Medianews.az
Deputat imkanlı adamlara irad tutdu
143 baxış

Deputat imkanlı adamlara irad tutdu

Hadi Rəcəbli: «İmkanlı valideynlər sürücülüyü bacarmaya-bacarmaya, pul verib övladına maşın alır»
 
«Ömrümdə bir dəfə olsun oğlanlarıma, kürəkənlərimə görə yol polisinə zəng etməmişəm»
 
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Azərbaycanda baş verən yol qəzalarında insanların həyatını itirməsi, yol mədəniyyəti və qəzaların sayının artması ilə bağlı narahatlığını dilə gətirib. Deputat deyir ki, bu gün ən ciddi məsələlərdən biri sürücülük mədəniyyətinin son dərəcədə aşağı olmasıdır: «Bəzən lap elə gudurğanlıqdandır. Digər səbəbləri də demək istəyirəm. Azərbaycanda sosial rifahın yaxşılaşmasından maşınların sayı son illər kəskin surətdə artıb. Statistikaya əsasən, 1980-ci ilə qədər olan və hələ də işlək vəziyyətə malik avtomobillərin sayı 103 mindir. Təxminən 225 min avtomobil 80-90-ci illərin buraxılışı dövriyyədə olan maşınlardır. 311 min avtomobil 1990-2001-ci illərin maşınlarıdır. 140 min avtomobil də 2001-2005-ci illərdə buraxılan və dövriyyədə olanlardır. Hələ 2005-ci ildən 2011-ci ilə qədər  olanların  sayı əvvəlki illərlə müqayisədə daha çoxdur, yəni, 245 min. Üst-üstə götürəndə, təxminən 1 milyon 100 min avtomobil edir, hələ bir az da cox. Bir sözlə, avtomobillərin sayı fantastik olaraq çoxalır, yollar düzəlir, sürət artır və demək, burada sürücülük mədəniyyətinin son dərəcə yüksək olması tələb olunur. Bizdə nə qədər belə hadisələrə rast gəlmək olur ki, məhz içkili vəziyyətdə, sürətli idarəetmə zamanı törədilib. Belə hallar saysız-hesabsızdır. Mən dünyanın bir sıra ölkələrinin təcrübəsi ilə tanışam. Məsələn, Türkmənistanda və bəzi başqa ölkələrdə içkili vəziyyətdə avtomobili idarə edən və dəfələrlə qaydanı pozan vəzifəli şəxslərin övladlarının hərəkətlərinə görə onların valideynlərinə sərt cəza tətbiq olunur. Bu gün orada, həmin ölkələrdə valideyn məsuliyyəti kəskinliklə ortaya qoyulur. Məni bəlkə də ən çox dəhşətə gətirən odur ki, sürücülüyü bacarmaya-bacarmaya, imkanlı valideynlər pul verib, övladına maşın alırlar, sürücülük vəsiqəsi olmadan maşın sürməyə icazə verirlər. Yəni, belə demək mümkünsə, özünü bilə-bilə təhlükəyə atsın, öldürsün, ölsün və sair».
Komitə sədrinin fikrincə, belə olan halda, burada azyaşlı uşaqlar məsələsi, valideyn, cəmiyyət məsuliyyəti məsələsi gündəmə gətirilməlidir: «İndiyədək kimsə eşidibmi ki, Hadi müəllimin oğlanları və ya kürəkənləri haçansa yol-hərəkəti qaydalarını pozsunlar? Mənim uşaqlarım, kürəkənlərim də bilirlər ki, belə bir hal olarsa, heç zaman polisə ağız açmaram. Mən ömrümdə bir dəfə olsun belə, oğlanlarıma, kürəkənlərimə görə yol polisinə zəng etməmişəm, hansısa xahişdə bulunmasmışam. Onlar xasiyyətimi gözəl bilirlər və bilirlər ki, mən belə şeyləri xoşlamıram. Calışırlar ki, heç zaman da yol-hərəkəti qaydası pozuntusuna yol verməsinlər. Hər iki oğlum sükanın arxasında əyləşərkən ilk olaraq təhlükəsizlik kəmərini bağlayırlar. Mən özüm də maşında qabaqda əyləşəndə təhlükəsizlik kəmərini mütləq bağlayıram. Başqa cür də ola bilməz. Hər kəs belə etməlidir. Burada tərəddüd ola bilməz. Demək istəyirəm ki, gəlin bu nümunəni biz özümüz ilk növbədə göstərək. Bu nümunəni bizim digər vəzifəli, imkanlı adamlar, onların övladları, cəmiyyətdə söz, nüfuz sahibi olan insanlar, ziyalılar, ağsaqqallar göstərsinlər, başa salsınlar ki, bu məsələdə çox şey insanların, vətəndaşın özündən, onun öz məsuliyyətini dərk etməsindən, sürücülük mədəniyyətinə son dərəcə mükəmməl yiyələnməsindən asılıdır. 2012-ci ilin 6 ayı ərzində 406 nəfər həlak olub, 1361 nəfər yaralanıb, əlil olub və sair. Məgər bunlar bizə lazımdır? Hesab edirəm ki, məktəblərdə uşaqlara keçid qaydalarını daha dərindən öyrətmək lazımdır və artıq görürəm ki, yol polisi əməkdaşları bu işi görməkdədirlər».
Hadi Rəcəbli təklif edir ki, bu məsələyə nüfuzlu ictimai birlikləri cəlb etmək yaxşı nəticə verə bilər: «Hamısını cəlb etsək, bunun effekti olmaz. Dünyada avtomobil həvəskarları cəmiyyətləri geniş fəaliyyət göstərirlər. Maraqlı təcrübələr mövcuddur. Bəlkə elə yol polisi idarəsinin patronajlığı ilə bizdə də belə QHT-lər yaransın. Məsələn, Azərbaycanın gənc estrada ulduzu, “Eurovision” qalibi Nigar Camal Sankt-Peterburqda təhlükəsizlik kəmərindən istifadə ilə bağlı klip çəkdirib və  tez-tez efirlərdə getməkdədir. İstərdim ki, bizim özümüzdə də bu cür kliplər, videocarxlar daha cox çəkilsin və insanlara nümayiş etdirilsin. Bu yöndə verilişlər var, yollarda yaranan tıxaclar göstərilir. Amma görünür ki, bunlar yetərli deyil, azdır. İctimai qınaq daha çox olmalıdır. Gəlin bu gün yol polisi əməkdaşlarından əl çəkək, dönüb bir özümüzə baxaq, öz hərəkətlərimizə qiymət verək. Bu gün belə bir stereotipi sındırmaq istəyitrəm ki, artıq baş verən hər hadisəyə görə yol polisi əməkdaşlarını, nəqliyyat sferasını ittiham etməkdən əl çəkək. Parlamentin Sosial siyasət komitəsi olaraq yol-qəza hadisələrindən söz düşərkən yol polisini yox, vətəndaşı günahlandıraq və DYP-ni bir günahlandıranda, vətəndaşı, özümüzü beşqat günahlandıraq. Yol polisinin ünvanına bir kəskin söz deyəndə, valideynin ünvanına on dəfə artığını deyək. Əgər belə olmasa, daha pis olacaq. Deyirlər maşında telefonla danışmaq olmaz. Amma görün nə qədər adam maşın idarə edərkən telefonla danışır, hətta mesajlaşır və sair. Bunlar da nəticə etibarı ilə yol-qəza hadisələrinn kəskin surətdə çoxalması ilə nəticələnir. Bu məsələdə ən effektli istiqamət ictimai qınağın artırılması və sürücülük mədəniyyətinin yüksəldilməsi məsələsidir. Gəlin bu yolda birləşək, inzibati orqanlara yaxından kömək edək».

publika.az

Bizə qoşulun