kifayət qədər ciddi fiqurların adı çəkilib, onlara ittihamlar ünvanlanıb.
Xatırladaq ki, S.Babayeva E.Abdulayevdən aldığı 1 milyon dollar rüşvəti Prezident Administrasiyasının rəhbərinə verdiyini söyləyib. Bundan başqa, G.Əhmədovanın öz dairəsində rəqibi Eldar Namazova qalib gəlmək üçün xeyli oyunlar oynadığını, eləcə də E.Abdullayevin rəqibi Arzu Səmədbəylinin Bakı meri Hacıbala Abutalıbov tərəfindən prezidentə tapşırıldığını, A.Səmədbəylinin seçkidən uzaqlaşdırılması üçün İqbal adlı şəxsin vasitəçiliyi ilə ona rüşvət verilməsinin mümkünlüyünü bildirib. Bütün ittihamlar, söylənənlər ortadadır və biz də sözügedən videoda adı çəkilən şəxsləri danışdırdıq.
Eldar Namazov: “Məsələni kəskin qoyublar ki, nə qədər biabırçılıq da olsa, onun mandatını ləğv etməliyik”
Ziyalılar Forumunun rəhbərlərindən olan Eldar Namazov “Yeni Müsavat”a açıqlamasında dedi ki, əslində 2005-ci ildə G.Əhmədova ilə rəqib olduğu dairədə vəziyyət təsvir olunandan da gərgin olub. Onun sözlərinə görə, seçkinin keçirildiyi elə bir məntəqə olmayıb ki, ora hücum olmasın: “İlkin protokollar gələndə bəlli oldu ki, kim qalib olub. Bizim nümayəndələrə qarşı naməlum şəxslər tərəfindən çoxsaylı hücumlar da oldu. Bəzi adamlara bıçaq çəkiblər, polis onları məntəqələrdən uzaqlaşdırıb. Ancaq bizim komandamızda işləyənlər çox mərd insanlar idi. Əhali arasında böyük dəstəyimiz vardı. Ona görə də bütün şiddətli hücumlara baxmayaraq 29 məntəqənin yalnız 4-də hakimiyyətin silahlı dəstələrinin köməkliyi ilə protokolları oğurlayıb qaça bilmişdilər. 29 məntəqənin 25-nin möhürlü protokollarını bizim nümayəndələrimiz bütün axşam baş verən toqquşma və mübarizədən sonra gəlib bizim qərargaha təhvil verdilər. Ona görə də bizə qarşı keçirilən hərb əməliyyatı seçkini saxtalaşdırmaq üçün nəticə vermədi. Ondan sonra DSK-da daha üç nəticə ləğv olundu”.
Müsahibimiz dedi ki, G.Əhmədovanın seçki günü etdiyi saxtakarlıqlarla bağlı onlarda məlumat olub. Onun sözlərinə görə, Dairə Seçki Komissiyasında keçirilən təcili toplantı zamanı bir plan qurulmuşdu: “5 nəfərin imzası ilə guya onlara pul verməyim və mənim seçkidən uzaqlaşdırılmağım barədə qərar çıxardılar. 5 ərizədən 3-nün bu seçkilərdə mənim dairəmdən yox, başqa dairədən olan adamların adına yazıldığı məlum olanda isə qərar ləğv olundu. Möhürlü protokolları ilə Prezident Aparatına getdilər. Orda da mübahisələr getdi. Birinci gün qərar ondan ibarət idi ki, Eldarın qarşısını ala bilməmisizsə, ATƏT və ABŞ da buna istinad edərək rəsmi tələb qoyubsa, onu məcburən parlamentə buraxmaq olar. Səhəri gün ikinci müşavirə olub. O zaman Prezident Aparatı rəhbərliyində məsələni kəskin qoyublar ki, nə qədər biabırçılıq da olsa, onun mandatını ləğv etməliyik. Bu, polis və nümayəndələrə qarşı zorakılıqlar, 6 məntəqənin nəticələrinin ləğv olunması, ikigünlük müşavirələrdən məlumatımız var idi”.
E.Namazov dedi ki, bu video yazı da, Avropa Məhkəməsi də onların qələbəsini sübut edib.
Arzu Səmədbəyli: “Mən öz gerçək qələbəmlə mandat qazanmışam”
Videoda adı hallandırılan başqa bir siyasətçi - Müsavat Partiyasının Məclis sədri, E.Abdullayevin keçmiş rəqibi Arzu Səmədbəyli isə söylədi ki, bu video da daha öncə onunla bağlı söylənən yalanların davamıdır. Müsahibimizin dediyinə görə, bundan əvvəlki videoda E.Abdullayev onunla bağlı söylədiyi bəzi sözlərdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə istinad etmişdi: “İndi isə bəlli olur ki, ona bu sözləri Sevinc Babayeva deyib. Sevinc adlı qadın isə guya ki, Hacıbala Abutalıbovla İlham Əliyev arasında baş tutan söhbətdən danışır, kimə istinadla dediyi isə bilinmir. Hətta Elşad qayıdır ki, "Arzu Səmədbəyli necə Elçibəyin yadigarıdır ki, bütün gün hökuməti tənqid edir, prezidentin istefasını qoyur".(gülür) O video hər şeyi deyir. Gerçək olan budur ki, mən qələbə çalmışam. Bu barədə də geniş danışılıb, müsahibələr vermişəm. Bu məsələ ilə bağlı aydın olmayan məqam yoxdur. Bu Elşad israrla guya mandatı uğrunda mübarizə apardığını, Arzu Səmədbəylinin onun haqqını yediyini deyirdi. Ordakı mənzərədən görünür ki, mandat üçün bazarlıq edilir. Gözəl məqamlar odur ki, onlar orada protokolları necə saxtalaşdırdıqlarını, telekanallara necə rüşvət verdiklərini, pulları necə saydıqlarını... açıq-aydın deyirlər".
A.Səmədbəyli onu da dedi ki, videoda S.Babayevanın E.Abdullayevi aldatmaq üçün dediyi daha bir yalan ortaya çıxıb. Müsahibimizin sözlərinə görə, sözügedən qadın videoda guya İqbal Ağazadə vasitəsilə ona pul veriləcəyini demişdi: “Bizim İqbal Ağazadə ilə münasibətlərimiz o səviyyədə olmayıb.
Ümumiyyətlə, bununla bağlı heç kimlə söhbətimiz olmayıb. Mən öz gerçək qələbəmlə mandat qazanmışam. Bunların arasında olan pul haqq-hesabına isə heç bir aidiyyatım yoxdur. Burdan bütün mənzərə aydın olur. Bu videolar bu hakimiyyətin ifşası üçün çox gərəklidir. Hələ bundan sonra yeni-yeni videolar çıxacaq. Heç bir şeydən əndişəm yoxdur. Qalib gəlmişəm və 5 il ən aktiv millət vəkili olmuşam”.
Müsahibimiz heç kimin ona geri çəkilmək üçün pul təklif etmədiyini söylədi. Onun sözlərinə görə, ümumiyyətlə, bu haqda heç bir söhbət olmayıb: “Mənə heç kim o təklifi edə bilməz.
Mən öz haqqımı heç kimə vermərəm".
İqbal Ağazadə: “Arzu ilə İqbalın 2005-ci ildəki münasibətlərinə diqqət yetirsələr, hər şey onlar üçün aydınlaşar”
Deputat İqbal Ağazadə də videodakı xırda bir epizodda adı keçdiyi üçün suallarımıza cavab verdi. Xatırladaq ki, S.Babayeva “İqbal” adlı şəxsin A.Səmədbəyliyə pul çatdıracağını, ona istinadla A.Səmədbəylinin işinin Hacıbala Abutalıbov tərəfindən həll olunacağını deyib: “Əvvəla, onu qeyd edim ki, burda olan adamların heç biri ilə bu məsələ ilə bağlı heç bir müzakirəm olmayıb. Həmin adamlardan da xahiş edirəm: mənimlə bağlı bircə dənə faktları varsa, mətbuata ötürsünlər. Buna inanmaq istəyən adamlar Arzu ilə İqbalın 2005-ci ildəki münasibətlərinə diqqət yetirsələr, hər şey onlar üçün aydınlaşar. Arzu Səmədbəylinin qardaşı Aqil Səmədbəyli həmin vaxt "Azadlıq" blokundan mənim alternativim idi. Yəni mən o qədər düşüncəsiz oldum ki, alternartivim olan şəxsin qardaşı ilə belə qeyri-qanuni və absurd bir məsələni müzakirə etdim? Burda söhbət ondan gedir ki, həmin qadın yalanları qarşı tərəfə inandırmaq üçün adamların adını çəkir. Nə dərəcədə məntiqidir, gerçəklikdir?"
Müsahibimizə E.Abdullayevin nümayəndəsi Elnur Məcidlinin “videoda haqqında danışılan İqbal məhz İqbal Ağazadədir” açıqlamasını da xatırladırıq: “Nəylə? Video varsa, fakt varsa, ortaya qoysunlar. Elnurun açıqlamasına görə Gülər Əhmədova ilə normal münasibətlərə görə belə çıxır ki, mənim üstümə belə şər atmaq olar? Sabah da iddia etsinlər ki, "Mərkəz" qəzetini, Uşaq Təşkilatını mən idarə edirdim. Bəlkə parlamentdə də onun çıxışlarının tezislərini mən verirdim? Kiminsə kimləsə yaxınlığı onun qərarlarında iştirak etmək anlamına gəlmir. Mən “Yeni Müsavat” qəzetinin baş redaktoru ilə də dostam. Bu, o deməkdir ki, qəzetə də manşetləri mən verirəm? Dostlarım Hacı İlqarın, Pənah Hüseynin əvəzinə qərarları mən verirəm? Belə yanaşma olar? Adamlar bir az korrekt davranmalıdır. Bu, onsuz da kövrək olan münasibətlər sistemini bir az da zədələyir. Bizim bu gün münasibət zədələmədən daha çox birliyə ehtiyacımız var. Ölkənin bütün iqballarının məsuliyyəti mənim üzərimdədirsə, onda ölkədəki isaların, əlilərin məsuliyyəti kimin üzərindədir?"
Gün ərzində əməkdaşımız dəfələrlə G.Əhmədova ilə əlaqə yaratmaq istəsə də, eks-deputatın telefonu bağlı idi.
musavat.com