Dünyanın ən böyük pivə, şərab və spirtli içki istehsalçılarının səhmləri son 4 ildə ümumilikdə 830 milyard dollar bazar dəyərini itirib. “Bloomberg”in 50 şirkəti əhatə edən indeksi isə hazırda 2021-ci ilin iyun ayı ilə müqayisədə 46% aşağıdadır.
Dəyişən içki vərdişləri və artan sağlamlıq narahatlıqları sektorda gəlirləri zəiflədib.
Bu enişə yüksək faiz dərəcələrinin istehlak xərclərinə təsiri və yüksək xammal qiymətləri də əlavə olunub.
Avropanın böyük içki şirkətləri “Diageo”, “Pernod Ricard” və “Rémy Cointreau” səhmlərinin son on ildə ən aşağı səviyyəyə düşdüyünü görüb. Brown-Forman (Jack Daniel’s sahibi) və Avstraliyanın “Treasury Wine Estates” şirkətlərinin səhmlərində də geriləmə müşahidə olunub.
Çinin baijiu istehsalçısı “Kveyçau Moutai”nin səhmləri isə 2021-ci ilin yüksək səviyyəsindən 40%-dən çox aşağı qiymətə ticarət olunur.
Əksər ekspertlər bu azalmanın səbəbini Z nəslinin spirtli içkilərə marağının az olması ilə əlaqələndirirlər.
Bəs Z nəsli spirtli içkilərə niyə bu qədər laqeyddir?
Medianews.az "Yeni Sabah"-a istiba xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan sosioloq Ruslan Səmədov deyir ki,bunun bir sıra səbəbləri var:
“Əsas səbəb odur ki, insanların yaşam tərzi dəyişib. Əvvəlki nəsillər toplanmağa, birgə əylənməyə daha çox maraqlı idi. Belə tədbirlərsə adətən içki məclisləri ilə sonlanırdı. Amma Z nəsli təkliyə daha çox meyillidir. Bütün günü bir kənara çəkilib telefonla və yaxud kompüterlə vaxtlarını keçirirlər. Belə vəziyyətdə onları yüngül içkilər daha çox maraqlı gəlir.
Məsələn, Z nəslində enerji içkilərinə güclü maraq var. Bu içkilər də asılılıq yaratdığı üçün spirtli içkilər yada düşmür. Bundan əlavə spirtli içkiləri adətən bir və yaxud bir neçə adamla içirlər. Bu da həm vaxt, həm də artıq maddiyyət tələb edir. Ona görə də indiki gənclik həm xərcdən, həm də vaxt itkisindən qaçmaq üçün enerji içkiləri ilə təbii ehtiyaclarını ödəyirlər”.
Müsahibimiz bu məsələdə reklamın da böyük rola sahib olduğunu deyib:
“Tünd spirtli içkilərin reklamı əksər ölkələrdə qadağandır. Enerji içkiləri isə harada gəldi- efirdə, küçələrdə və internet resurslarında reklam olunur. Gənclər də daha çox reklam olunanlarla meyl edirlər. Əgər araq, konyak və digər tünd spirtli içkilər də enerji içkiləri qədər reklam olunsa idi, əminəm ki, mənzərə indi başqa cür ola bilərdi. Yəni reklam istər-istəməz həyat tərzimizə, seçimimizə birbaşa təsir göstərir”.