Medianews.az
Z nəslinin
69 baxış

Z nəslinin iki variantı

Yeni bir nəsil əmələ gəlib, istəyirsiniz, adına Z nəsli deyək, çünki çox zay nəsildir.

Baxıram, 12-13 yaşında uşaqlardır, supermarketin yeraltı dayanacağında bir küncdə durublar. Hamısının da velosipedi var. Örtülü və geniş yer olduğuna görə onlar velosipedlərini burada o başa-bu başa sürürlər. Bu dayanacaqda, demək olar ki, ən çox 4-5 maşın olur. Əvvəllər maşın əlindən dayanacağa girmək olmurdu, ətraf məhəllərinin sürücüləri də gətirib avtomobillərini günlərlə burada saxlayırdılar. Axırda supermarket rəhbərliyi haqqın yolunu tapdı, dayanacaqda maşın parkinqinin 1 saatını pulsuz etdi, sonrakı saatları ödənişli. Beləcə, dayanacaq boşaldı, indi dayanacaq alış-verişə gələn 4-5 sürücünün və velosipedçi qaqaşların sərəncamındadır.

İş Yerinde Z Kuşağı Nasıl Yönetilir? | Youthall

Bəli, avtomobili saxlayıram, düşməyə hazırlaşanda uşaqlardan ikisi üstümə şığıyır, qapını açmağa imkan vermir, deyirlər: “Əmi, 1 manat ver”. Sövq-təbii deyirəm: “Niyə?” Biri deyir “Ehtiyacımız var, dönər alacağıq”. O biri “su alacağıq” deyir. Acığım tutur: “Velosipedinizi minin, gedin, 2 dəqiqədən sonra evinizdə yemək də yeyin, su da için. Bu yaşda tanımadığınız adamlara əl açmaq ayıb deyil?” Narazı şəkildə “eee” deyib uzaqlaşırlar.

Nə olacaq bu uşaqların axırı? Bu qədər sırtıqlıq, utanmazlıq olarmı? Heç nədən çəkinmədən, bir damcı abır-həya etmədən, yaxınlaşır, pul tələb edirlər. Bunların valideynlərinin övladlarının hərəkətlərindən xəbəri varmı, görəsən? Bəlkə də qürur duyurlar – “oğlum bu gün marketdə pul qazanıb, özünə yemək alıb, evə də filan şey alıb gətirib” deyə.

Belə uşaqlara əvvəllər də rast gəlmişdim. Ac olduqlarını demişdilər, pul istəmişdilər, mən pulu onlara yox, yaxınlıqdakı dönərçiyə vermişdim, demişdim, hərəsinə bir dönər ver, yesinlər. Onlar da ta bir söz demədən, dönərlərini alıb, mərifətlə “sağ ol, əmi” deyib qaçmışdılar. İndi dönərə, hamburqerə yiyə duran yoxdur. Şakalara pul lazımdır.

Most of Gen Z Respects Financial Professionals, Not Ready to Hire Them |  PLANADVISER

Bunlar hələ uşaqdır, böyüklərdən pulu sırtıqcaslna irişə-irişə, ərklə istəyirlər (biz o yaşda olanda əmimizdən, dayımızdan pul istəməyə utanardıq, özləri verəndə də götürməzdik), bir azdan sol biləkləri sağ ovuclarına yoğun gələndə ciblərindən bıçaq çıxararaq kiminsə boğazına dirəyəcək, “nəyin varsa, doğ bura” deyəcəklər. Başqa variant yoxdur. 12-13 yaşındaykən küçədə bu cür hərəkət edənlərin 18-20 yaşda ağıllı, qanacaqlı olacağı istisnadır. İndidən müftəxorluğa öyrəşən uşaqlar böyüyəndə zəhmətkeş, pulunu halal yolla qazanan adamlara çevrilməyəcəklər.

İndi kimsə deyə bilər ki, bəlkə doğrudan da kasıb ailələrin uşaqlarıdır və gerçəkdən də acdırlar. Birmənalı olaraq elə deyil. Valideynləri onlara 250-300 manatlıq velosiped alıbsa, demək, o evdə çörək və su olmamış olmaz.

Bu elə bir mövzudur ki, bu yazını oxuyanların, demək olar ki, hamısı bənzər vaqiəyə rast olublar. Əvvəllər elə uşaqlar işıqforlarda maşınların qabağına yüyürüb guya ki, şüşəni təmizləyirdilər, əllərindəki süngəri ön şüşəyə toxunduran kimi yan şüşədən sürücüyə əl açırdılar. Sürücülərin də ikisi şüşəni qaldıranda, biri endirir, pul verirdi. Bir ara çox yayılmışdı, sonra yoxa çıxdılar. Deyəsən, onları yol polisi yığışdırdı, çünki yol hərəkətinə mane olurdular, özlərini təhlükəyə atırdılar.

How Marketers Can Reach Gen Z On Social Media

Söz yox, şəhər həyatı çətindir, xərclər çoxdur, insanlar yaşayış uğrunda mübarizə aparır, hərə bir yerdən 3-5 manat pul qamarlamağa çalışır, ancaq 12-13 yaşlı uşaqların küçələrdə onun-bunun qabağına yüyürərək ərklə “1 manat ver dəə” deyə pul dilənməsi vəziyyətdən çıxış yolu deyil. Valideynin canı çıxmalıdır, dünyaya gətirdiyi uşağın təhsilinin, tərbiyəsinin qayğısına qalmalıdır, daha əkib-doğub, “başlı başını saxlasın” devizi ilə küçəyə buraxmamalıdır.

Bir sözlə, bu gün küçələrdə minlərlə cəmiyyət üçün təhlükə, türmələr üçün kontingent böyüyür. Onlar bir azdan oğru, reket, dələduz olacaqlar, nə qədər təqaüdçünün dərman puluna tamah salacaq, nə qədər qadının çantasını alıb qaçacaqlar, pul verməyən nə qədər adamı ölümcül döyəcəklər.

Biz də təşər-təşər Z nəslindən danışırıq. Düzdür, süni intellektlə əlləşən Z nəsli var, amma onlarla paralel bir zay nəsil də böyüyür, xəbəriniz olsun.

Samir Sarı 

Bizə qoşulun