Məhərrəm ayının başlaması ilə əlaqədar ölkədə toy, nişan və kütləvi əyləncə tədbirlərinin müvəqqəti dayandırılması xidmət sektorunda çalışan yüzlərlə sahibkarı və fərdi fəaliyyət göstərən şəxsi ciddi sınaq qarşısında qoyub. İllərdir formalaşan bu ənənəvi durğunluq dövrü şadlıq saraylarından tutmuş musiqiçilərə, gəlinlik salonlarından foto-video studiyalarına qədər geniş sahənin gəlirlərinin kəskin şəkildə azalmasına səbəb olur.
Məsələ ilə bağlı danışan iqtisadçı Razi Abbasbəyli bildirib ki, Məhərrəmlik ayının xüsusilə yay mövsümünə təsadüf etməsi həm xidmət sektoruna, həm də ərzaq bazarına müəyyən mənfi təsirlər göstərir:
“Bu dövrdə iqtisadi baxımdan zəncirvari geriləmə prosesi müşahidə olunur. Çünki toyların və müxtəlif şənliklərin keçirilməməsi ərzaq məhsullarına, xüsusilə kənd təsərrüfatı məhsullarına olan tələbatın azalmasına səbəb olur. Eyni zamanda qızıl bazarında passivlik yaranır, alıcı sayı azalır. Bununla yanaşı, bərbərxanalar, gözəllik salonları, gəlinlik və kirayə geyim mağazalarında da durğunluq müşahidə edilir. Restoran və şadlıq saraylarının fəaliyyətindəki geriləmə isə nəticə etibarilə şərabçılıq və digər əlaqəli sahələrə də təsir göstərir. Bütün bunlar zəncirvari şəkildə ölkə iqtisadiyyatına təsir edir. Xüsusilə yay aylarında, turizm mövsümünün canlandığı dövrdə uzunmüddətli dini mərasimlərin keçirilməsi bir sıra xidmət sahələrində gəlirlərin azalmasına gətirib çıxarır”.
O qeyd edib ki, əhalinin daha aktiv və eyni zamanda daha az təminatlı hissəsinin böyük bir qismi məhz xidmət sektorunda çalışır:
“Şadlıq saraylarının fəaliyyətinin zəifləməsi qabyuyanların, ofisiantların, foto və video çəkilişi ilə məşğul olan şəxslərin, musiqiçilərin, müğənnilərin və digər xidmət sahəsi əməkdaşlarının gəlirlərinə birbaşa təsir göstərir. Paralel olaraq avto-kirayə sektorunda da geriləmə müşahidə olunur. Bu proses aqrar sektordan başlayaraq yüngül sənayeyə, qızıl bazarına və ümumilikdə xidmət sektoruna qədər geniş sahələri əhatə edir. Xüsusilə yay mövsümündə təxminən 60 günə yaxın davam edən belə bir mərhələnin iqtisadi aktivliyə mənfi təsir göstərdiyi bildirilir. Məhərrəmlik əsrlərdir davam edən dini və milli ənənənin hissəsidir və cəmiyyətin böyük hissəsi tərəfindən həssas şəkildə qəbul olunur. Bu səbəbdən məsələyə yalnız iqtisadi deyil, sosial və dini aspektdən də yanaşmaq vacibdir. Mövzu ətrafında ictimai müzakirələrin aparılması və müəyyən maarifləndirmə işlərinin görülməsi faydalı ola bilər. Xüsusilə dini mərasimlərin müddəti və iqtisadi təsirləri ilə bağlı din xadimlərinin, iqtisadçıların və ictimaiyyət nümayəndələrinin ortaq müzakirəsi cəmiyyət üçün daha balanslı yanaşmanın formalaşmasına kömək edə bilər”. /Demokrat.az/