Medianews.az
ŞAHMAT LÖVHƏSİNDƏKİ AZƏRBAYCAN
179 baxış

ŞAHMAT LÖVHƏSİNDƏKİ AZƏRBAYCAN

İqtidarın barışmaz qruplaşmaları “centlmen sazişi” imzaladı; “Naxçıvan qruplaşması”na kart-blanş verildi; müxalifət vahid mövqe sərgiləyə biləcəkmi?

Dövlət başçısı İlham Əliyevin son sərəncamı hakimiyyətdaxili münasibətlərə əhəmiyyətli dərəcədə aydınlıq gətirdi. Prezident öz administrasiyasında, öz ətrafında mühüm qala qurdu. Yeni təyinatda adı keçən 5 nəfərin hər birinin “Naxçıvan qruplaşması”na daxil olması təhlil üçün əsas verir. Təyinatda adı çəkilən şəxslər arasında diqqəti daha çox çəkən paytaxt polisinin keçmiş rəisi Məhərrəm Əliyevin adının olması və ona general leytenant rütbəsinin verilməsi oldu. Xatırladaq ki, “Yeni Müsavat” qəzetinin 02.11.2012 sayında dərc olunan “İlham Əliyev generalları Bakıya niyə yığır”, - adlı məqalədə bildirmişdik ki, böhran keçirən hakimiyyət vəziyyəti dəyişməyə cəhd edir, Məhərrəm Əliyevə, digər “vurulmuş” generallara yenidən “stavka” oluna bilər.

Habelə, qeyd etmişdik ki, dekabrdan başlayaraq hakimiyyət dəhlizlərində önəmli rotasiyalar gözlənilir. Proqnozlar özünü doğrultdu.  Struktur dəyişikliklərinin və hakim elitanın Heydər Əliyev komandasında yüksək post tutmuş məmurların hesabına gücləndirmək prosesinin davam  edəcəyi ehtimal olunur.

 


Bir sözlə, iqtidar şahmat termini ilə desək, “Armaqeddon” gedişlərinə üstünlük verir, çox qısa zaman kəsiyində yalnız qələbə gətirə biləcək addımlar atmaq istəyir. Bunlar effekt verə biləcəkmi? Vurğulayaq ki, “daimi şah” vəziyyəti ilə üzləşən iqtidar üçün hazırda hər hansı bir yanlışlıq oyunun sonu demək olardı.

 


Nəzərə alsaq ki, vəziyyəti dramatikləşdirən daha çox xarici amillərdir, hakimiyyətin vəziyyətinin hələ də ürək açan olmadığı qənaətinə gələ bilərik. İstənilən halda, dövlət başçısının son sərəncamının seçkiyə hesablandığını əminliklə söyləmək mümkündür. Artıq iqtidar qeyri-müəyyənlikdən xilas olmağa və cəmiyyətə, dünyaya seçkiqabağı mövqeyi ilə bağlı açıq mesajlar verməyə başlayır


Bu təyinatlar ilk növbədə onu göstərir ki, “aralıq prezident” ideyası, “Rusiya variantı” keçərli deyil. Ötən məqalələrdə də vurğuladığımız kimi, bu addım siyasi sistemin tam çöküşü ilə sonuclana bilər.

Artıq iqtidarın prezidentliyə eyni namizədlə çıxış edəcəyi ehtimalı xeyli dərəcədə böyüdü. İqtidarın əsas dayağı olan “Naxçıvan qruplaşması”na kart-blanş verildi. Həmçinin,  general leytenant M. Əliyev kimi iriçaplı fiqurlarla qruplaşma daha da gücləndirildi.

 


Prezident Administrasiyasının rəhbərinin müavinlərinin də məhz naxçıvanlılar olması bu postda gələcəkdə də eyni bölgənin təmsilçisinin əyləşəcəyi ehtimalını gücləndirdi.

 


Xüsusi ilə vurğulayaq ki, seçkiyə qədər fors-major vəziyyət yaranmazsa, Ramiz Mehdiyevin öz postunda qalacağı və 2013-ci ildə yenə də əsas simalardan biri olacağı ehtimalları indi daha böyük görünür. Bu isə 2013-cü il seçkilərinə hazırlaşan hər bir siyasi güc mərkəzinə düşünməyə əsas verir.

 


Reallığa söykənməyən təhlillər acı nəticələr verir və son nəticədə yüz minlərlə insan xəyal qırıqlığına uğrayır.  Odur ki, baş verənlərin soyuqqanlı təhlilə ehtiyacı yaranıb. Yalnız dəqiq, nisbi xətalara belə yol vermədən təhlillər çıxış yolları göstərmək və reseptlər üçün faydalı ola bilər.

 


Yeni təyinatların maraqlı, diqqət yetirilməyən tərəflərindən biri də  razılaşdırılmış siyahının olmasından ibarətdir. R.Mehdiyevin müavinlərinin tərkibinə diqqət etsək, bu şəxslərin Paşayevlərlə də normal münasibətinin olduğunu görə bilərik. Bir sözlə, Paşayevlərin nümayəndəsinin prezidentliyə namizəd olacağı barədə ehtimallar artıq aradan qalxır. Bu qruplaşma ilə “Naxçıvan klanı” arasında bir centlmen sazişinin imzalandığı açıq aydın görünür. Hakimiyyətin iki əsas qruplaşması İ.Əliyev ətrafında birləşməklə, iqtidarın parçalanmasının gətirə biləcəyi zərərləri indidən aradan qaldırmaq niyyəti güdürlər.

 


Ehtimal edə bilərik ki, yaxın zamanlarda yuxarıda da qeyd etdiyimiz kimi, H.Əliyev komandasının digər veteranlarına da “yaşıl işıq” yandırılacaq. Eyni zamanda,

 


“Naxçıvan qruplaşması”nın hakimiyyətdəki digər rəqiblərinin sıradan çıxarılması, əvəzlənməsi prosesi daha sürətlə gedəcək. Kadr dəyişikliyi artıq qaçılmaz hal alıb.

 


Bir sözlə, dövlət başçısı iki nəhəng qruplaşmanı - “Naxçıvan və Paşayevlər” qruplaşmalarını barışdıra, maraqlar sahələrini ağrısız bölüşdürməyə nail ola bildi. Növbəti gedişlərdə isə “Qərbi Azərbaycan” qruplaşmasına əlavə güzəşt və imtiyazların verilməsi gözlənilir.

 


Hakimiyyət seçkiyə demək olar ki, eyni komanda ilə gedir və iqtidardaxili mərkəzdənqaçma  tendensiyalarına son verməyə cəhdlər edir. Bütün bunlar onu deməyə əsas verir ki, İ.Əliyevin üçüncü prezidentliyi iqtidar üçün kompromissiz məsələdir və bu mövqeyindən hakimiyyət geri çəkilməyə hazırlaşmır. Bu isə rəsmi Bakını taqətdən salan beynəlxalq təzyiqlərin daha da artacağı ehtimalını çoxaldır. Nəzərə alsaq ki, Azərbaycan kimi ölkələrdə məsələni daha çox xarici amillər həll edir, iqtidarın bu təzyiqlərə nə qədər duruş gətirə biləcəyi barədə düşünmək lazım gəlir.

 


Hərtərəfli təzyiqlərin artdığı, bütün qapıların üzünə bağlandığı bir şəraitdə seçkiyə getmək, beynəlxalq və yerli ictimai rəyi nəzərə almamaq ciddi problemlərin xəbərçisidir. Bu baxımdan, iqtidar rəsmi Bakıya edilən təzyiqlədən heç olmasa bəzilərini dəf etməyə məhkumdur.

 


Rusiya, Qərb, İran arasında manevrlər edən hakimiyyət tərəflərdən birinin çətiri altına keçməyə və hətta ən ağır şərtləri qəbul etməyə məcburdur.

 


Burada bir məsələyə də diqqət yetirmək lazım gəlir.

 


Xarici amilləri öz xeyrinə yönəldə bilmək və ictimai dəstəyi əldə etmək üçün müxalifətin eyni proqramla, eyni komanda ilə və liderlə seçkiyə qatılması yenidən aktual mahiyyət kəsb edir. Nəzərə alsaq ki, ölkədə ictimai fəallıq son dərəcə aşağıdır, yalnız birgə addımlarla protest elektoratının mobilizə olunmasına və tərəddüd edən çoxsaylı təbəqənin birliyinə nail olmaq mümkündür.

 


İqtidar düşərgəsindəki barışmaz tərəflər seçki naminə birləşə bildi. Müxalifət də eyni addımları ata  biləcəkmi?

 

musavat.com

Bizə qoşulun